Nüvə mübahisəsi ciddiləşir: “Newsweek” cəhənnəm ssenarisini cızdı

// 3 şəhərə atom bombası atılsa, nə baş verəcək

      Nüvə mübahisəsi ciddiləşir:    “Newsweek” cəhənnəm ssenarisini cızdı
  30 Noyabr 2024    Oxunub:2411
ABŞ-nin “Newsweek” nəşri Moskva, Pekin və Pxenyana В83 ağır termonüvə bombası ilə zərbə endiriləcəyi təqdirdə yarana biləcək vəziyyəti modelləşdirib .
Jurnalın ekspertlərinin fikrincə, bu halda Moskvada 1,4 milyon insan öləcək, 3,7 milyon nəfər xəsarət alacaq. Pekində həmin rəqəmlər uyğun olaraq 1,5 milyon və 3,3 milyon, Pxenyanda 1,3 milyon və 1,1 milyondur.

B83 partlayarkən yaranan alov kürəsi 4,1 kvadrat kilometr ərazini əhatə edəcək. 175,34 kvadrat kilometrlik sahə məhvetmə zonasına düşəcək. Həmin ərazidə binalar dağılacaq və güclü yanğınlar olacaq. 1385,6 kvadrat kilometr sahədə pəncərələrin şüşələri sınacaq.


Partlayışın episentrinin ətrafındakı 546,5 kvadrat kilometr ərazidə olan insanlar ciddi yanıq xəsarətləri alacaqlar.

B83 – sərbəst düşən termonüvə aviasiya bombasıdır. Yerin dərin qatlarındakı hədəfləri məhv etmək üçün nəzərdə tutulub. Maksimal gücü trotil ekvivalenti ilə 1,2 meqatondur.
Bomba ABŞ ordusunun nüvə cəbbəxanasına 1983-cü ildə qəbul edilib. 2022-ci ildə Pentaqon onu arsenalından çıxaracağını bəyan etsə də, hələ ki bu addımı atmayıb.


“Newsweek” bombanın vuracağı ziyanı hesablayarkən “NukeMap” interaktiv xəritəsindən istifadə edib.

Son günlərdə atom bombasının mümkün tətbiqi ilə bağlı diskussiyaların genişlənməsinin səbəbi ABŞ-ın Ukraynaya göndərdiyi silahlardan Rusiya ərazisinə zərbələr endirilməsinə icazə verməsidir. Bundan sonra Rusiya prezidenti Vladimir Putin ölkəsinin nüvə doktrinasını yenilədi. Yeni doktrinaya əsasən, potensial düşməni təcavüzdən çəkindirmək dövlətin ali prioriteti hesab olunur.

Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, ABŞ ilə nüvə zərbələri mübadiləsi istisna deyil, amma Moskva bunun baş verməməsi üçün əlindən gələni edəcək.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Müharibə   Nüvə-silahı  





Xəbər lenti