Cavad Heyət vəfat etdi

Cavad Heyət vəfat etdi
  13 Avqust 2014    Oxunub:2739
Dünya şöhrətli azərbaycanlı alim doktor Cavad Heyət bu gün dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, bu barədə C.Heyətin qızı Meral Heyət facebook səhifəsində məlumat verib.

Onun sözlərinə görə, alim bu gün torpağa basıdırılıb.

`Bu səhər saat 7-də atamı əbədi dünyasına yola saldıq. Ruhu şad, məkanı cənnət olsun. Canım atam, sənsiz çox darıxacan. Anamıza və sevdiklərinə qovuşduğun üçün təskinlik tapırıq. Etdiklərinə görə, əbədi olaraq yaddaşlarda ürəklərdə qalacaqsan`-deyə, Meral Heyət əlavə edib.

Qeyd edək ki, professor Cavad Heyət 1925-ci il mayın 24-də Təbriz şəhərində dünyaya göz açmışdır. Onun atası Mirzəli Heyət zəmanəsinin tanınmış aydınlarından biri, Azərbaycanın məhşur maarifpərvəri, "İttihadi-islam" cəmiyyətinin qurucusu idi. Əbəs yerə deyil ki, doktor Cavad Heyət indiyədək atasını özünün ustadı hesab edir.

Doktor Cavad Heyət ilk orta təhsilini İranda alıb. 1946-cı ildə isə Türkiyə İstanbul Universitetinin tibb fakültəsini bitirib. Həmin Universitetdə 3 il çalışdıqdan sonra təhsilini 4 il müddətində Fransada Paris Universitetində davam etdirmişdir. Yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək 1952-ci ildə Tehrana qayıtmış və orada öz xüsusi kilinikasını açmışdır.

Cavad Heyət Tehran Azad İslam Universitetinin cərrahiyə üzrə professorudur. Əlli ildən çoxdur ki, cərrahlıqla məşğuldur. Öz xüsusi klinikası olmaqla yanaşı, Tehran-Pars xəstəxanasında da çalışır. Məhz doktor Cavad Heyət 1954-cü ildə qapalı ürək əməliyyatı, 1962-ci ildə isə İranda ilk dəfə açıq ürək cərrahiyyəsini müvəffəqiyyətlə həyata keçirib. Bundan sonra o, İranda ilk dəfə ürək qapaqlarını dəyişdirmə, heyvanlarda ürək dəyişdirmə, Tehranda ilk dəfə insanda böyrək dəyişdirmə əməliyyatını uğurla həyata keçirdiyinə görə “Birinci Dərəcəli Əmək Ordeni” ilə təltif olunmuşdur. Doktor Cavad Heyət 1963-cü ildən Beynəlxalq Cərrahlıq Cəmiyyətində İranın təmsilçisi olub.

Allah rəhmət eləsin.

AzVision.az


Teqlər:  





Xəbər lenti