Mirşahin bu dəfə nazirlərə söz atdı - VİDEO

Mirşahin bu dəfə nazirlərə söz atdı - VİDEO
  22 Sentyabr 2014    Oxunub:5554
Bəzi hökumət üzvlərinə, bir sıra nazirlərə elə gəlir ki, bununla senzura qayıdacaq. Onlar artıq mətbuat və medianın suallarını rədd edir, qulaqardına vururlar.
ANS-in vitse-prezidenti Mirşahin Ağayev müəllifi olduğu "Hesabat" verilişində son dövrlər cəbhədə baş verən hadisələr və bunun fonundakı informasiya siyasəti barədə fikirlərini bildirib. O, bir sıra məmurların fəaliyyətini də tənqid edib.

"Hesabat"ın həmin buraxılışını təqdim edirik:

-Xeyli vaxtdır ki, görüşmürük. Bu müddətdə çox şey baş verib, necə deyərlər, çoxlu sular, qanlar axıb.

Qan demişkən, avqustun 18-də cəbhədə baş verənlər bir dövlət olaraq güclü, bir vətəndaş olaraq isə həm də zəif yerlərimizi göstərdi. Əsgərlərimiz xalqımız üçün ölməyə hazır olduqlarını nümayiş etdirdilər, amma xalqımız, daha doğrusu, onun ayrı-ayrı nümayəndələri bu ölümə hazır olmadılar.

20 illik atəşkəsin keyitdiyi bir sıra kütləvi informasiya vasitələri isə ümumiyyətlə çaşdılar. Kimsə ümummilli matəm elan etməyə çağırdı, kimsə də müdafiə nazirini istefaya... Hətta o da yaddan çıxdı ki, Azərbaycan müharibə aparan ölkədir və o, öz bütövlüyünü yapışqanla yox, qanla bərpa etməlidir.

Elə bu səbəbdəndir ki, ANS hərbi əməliyyatlar, cəbhə xəbərləri və cəbhə yanı məlumatların yayılmasındakı pintiliyin qarşısını almağa çağırdı. "Hərbi xəbəri vermək olmaz, yasaq" cümləsində vergülün yerini axtarmağı təklif etdi.

Qəsdən və ya bilməzlikdən düşmən kəşfiyyatına işləyənləri ayıq-sayıq olmağa dəvət elədi. İndi hamılıqla Milli Məclisin sessiyasını, qanunvericilərimizin bu sahədə sahman yaradacağı günü gözləyirik. Amma bizimlə bərabər başqa gözləyənlər də var və onlar başqa qütbün fürsətcilləridir.

Bəzi hökumət üzvlərinə, bir sıra nazirlərə elə gəlir ki, bununla senzura qayıdacaq. Onlar artıq mətbuat və medianın suallarını rədd edir, qulaqardına vururlar. Hətta rəsmi şəkildə bildirirlər ki, bundan sonra vəziyyət dəyişib, jurnalistlərə ancaq mətbuat xildmətləri və özü də yalnız lazım biləndə və rəhbərlikləri icazə verəndə cavab verəcəklər.

Əziz belə nazirlərimiz, hörmətli belə komitə sədrlərimiz! Söhbət hərbi xəbərlərdən, cəbhəyanı rayonlarda baş verənlərin işıqlandırılmasından gedir. Biz razıyıq ki, tələb edirik ki, cəbhə xəbərləri, müdafiəmizin təşkili ilə bağlı məlumatlar Müdafiə Nazirliyinin konkret qurumunda təsdiqləndikdən sonra yayılsın.

Amma bu heç də o demək deyil ki, nazirlik və komitələrimiz öz peysərinə qırmızı yasaq birkası yapışdırmalıdır. Unutmayın. Senzura ləğv edilib. Və məhdudiyyətlər yalnız ordu və hərbi təyinatlı xəbərlərin verilməsinə tətbiq edilməlidir. Başqa məhdudiyyəti biz heç kəsə arzulamırıq...




Teqlər:  





Xəbər lenti