Cavad Heyət komaya düşüb

Cavad Heyət komaya düşüb
  14 İyul 2014    Oxunub:943
Ötən həftə Bakıda Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən məşhur azərbaycanlı cərrah, professor Cavad Heyətin vəziyyəti ağırlaşdığından o, Gömrük Hospitalına köçürülüb.
Bu barədə “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli musavat.com-a açılqlamasında bildirib.

Onun dediyinə görə, şənbə günü səhhəti nisbətən yaxşılaşan Cavad Heyət bir gün sonra komaya düşüb: “Təəssüf ki, dəyərli ziyalımızın durumunda yaxşılaşma müşahidə olunmur, vəziyyəti olduqca ağırdır. Hazırda reanimasiyadadır. Hətta ailə üzvlərinin də onun görüşmək imkanı yoxdu”.

Z.Məmmədli dedi ki, C.Heyətin qızı da artıq Bakıdadır.

Qeyd edək ki, C.Heyət Tehrandan Bakıya ötən ayın sonlarında gəlib və burda səhhəti pisləşib. “Media forum”un məlumatına görə, 1925-ci il mayın 24-də Təbriz şəhərində anadan olan Cavad Heyət ilk orta təhsilini İranda alıb.

1946-cı ildə Türkiyə İstanbul Universitetinin tibb fakültəsini bitirib. Həmin universitetdə 3 il çalışdıqdan sonra təhsilini 4 il müddətində Paris Universitetində davam etdirib. Yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək 1952-ci ildə Tehrana qayıdıb və orada öz klinikasını açıb.

Cavad Heyət Tehran Azad İslam Universitetinin cərrahiyə üzrə professorudur. Əlli ildən çoxdur ki, cərrahlıqla məşğuldur. Öz xüsusi klinikası olmaqla yanaşı, Tehran-Pars xəstəxanasında da çalışır.

Doktor Cavad Heyət 1954-cü ildə qapalı ürək əməliyyatı, 1962-ci ildə isə İranda ilk dəfə açıq ürək cərrahiyyəsini müvəffəqiyyətlə həyata keçirib. Bundan sonra o, İranda ilk dəfə ürək qapaqlarını dəyişdirmə, heyvanlarda ürək dəyişdirmə, Tehranda ilk dəfə insanda böyrək dəyişdirmə əməliyyatını uğurla həyata keçirdiyinə görə “Birinci Dərəcəli Əmək Ordeni” ilə təltif olunub.

1983-cü ildə isə cərrahiyyənin inkişafına verdiyi elmi-nəzəri və əməli uğurlarına görə Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü seçilib.

Bundan sonra 8 ildən artıq Tehranda Azad İslam Universitetinin cərrahiyyə kafedrasına rəhbərlik edib. Fars dilində cərrahlıqla bağlı üç cildlik dərs kitabının, eyni zamanda ikisi fars və beşi də türk dilində olan yeddi cildlik türkoloji kitabın müəllifidir.

Cavad Heyət cərrahiyyə ilə bağlı Azərbaycan, Amerika, Fransa, Türkiyə və bir çox Avropa universitetlərində tez-tez mühazirələr oxumaq üçün dəvətlər alır.

Cavad Heyət həmçinin “Varlıq” dərgisinin təsisçisidir. O, 36 ildən artıqdır ki, türk və fars dillərində yayılan bu ədəbi-mədəni dərgini nəşr etdirir.

Cavad Heyət filologiya və türkologiya sahəsində “Azərbaycan ədəbiyyat tarixinə bir baxış”, “Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Türk dili və ləhcələrinin tarixi”, “İki dilin müqayisəsi” kitablarının müəllifidir.

O, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvüdür.

Azərbaycan Yazıçılar Birliyinin M.F.Axundov adına mükafatına və “Dədə Qorqud” Assosiasiyasının təsis etdiyi “Məmməd Araz” mükafatına layiq görülüb.


Teqlər:





Xəbər lenti