"Məktəblərin qarşısında enerji içkiləri satılmamalıdır" - Ekspert

"Məktəblərin qarşısında enerji içkiləri satılmamalıdır" -  Ekspert
  01 Dekabr 2024    Oxunub:509
Azərbaycanda məktəblərin qarşısında enerji içkiləri, spirtli içkilər və tütün məmulatlarının satışına qanunla müəyyən məhdudiyyətlər və nəzarət tədbirləri mövcuddur. Amma buna baxmayaraq, bəzi məktəblərin qarşısında tütün məmulatlarının satışının şahidi oluruq.
Təhsil eksperti Kamran Əsədov bildirib ki, məktəblərin qarşısında enerji içkilərinin, tütün məmulatlarının və spirtli içkilərin satışı ciddi sosial və sağlamlıq problemlərinə yol açır: "Bu məhsulların məktəbyaşlı uşaqlar üçün əlçatan olması onların erkən yaşda zərərli vərdişlərə yiyələnməsinə və fiziki-psixoloji sağlamlıqlarına mənfi təsirə səbəb ola bilər. Enerji içkilərinin tərkibində yüksək miqdarda şəkər və kofein olduğu üçün onlardan istifadə uşaqlarda diqqət pozğunluğu, yuxusuzluq, ürək-damar problemləri kimi ciddi sağlamlıq riskləri yaradır. Tütün məmulatları və spirtli içkilər yalnız sağlamlığa deyil, həm də uşaqların davranışına, sosial inkişafına və gələcəkdə asılılıq problemlərinə səbəb ola bilər".

Ekspert qeyd edib ki, məktəblərin qarşısında fəaliyyət göstərən köşklərdə bu məhsulların satışının təşviq edilməsi cəmiyyətdə məsuliyyət və nəzarət mexanizmlərinin zəifliyini göstərir: "Bu həm qanunvericiliyin gücləndirilməsini, həm də ictimai nəzarətin artırılmasını tələb edir. Valideynlər, müəllimlər və yerli idarəetmə orqanları bu məsələdə daha aktiv iştirak etməli və uşaqların sağlamlığını qorumaq üçün lazımi tədbirlər görməlidirlər".

Məktəblər uşaqların yalnız təhsil aldığı yer deyil, həm də sağlam və təhlükəsiz mühitdə böyüdüyü məkan olmalıdır. Bu səbəbdən, məktəblərin qarşısında zərərli məhsulların satışına qarşı ciddi nəzarət mexanizmləri tətbiq edilməli, həmçinin maarifləndirmə kampaniyaları həyata keçirilməlidir. Gənc nəsli qorumaq hər birimizin vəzifəsidir.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: məktəb   enerjiiçkiləri   tütün  





Xəbər lenti