Tovuzda yas qadağası: sakinlər niyə narazıdır?

Tovuzda yas qadağası: sakinlər niyə narazıdır?
  03 Sentyabr 2014    Oxunub:2390
Azərbaycanda keçirilən yas mərasimlərinə dövlət tərəfindən artıq xüsusi nəzarət həyata keçirilir.
İsrafçılıq hallarının qarşısının alınması üçün konkret standartlar, yəni menyu müəyyənləşdirilib. Yas mərasimlərində çay süfrəsinin açılması məqsədəuyğun hesab edilir, digər qida məhsullarının isə verilməsinə qadağa qoyulub.

Lakin, bölgələrdə bu qadağaya əksər hallarda məhəl qoyulmur. Hətta bununla bağlı ötən gün Tovuz rayonundan redaksiyamıza şikayət daxil olmuşdu.

Rayon sakinləri bildirmişdi ki, icra hakimiyyəti tərəfindən yas mərasimlərinin keçirilməsi ilə bağlı tapşırıqlar verilsə də kəndlərdə buna əməl edilmir, əvvəlki kimi yeməklər süfrələrə düzülür, dəbdəbəli məclislər təşkil olunur.

AzVision.az Tovuz rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirib.

İcra başçısının birinci müavini Mahir Həsənov bildirib ki, yas mərasimlərinə nəzarət etmək üçün onlara tapşırıq verilməyib:

“Bizə bununla bağlı heç bir göstəriş verilməyib. Ona görə də bu haqda heç nə deyə bilmərəm”,-deyə icra başçısının müavini əlavə edib.

Tovuzun İbrahimhacılı kənd sakinləri isə icra başçısının müavininin dediklərini təkzib edirlər. Sakinlər bildirirlər ki, bir nüçə gün öncə kənddə qurulan yas mərasiminə İcra Hakimiyyətinin nümayəndələri gələrək süfrələrə düzülən yemək və digər qida məhsullarının yığışdırılmasını tələb ediblər. Bu isə sakinlərin narazılığına səbəb olub.

“Biz dədə-babadan belə görmüşük. Kimisə məcbur etmirik ehsan versinlər. Bizim kəndin öz adəti var, ölümüz öləndə hamı kimi biz də onun adına layiq ehsan vermək, ruhunu yad etmək istəyirik. Axı necə olar, bundan əvvəl ehsan vermişik, 40 gün yas saxlamışıq, indi necə olar ki, bu adətləri silib ataq”-deyə adı çəkilən kəndin sakinləri bildirib.

Qeyd edək ki, artıq ölkənin bir neçə şəhər və rayonlarından yas mərasimlərinin keçirilməsinə məhdudiyyət qoyulub. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şəhərdə təmtəraqlı mərasimlərin keçirilməsinə qadağa qoyaraq çay süfrəsindən başda yas məclislərində verilən yemək və digər qida məhsullarının müsadirə olunacağını tapşırıb. Gəncənin icra başçısını da yas mərasimləri ilə bağlı xüsusi tapşırıqlar verib. Elmar Vəliyev də həmkarı kimi israfçılığın yolverilməz olduğunu tapşırıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti