Meyvə-tərəvəzə həsrət qalan əsgərlərimiz...

Meyvə-tərəvəzə həsrət qalan əsgərlərimiz...
  03 İyul 2014    Oxunub:2202
Azərbaycanda hərbi xidmətini başa vuran əsgərlərin təxris prosesi davam edir. Hərbi xidmətdən qayıdanlar hazırki müdafiə naziri Zakir Həsənovdan razılıqlarını bildirirlər. Onların əksəriyyəti qeyd edir ki, nazirin tapşırığı ilə hərbi hissə komandirləri, zabit-gizir heyəti əsgərlərlə normal davranır, onları incitmirlər. “Dedavşina” halları isə tamamilə yığışdırılır.

Əsgərlikdən qayıdanlar hərbi hissələrdə hazırlanan yeməklərdən razılıq edirlər. Bildirirlər ki, əvvəlki illərdən fərqli olaraq Zakir Həsənovun göstərişi ilə bütün hərbi hissələrdə mülki aşbazlar işə cəlb olunub, onlar əsgərlər üçün normal yeməklər hazırlayırlar.

Təxris olunanların sözlərinə görə, yay mövsümü olsa da əsgərlərə meyvə-tərəvəz verilmir. Yalnız hansısa əlamətdar gündə əsgərlər üçün meyvə-tərəvəz ayrılır. Nəzərə alsaq ki, yay mövsümündə meyvələrin bol və münasib qiymətə olduğu vaxtdır, əsgərlərin buna tamarzı qalması ürək ağrıdır.

Yayda vətənin keşiyini çəkən əsgərlərə “su” qiymətinə olan meyvələrdən pay düşür?

AzVision.az məsələ ilə bağlı Müdafiə Nazirliyindən münasibət öyrənib. Nazirlikdən sorğumuza cavab olaraq, bildirilib ki, hərbçilərimizin ərzaq payı mövsüm üzrə deyil, il müddətinə hazırlanır:

““Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin ümumqoşun ərzaq payı Normaları” Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilib. Sənədə əsasən, gündəlik ərzaq norması mövsüm üzrə deyil, il müddətinə tərtib edilir”.

Nazirliyində cavabından göründüyü kimi, yaz, yay eləcə də payızın özünəməxsus meyvələrindən əsgərlərimiz dadmır.

Bəs Nazirlər Kabinetinin qida rasionunda nələr var?

Nazirlər Kabinetinin 2013-cü il yanvarında təsdiqlədiyi siyahıda qida məhsullarının sayı 28-dən 24-ə endirilib. Bəzi qidalar üzrə normalar artırılıb. Dəyişikliklə əsgərin qidalarından kəpəksiz çovdar unu ilə 1-ci növ buğda unu qarışığından çörək, meyvə və giləmeyvə cövhərli kisel konsentratı, əridilmiş heyvani yağlar və marqarin çıxarılıb.

Əsgərin rasionunda yer alan kartof və digər tərəvəzin çəkisi isə 50 qram azaldılaraq 850 qrama endirilib. Burada azalma əsasən kartofun miqdarında olub – 50 qram. Həmçinin quru meyvələrin adambaşına düşən günlük miqdarı yarıbayarı azaldılaraq 10 qrama endirilib.

Günlük rasiona daxil olan müxtəlif növ yarmalar (120 qram), makaron məmulatları (40 qram), balıq (120 qram), kərə yağı (30 qram), üzlü süd (100 qram), şəkər (70 qram), xörək duzu (20 qram), çay (2 qram), müxtəlif ədviyyat (istiot, sarıkök, zəfəran və s) (0,3 qram), xardal tozu (0,3 qram), dəfnə yarpağı və ya qurudulmuş göyərtinin miqdarı (0,3), sirkə və müxtəlif souslar (2 qram), tomat pastası (6 qram), “Heksavit” vitamin preparatının (1 ədəd) miqdarı dəyişməyib.

Qaydalara əsasən döyüş şəraitində hesab olunan hərbi hissələrdə döyüş növbətçiliyi aparan hərbi qulluqçulara, pendir, təmənnasız qan verən donorlara (qan verdikləri gün) 45 qr. şokolad, 200 qr. təbii meyvə və giləmeyvə şirəsi, 50 qr. Peçenye, ionlaşdırıcı şüalanmaların orqanizmə təsiri şəraitində və tərkibində zəhərli komponentlər olan yanacaqla işləyən hərbi qulluqçulara 50 qr. ət, 30 qr. kərə yağı, 100 qr. inək südü və 20 qr. pendir verilməlidir. Həmçinin iş günü hesab olunmayan bayram günlərində hərbi qulluqçulara normanın dəyərinin 30 faizi həcmində əlavə ərzaq payı verilməsi nəzərdə tutulur.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti