Nazir 5 məmuru işdən qovdu

Nazir 5 məmuru işdən qovdu
  17 İyul 2014    Oxunub:1037
“Bu il ərzində ünvanlı sosial yardım təminatında şəffaflığın və bu sahəyə ictimai nəzarətin təmin olunması məqsədilə bu yardımları alanların adlı siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin internet səhifəsində yerləşdirilib və qanunsuz şəkildə yardım təyin olunmuş ailələr barədə nazirliyə məlumatlar verilməsi üçün KİV vasitəsilə əhaliyə müraciətlər olunub”.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında (ƏƏSMN) Dövlət Sosial Təminat Xidmətinin (DSTX) rəisi Çingiz Əliyev bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Ç.Əliyev bildirib ki, vətəndaşlardan daxil olan məlumatların araşdırılması zamanı 12 rayonda - Ağdam, Goranboy, İmişli, Saatlı, Masallı, Lerik, Cəlilabad, Biləsuvar, Sumqayıt, Oğuz, Xəzər, Daşkəsən rayonlarında aztəminatlı və sosial yardım almaq hüquqları olmayan ümumilikdə 647 ailəyə yardım təyin edildiyi, bu işlər üzrə 710 310,0 manat vəsait xərcləndiyi aydın olub.

Onun sözlərinə görə, həmin ailələrə ünvanlı sosial yardımın ödənişi dayandırılaraq, qanunsuz ödənilmiş vəsaitin 344 571,0 manatı və ya 48,5%-i büdcəyə bərpa edilib. Ç.Əliyev qeyd edib ki, 5 rayonun - Ağdam, Goranboy, İmişli, Daşkəsən, Saatlının ƏƏSMN-in müvafiq vəzifəli şəxsləri ilkin olaraq tutduqları vəzifədən azad olunmaqla, həmin mərkəzlər üzrə müvafiq materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Baş Prokurorluğuna göndərilib.

Bununla yanaşı, araşdırmalar zamanı 19 vətəndaşın müraciətinin böhtan xarakterli olduğu müəyyən edilib. Bu səbəbdən ƏƏSMN-in müvafiq əməkdaşları tərəfindən onlara qarşı şərəf və ləyaqətin qorunması iddiası ilə məhkəməyə müraciət olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti