Hərbi hissələrdə Oruc qadağası – ÖZƏL

Hərbi hissələrdə Oruc qadağası  – ÖZƏL
  04 İyul 2014    Oxunub:945
Azərbaycanda hərbi xidmətdə olan əsgərlərə namaz qılmaqla yanaşı Ramazan ayında Oruc tutmaq da qadağan edilib.

AzVision.az-ın məlumatına görə, Ramazan ayı başlayandan nazirliyin tapşırığı ilə hərbi hissələrdə əsgərlərin oruc tutmasına icazə verilmir. Faktı hərbi xidməti yenicə başa vuran əsgərlər təsdiq ediblər.

Bildirirlər ki, hərbi hissə komandirləri oruc tutmağa cəhd edən əsgərləri toplayaraq onlara hərbi xidmət müddətində dini ibadətlə məşğul olmamaq haqda tapşırıqlar verib.

“Bəzi əsgər yoldaşlarımzı oruc tutmaq istəsələr də onlar hərbi hissə komandirləri, bölük komandirləri icazə vermədilər. Bildirdilər ki, nazirlikdən xüsusi tapşırıq var ki, namaz qılmaq, oruc tutmaq olmaz”-deyə təxris olunan hərbçilər qeyd edib.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinə sorğu göndərsək də hələlil heç bir açıqlama verilməyib.

Xatırladaq ki, AzVision.az saytı hərbi hissələrdə namaza qadağa qoyulması haqda məlumat vermişdi. Nazirlik faktı təsdiq edərək dini ibadətlərin qadağan edilməsinin səbəbini izah etmişdi:

“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa görə dini əqidə hərbi qulluqçuları hərbi xidmət vəzifələrinin icrasından azad etmir. İlk olaraq qeyd etmək zəruridir ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə ölkəmizdə din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Eyni zamanda, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dini cərəyanların yayılması və təbliği də qadağandır.

Azərbaycan Respublikası çoxkonfessiyalı dövlət olduğu kimi, Silahlı Qüvvələrimizdə də müxtəlif dini əqidəyə malik vətəndaşlarımız hərbi xidmət keçirlər. Bununla belə, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa görə dini əqidə hərbi qulluqçuları hərbi xidmət vəzifələrinin icrasından azad etmir”.

Anar RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti