İlham Əliyev teatrda - FOTOLAR

İlham Əliyev teatrda - FOTOLAR
  18 Aprel 2013    Oxunub:1375
Bu gün Azərbaycan Dövlət Musiqili Teatrının binası əsaslı bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilib.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev rəsmi açılış mərasimində iştirak edib.

Ölkə həyatının bütün istiqamətlərində olduğu kimi, mədəniyyət sahəsi də yüksək səviyyədə dövlət qayğısı ilə əhatə olunmuşdur. Mədəniyyət və incəsənətin inkişafına, bu sahədə çalışan insanlara göstərilən diqqət və qayğı, həmçinin ölkəmizin beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsi bunun əyani təsdiqidir. Dövlətimizin başçısının mədəniyyətimizə himayəsi Azərbaycan incəsənətində yaradıcılıq əhval-ruhiyyəsini artırmışdır. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, son illərdə çoxsaylı tarixi abidələr, monumental binalar, maddi mədəniyyət ocaqları əsaslı təmir edilmiş və yenidən qurulmuşdur. Onların sırasında Azərbaycan Dövlət Musiqili Teatrının binası da vardır.

Azərbaycan Dövlət Musiqili Teatrı yarandığı vaxtdan etibarən incəsənət tariximizə bir çox qiymətli səhnə əsəri bəxş etmişdir. Teatr ölkəmizin zəngin ənənələrə malik qabaqcıl sənət ocaqlarından birinə çevrilərək bu gün də tamaşaçıların dərin rəğbətini qazanmaqdadır. Heydər Əliyev Fondunun da bu istiqamətdə həyata keçirdiyi layihələri xüsusi qeyd etmək lazımdır. Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun gördüyü işlər ölkəmizin mədəni irsinin daha da zənginləşdirilməsinə və dünyada geniş təbliğinə, gənc istedadların yetişməsinə böyük töhfələr verir.

Prezident İlham Əliyevə Azərbaycan Dövlət Musiqili Teatrının binasında və ətrafda görülən işlər barədə məlumat verildi.

Sonra Azərbaycan Prezidenti teatrın yenidənqurma işlərində iştirak edən xarici mütəxəssislərlə görüşüb.

Qeyd edildi ki, 1883-cü ildə Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Bakıda ilk teatr binası tikilmişdir. 1908-ci il yanvarın 25-də isə müsəlman Şərqində opera janrının əsasının qoyan Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" əsərinin ilk tamaşası bu teatrın binasında olmuşdur. 1922-ci ildən binada Akademik Milli Dram Teatrı, 1960-cı ildən isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı fəaliyyət göstərmişdir. 1988-ci ildə uçmaq təhlükəsi olduğuna görə həmin bina sökülmüş və yeni binanın inşasına başlanılmışdır. Teatr binasının tikilib istifadəyə verilməsinə xüsusi diqqət və qayğı göstərən ümummilli lider Heydər Əliyev 1995-ci ildə tikinti işləri ilə tanış olmuş, öz tövsiyələrini vermişdir. Ulu Öndər 1998-ci ilin oktyabrında teatr binasının rəsmi açılışında iştirak etmişdir. Prezident İlham Əliyevin 2010-cu ildə imzaladığı Sərəncama əsasən, Azərbaycan Dövlət Musiqili Teatrının binasında geniş yenidənqurma işləri həyata keçirilmişdir. Yenidənqurma işləri zamanı əvvəlki memarlıq üslubunun qorunub saxlanılmasına xüsusi diqqət yetirilmişdir.

Prezident İlham Əliyev teatrın tamaşa zalı ilə tanış oldu.

Bildirildi ki, 460 yerlik zal ən müasir avadanlıqla təchiz olunmuşdur. Oturacaqlar və mebel yeniləri ilə əvəzlənmiş, 360 dərəcə fırlanan səhnə tamamilə yenidən qurulmuşdur. Burada ən müasir səs-akustika sistemi quraşdırılmışdır. Səhnənin işıq sistemləri də müasir layihə və texnologiyalar əsasında yenilənmişdir. Binanın bütün xidməti və qrim otaqlarında əsaslı təmir işləri aparılmışdır. Yenilənmiş havalandırma sistemi ən müasir standartlara uyğundur. Əsaslı bərpa işlərindən sonra teatrdakı səsyazma studiyası və kiçik tamaşa zalı da yeni görkəm almışdır.

Teatrla tanışlıqdan sonra dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.

Qalereya




Teqlər:  





Xəbər lenti