Azərbaycanlı deputat Saakaşvilini müdafiə etdi

Azərbaycanlı deputat Saakaşvilini müdafiə etdi
  31 İyul 2014    Oxunub:1087
“Saakaşvilinin həm Ukraynada, həm də dünya ölkələrində böyük nüfuzu var. Dünyada belə bir böyük nüfuza malik insanı Gürcüstan rəhbərliyi qısqanclıqla qarşılayır. Ona qarşı açılan cinayət işi reallığıa sığmır”.

Bu fikirləri AzVision.az-a açıqlamasında Saakaşvilinin lideri olduğu Vahid Mİlli Hərəkat partiyasının üzvü, Gürcüstan parlamentinin azərbaycanlı deputat Azər Süleymanov bildirib.

Deputatın sözlərinə görə, Gürcüstan hakimiyyətinin bu addımı atmasına səbəb onların Saakaşviliyə qarşı qısqanclıqlarıdır:

“Bu birbaşa siyasi məsələdir. Çünki, bu gün Saakaşvilinin həm Ukraynada, həm də dünya ölkələrində nüfuzu artır. Dünyada belə bir böyük nüfuza malik insanı Gürcüstan rəhbərliyi qısqanclıqla qarşılayır və onun eləcə də onun bütün partiya liderlərini həbsə salmaq istəyirlər.
Hazırda onlardan bir neçəsi həbsxanadadır. Saakaşvili xaricdə olsa da, onun partiyası sonuncu seçkilərdə 30%-dən artıq səs toplamışdı, bu da indiki hakimiyyətin qısqanclığına səbəb olur. Hakimiyyət düşünür ki, əgər bu gün Saakaşvili həbsdə olmasa, bu, onlar üçün böyük təhlükə yarada bilər. Ancaq Saakaşvilinin gördükləri işlər arasında elə bir iş yoxdur ki, bunlar onun cinayətkar olduğunu təsdiq edə bilsin”.

A.Süleymanovun sözlərinə görə, Saakaşvili 9 il ərzində Gürcüstan dövlətini dirçəldib, dövlət formasına salıb:

“Saakaşvili kimi adam həbsxanada otursun, amma bəzi cinayətkarlar çöldə kef etsin, bu heç bir qayda-qanuna sığmır. “Gürcü arzusu” partiyasının hazırda ən böyük arzusu Saakaşvilinin həbsdə olmasıdır. Ancaq insanlar 2003-2004-cü illəri yada salsın, görsün ki, Saakaşvili bu ölkə üçün nələr edib. O Gürcüstanla bu Gürcüstanı müqayisə etsin. Amma təəssüflər ki, bu hakimiyyət indiki siyasəti ilə çox getməyəcək”-deyə deputat vurğulayıb.
Qeyd edək ki, Gürcüstan prokurorluğu ölkənin sabiq Prezidenti Mixeil Saakaşvili barəsində cinayət işi qaldırıb.

Keçmiş dövlət başçısı 2007-ci il noyabrın 7-də dinc aksiyanın qeyri-qanuni dağıdılmasında, "İmedi" teleşirkətinin mənimsənilməsində və biznesmen Badri Patarkatsişvilinin əmlakının qeyri-qanuni mənimsənilməsində ittiham olunur.

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti