Leyla Yunusu hansı cəza gözləyir - QANUN

Leyla Yunusu hansı cəza gözləyir - QANUN
  01 Avqust 2014    Oxunub:3847
Xəbər verdyimiz kimi, Azərbaycan əleyhinə radikal mövqeyi ilə seçilən hüquq müdafiəçisi Leyla Yunus bir neçə gün öncə həbs edilib. Baş Prokurorluq əməkdaşlarının dəfələrlə çağırışına məhəl qoymayan L.Yunus saxlanılaraq barəsində 4 maddə üzrə ittiham irəli sürülüb. Belə ki, Nəsimi rayon Məhkəməsinin qərarı ilə Leyla Yunus barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 178-ci (dələduzluq), 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham edilir.

Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyi (MTN) Leyla Yunusun həbsi ilə bağlı məlumat yayaraq onun iştirak etdiyi cinayətlərin təfərrüatlarını açıqlayıb.

Rəsmi məlumatda Leyla Yunusa qarşı irəli sürülən ittihamların gerçək səbəbləri geniş şəkildə izah olunur. Bildirilir ki, Yunusova Leyla İslam qızı Azərbaycanın təhlükəsizliyi zərərinə 2002-ci ildən etibarən təsisçisi və sədri olduğu, hüquqi qeydiyyatı olmayan “Sülh və Demokratiya İnstitutu” adlı qurumla Şahnazaryan David Qurgenoviç, Baqdasaryan Laura Seyranovna və digərləri ilə birlikdə Ermənistanın “Region” Tədqiqatlar Mərkəzi və digər qeyri-hökumət təşkilatları arasında “xalq diplomatiyası” üzrə birgə layihələrin həyata keçirilməsi adı altında beynəlxalq donor təşkilatlardan aldığı qrant vəsaitləri, eləcədə Karen Ohacanyan tərəfindən Böyük Britaniyadakı bankdan 2002-ci ildə, Ermənistanda fəaliyyət göstərən “Jurnalist Araşdırmaları” qeyri-hökumət təşkilatı tərəfindən isə Yerevan şəhərindəki bankdan 2004-cü ilin iyulundan 2005-ci ilin mayınadək olan müddətdə rəhbərlik etdiyi qurumun şöbə müdiri olan, əri Yunusov Arif Seyfulla oğlunun Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarındakı hesablarına köçürülmüş külli miqdarda pul vəsaitləri müqabilində, maddi maraq zəminində xarici kəşfiyyata şəxslərin casus kimi ələ alınmaları üçün şəxsi keyfiyyətlərini araşdırıb maddi vəziyyətlərini yaxşılaşdırmaq niyyətlərinə əmin olaraq Mirqədirov Rauf Həbibula oğlunun dəfələrlə Gürcüstan Respublikasının ərazisindən Ermənistan Respublikasına səfərlərini Arif Yunusov ilə birlikdə təşkil edib. Həmin səfərlərin bir qismində Arif Yunusov da Rauf Mirqədirov ilə birlikdə iştirak edərək Ermənistan Respublikasının sabiq milli təhlükəsizlik naziri David Şaxnazaryan və xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən digər qurumların nümayəndələri ilə görüşlər keçiriblər.

Eyni zamanda, Leyla və Arif Yunusovlar Azərbaycan Respublikasının hələlik adları açıqlanmayan ayrı-ayrı vətəndaşlarını da məxfi əməkdaşlığa cəlb edilmələri üçün Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələndirərək, Azərbaycan Respublikasına qarşı istifadə məqsədilə ictimai-siyasi, sənaye, energetika, hərbi texniki təchizat sahələrində mövcud vəziyyət barədə məlumatlar toplanılması, işğal altındakı torpaqlarımızın azad edilməsi müqabilində Dağlıq Qarabağdakı qondarma rejimin müstəqilliyinin tanınmasının zəruriliyinin təbliğ edilməsi barədə onlara konkret tapşırıqlar verilməsi ilə üzərinə düşən vəzifəni başa çatdırıblar. Bunun nəticəsində Rauf Mirqədirov tərəfindən hərbi hissələrin, aerodrom və sair strateji əhəmiyyətli dövlət obyektlərinin yerlərinin dəqiqliklə təsvir olunduğu sxemin fotoşəkillər ilə birlikdə düşmən ölkənin kəşfiyyat orqanlarının nümayəndələrinə ötürülməsinə nail olublar.

