Məktəbli forması pulsuz paylanıldı

Məktəbli forması pulsuz paylanıldı
  13 Sentyabr 2014    Oxunub:1981
Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında yeni dərs ili ərəfəsində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və məktəb direktorları ilə görüş keçirilib.
AzVision.az xəbər verir ki, görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, AMEA-nın Gəncə Bölməsinin direktoru akademik Fuad Əliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Gəncə şəhər şöbəsinin sədri Almaz Aşurov, şəhər ümumtəhsil məktəblərinin rəhbərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə N.Həmzəyev açaraq qarşıdan gələn Bilik Günü münasibətilə valideynləri və şagirdləri təbrik edib. Qeyd edib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə dəstək olaraq, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev hər zaman Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yüksək diqqət və qayğı göstərir. Məhz bu gün yeni dərs ili ərəfəsində 375 uşağa Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə məktəbli forması hədiyyə edilməsi də bu qəbildən olan imtiyazlı ailələrə göstərilən xeyirxahlıq missiyalarından biridir.

S.Qurbanəliyeva cənab İlham Əliyevin bütün tapşırıqlarına Gəncədə yüksək səviyyədə əməl olunduğunu, hər bir sahədə ölkə rəhbərinin dəstəyi ilə sürətli inkişaf getdiyini bildirib. Qeyd edib ki, Şəhidlər xiyabanında ucalan əzəmətli monumental kompleks, burada aparılan abadlıq-quruculuq işləri, müalicə məqsədi ilə həmin imtiyazlı şəxslərin sanatoriyalara göndərilməsi, mənzil, torpaq sahələri, maşınlar verilməsi və şəraitlərinin yaxşılaşdırılması, toy mərasimlərinin təşkil edilməsi, işlə təmin olunması, maddi və mənəvi köməklik göstərilməsi, hər bir ailəyə xüsusi diqqət şəhər rəhbərliyinin fəaliyyətində prioritet xarakter daşıyır. Bu humanitar aksiya da müharibə əlilləri və şəhid övladlarında Vətənimizə, dövlətçiliyimizə sevgini daha da artıracaq, uşaqlar onlara göstərilən doğma münasibəti bir daha hiss etmiş olacaqlar.

AMEA-nın Gəncə Bölməsinin akademik katibi F.Əliyev, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Gəncə şəhər şöbəsinin sədri A.Aşurov, şəhər Təhsil İdarəsi metodiki mərkəzinin direktoru Söhrab Hacıyev çıxış edərək ölkə Prezidenti cənab İlham Əliyevə, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təhsilin inkişafına, xoşbəxt gələcəyimiz olan uşaqlara göstərdikləri qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər. Şəhər rəhbərliyinin onları daim diqqətdə saxladığını, arzu və istəklərini mütəmadi olaraq yerinə yetirdiyini, problem və ehtiyaclarının aradan qaldırılmasında yardımçı olduğunu məmnunluqla söyləyiblər.

Sonda məktəbli formaları ehtiyacı olan şagirdlərə paylanması üçün ümumtəhsil məktəblərinin rəhbərlərinə verilib.


Teqlər:





Xəbər lenti