Ordumuzun itkiləri -STATİSTİKA

Ordumuzun itkiləri -STATİSTİKA
  01 Avqust 2014    Oxunub:1156
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən, adlı siyahı üzrə 2014-cü ilin geridə qalan dövründə (yanvar-iyul) Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 50 nəfər təşkil edib.
Bu barədə AzVision.az-a məlumat verən “Doktrina” JHAM direktoru Cəsur Sümərinli qeyd edib ki, ötən müddətdə 98 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinli deyib ki, müvafiq dövrdə dünyalarını dəyişənlərin 10-u döyüş (erməni gülləsi), 3-ü mina partlayışı, 37-si isə qeyri-döyüş itkiləridir.

10 nəfər avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 6 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 2 nəfər bədbəxt hadisədən (suda boğulma, elektrik cərəyanı), 7 nəfər xəstəlikdən dünyasını dəyişib. 11 nəfər intihar edib (asma, güllələmə, intihar). Dünyasını dəyişənlərin 42-si Müdafiə Nazirliyinin, 3-ü Ədliyyə Nazirliyinin, 2-i Daxili Qoşunların, 3-ü Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır.

Yaralılara və xəsarət alanlara gəlincə (98 nəfər) C.Sümərinli bildirib ki, onların 21-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 8-i intihara cəhddən, 15-i erməni gülləsindən, 9 nəfər mina partlayışından, 3 nəfər qumbara partlayışı, 2 nəfər təlimdə, 37-si avtoqəza nəticəsində, 2 nəfər bədbəxt hadisədən (elektrik cərəyanı, yanıq) yaralanıblar. 1 nəfər zəhərlənib.
Xəsarət alanlardan 83 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 7 nəfər Daxili Qoşunlar, 7 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.

Müvafiq dövrdə 1 nəfər hərbi çağırışçı avtomobil qəzasından dünyasını dəyişib.

Ötən dövrdə Azərbaycanın 10 mülkü vətəndaşı erməni tərəfinin gülləsindən yaralanıb, 2 nəfərsə dünyasını dəyişib.

2 Azərbaycan mülkü vətəndaşı Ermənistan tərəfindən girov götürülüb.

Eyni zamanda 3 Ermənistan mülki vətəndaşı Azərbaycan tərəfə girov düşüb (hər üçü qaytarılıb). Ümumilikdə, iyulun 30-na olan məlumatlara görə, Azərbaycanda bir erməni əsir və 5 mülkü şəxs saxlanılır. Azərbaycanda saxlanılan Ermənistan vətəndaşları Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər. Onlar üçüncü ölkəyə göndərilmək arzularını bildiriblər. Azərbaycanda saxlanılan digər şəxs isə hərbi əsirdir. Erməni silahlı bölmələrinin hərbçisi Akop İnciqulyan 2013-cü il avqustun 7-dən 8-nə keçən gecə qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.


Teqlər:





Xəbər lenti