Bundan başqa, Yunusova Leyla İslam qızı hüquqi qeydiyyatı olmayan “Sülh və Demokratiya İnstitutu” adlı qurumun təsisçisi və direktoru kimi dövlət qeydiyyatına 1996-cı il 27 mart tarixdə alınmış “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının 2002-ci il 21 noyabr tarixdə “Unibank” Açıq Səhmdar Cəmiyyətində yerləşən hesablaşma hesabları üzrə əməliyyatları həyata keçirməyə səlahiyyət verən rəsmi sənədlərə guya həmin qurumun direktoru olması barədə bilə-bilə yalan məlumatlar daxil edib banka təqdim etməklə ciddi mühasibat uçotu sənədi olan çek kitabçalarını əldə edib, 2006-2014-cü illərdə isə Amerika Birləşmiş Ştatlarının Demokratiyaya Kömək Milli Fondu (NED), German Marşal Fondu və digər donor təşkilatlarla bağlanılmış qrant müqavilələri üzrə həmin təşkilatın bank hesabına ümumilikdə 167 min 199 manat, 620 min 878 ABŞ dolları, 263 min 745 avro məbləğində pul vəsaitlərinin köçürülməsini təmin edib “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla köçürülmüş pul vəsaitlərini nağdlaşdırıb və dövlət orqanlarında qeydiyyata alınmayan qrant müqavilələri üzrə cəmi 526 min 943 manat məbləğində gəlir əldə etməklə qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirib vergi qanunvericiliyinə əsasən dövlət büdcəsinə ümumilikdə 369 min 378 manat məbləğində külli miqdarda vergiləri ödəməkdən yayınıb.

Eyni zamanda, Leyla Yunusova Amerika Birləşmiş Ştatlarının Demokratiyaya Kömək Milli Fondu (NED), German Marşal Fondu, “OSİ Asistence Foundation” təşkilatı tərəfindən 2009-2012-ci illər ərzində “Azərbaycan Qadınları Ön Qafqazda Sülh və Demokratiya Uğrunda” qeyri-hökumət təşkilatının “Unibank” Açıq Səhmdar Cəmiyyətində yerləşən hesablarına köçürülmüş cəmi 88 min 910 ABŞ dolları məbləğində pul vəsaitinin 88 min 468 ABŞ dollarlıq hissəsini hüquq verən rəsmi sənədləri saxtalaşdırmaqla nağdlaşdırıb əldə edərək həmin puldan 71 min ABŞ dollarını özünün bankda olan əmanət hesablarına mədaxil edib üzərinə toplanmış faizlərlə ümumilikdə 78 min 130 ABŞ dolları məbləğində nağd pul vəsaitini 2014-cü il aprelin 24-də hesablarından çıxarıb əri Arif Yunusov ilə əvvəlcədən aralarında olan razılığa əsasən sonuncunun həmin bankda olan şəxsi hesabına mədaxil etdikdən sonra Arif Yunusov dərhal həmin pul vəsaitini Çexiya Respublikasının “Sberbank CZ” kommersiya bankındakı şəxsi hesabına köçürülməsini təmin edib etibardan sui-istifadə etməklə əvəzsiz olaraq ələ keçirmələrinə əsaslı şübhələr mövcuddur.

Baş Prokurorluq və MTN-nin yaydığı bu açıqlamada Leyla Yunus cinayətinin detalları açıqlığı ilə nəzərə çatdırılır.

Maraqlıdır, Leyla Yunusa qarşı qaldırılan cinayət faktları məhkəmənin qərarı il sübuta yetirlərsə oonu neçə il həs gözləyir?

Dövlətə xəyanət - 274-cü maddə

Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Renspublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə,

-əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dələduzluq - 178-ci maddə:

178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə,

-yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya yüz səksən saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

178.2. Eyni əməllər:
178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
178.2.2. təkrar törədildikdə;
178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə:

- üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

178.3. Eyni əməllər:
178.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə;
178.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə:

— əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Vergidən yayınma - 213-cü maddə

213.1. Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma:

üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


213.2. Eyni əməllər:
213.2.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
213.2.2. külli miqdarda törədildikdə :

— üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qanunsuz sahibkarlıq: 192-ci maddə

192.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və ya xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq (lisenziya) almadan, həmçinin lisenziyalaşdırılma şərtlərinin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə həyata keçirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olma vətəndaşlara, təşkilatlara və ya dövlətə xeyli miqdarda ziyan vurduqda, habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə:

— min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

192.2. Eyni əməllər:
192.2.1. külli miqdarda ziyan vurduqda;
192.2.2. külli miqdarda gəlir əldə etməklə törədildikdə;
192.2.3. mütəşəkkil dəstə tərəfindən törədildikdə,

-üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Anar Rüstəmov


Teqlər:  





Xəbər lenti