İlham Əliyev: Azərbaycan inkişaf yolu ilə gedir

 İlham Əliyev: Azərbaycan inkişaf yolu ilə gedir
  18 Aprel 2013    Oxunub:1620
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Mingəçevirə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Mingəçevir şəhərinin inkişafı ümummilli lider Heydər Əliyevin daim diqqət mərkəzində olub. Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə Mingəçevirin inkişafına mühüm töhfə verib. Ümummilli liderin bu fəaliyyətini Mingəçevir şəhər ictimaiyyəti ehtiramla yad edir. Bu şəhərdə inşa olunan Heydər Əliyev Mərkəzi də Ulu Öndərin zəngin həyat yolunun səhifələrini vərəqləməyə, Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmağa imkan verir.

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov məlumat verub ki, Mərkəzin tikintisinə 2008-ci ilin avqustunda başlanılıb. Altı min kvadratmetrlik ərazidə inşa olunan Mərkəzdə ən müasir standartlar tətbiq edilib. Ulu Öndərin zəngin irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması məqsədilə yaradılan Mərkəz Ümummilli Liderin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən tədbirlərdən biridir. Mərkəzdə Ulu Öndərin ölkəmizə rəhbərliyinin müxtəlif dövrlərini əks etdirən fotostendlər qurulub.

Prezident İlham Əliyev mərkəzin akt zalı ilə tanış olub. Bildirilib ki, 570 yerlik geniş və işıqlı akt zalında şəhər və respublika səviyyəli tədbirlərin, konfransların və iclasların keçirilməsi nəzərdə tutulur. Mərkəzdəki xüsusi guşədə dövlət atributları haqqında məlumat verilir. Burada, həmçinin Azərbaycanın zəngin dövlətçilik tarixini əks etdirən lazer lövhə yaradılıb. Mərkəzə gələn hər bir kəsin Azərbaycanın tarixi ilə bağlı dolğun məlumat əldə etmək imkanı vardır.

Qeyd olunub ki, Mərkəzin ikinci mərtəbəsindən sərgi zalı kimi də istifadə ediləcəkdir. Hazırda burada mingəçevirli rəssamların və heykəltəraşların əl işləri nümayiş olunur. Mərkəzdə gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmaları, onların bilik və bacarıqlarının inkişafı üçün kurslar təşkil ediləcək. Bunun üçün internet sinfi, elektron kitabxana və kompyuter mərkəzi qurulub. Mərkəzdə ulu öndər Heydər Əliyevin irsini öyrənən və Prezident İlham Əliyevin fəaliyyətindən bəhs edən monitor-zallar da fəaliyyət göstərəcək. Bundan əlavə, məktəblilərin Azərbaycanın zəngin tarixini dərindən öyrənmələri üçün xüsusi dərnəklər, o cümlədən müasir formatlı kinozal, sərgi salonu, fotostudiya, dizayn və rəsm studiyası yaradılıb.

Sonra dövlətimizin başçısı Mərkəzdə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Şəhər ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev deyib:

"Mən sizi ürəkdən salamlayıram. Bu gün Mingəçevirdə çox əlamətdar bir gündür. Biz Mingəçevirdə Heydər Əliyev Mərkəzinin açılışına toplaşmışıq. Çox gözəl, möhtəşəm binadır. Həm xarici gözəlliyi ilə seçilir, əlbəttə ki, daxili tərtibatı da çox yaxşıdır, yüksək səviyyədə tikilmişdir. Əlbəttə ki, Ulu Öndərin yubileyi ərəfəsində Mingəçevirdə belə Mərkəzin açılışı çox böyük məna daşıyan bir hadisədir.
Ulu Öndər bütün dövrlərdə öz Vətəninə sədaqətlə, ləyaqətlə xidmət etmişdir. 1970-1980-ci illərdə onun rəhbərliyi altında Azərbaycan sovet məkanında ən qabaqcıl yerlərə qalxa bilmişdir. Mingəçevir üçün o illər ərzində çox böyük işlər görülmüşdür. Mingəçevirin sovet məkanında çox böyük sənaye mərkəzinə çevrilməsi də məhz Ulu Öndərin adı ilə bağlı olmuşdur. Əlbəttə, müstəqillik dövründə Heydər Əliyevin xidmətləri o qədər böyükdür ki, bu barədə danışmaq üçün saatlarla vaxt lazımdır. Ən ağır illərdə xoşagəlməz halların qarşısı məhz onun rəhbərliyi ilə alındı və Azərbaycan inkişaf yoluna qədəm qoydu.
Müstəqilliyimizin ilk illəri hamımızın yaxşı yadındadır. O vaxt əslində Azərbaycanın müstəqil ölkə kimi yaşaması sual altında idi. Əvvəlki rəhbərlik ölkəni uçurum kənarında qoymuşdu. Azərbaycan xalqının iradəsi, o cümlədən mingəçevirlilərin Ulu Öndərə olan inamı vəziyyətin köklü şəkildə dəyişməsinə gətirib çıxardı. 1993-cü ildən bu günə qədər Azərbaycan inkişaf yolu ilə gedir, uğurla və sürətlə gedir. Bu gün də Ulu Öndərin siyasi xətti davam etdirilir. Hər bir yerdə, hər bir bölgədə və hər bir istiqamət üzrə onun qoyduğu yol bu gün inkişaf yoludur".

Dövlət başçısı bildirib ki, Mingəçevirin inkişafı da çox sürətlidir.

"Son illər bu şəhərdə böyük işlər görülüb. Şəhər gözəlləşib, abadlaşıb. Yeni gözəl binalar tikilibdir, küçələr genişləndirilibdir. İctimai yerlər yaradılıbdır, parklar salınıbdır. Bu gün bir daha gedən işlərlə tanış oldum. Görürəm ki, doğrudan da, bütün işlər böyük zövqlə, keyfiyyətlə aparılır. İnsanların rahat yaşaması üçün bütün işlər görülübdür.
Əvvəlki dövrlərdə də Mingəçevirdə olarkən açılışlarda iştirak etmişdim. Keçən dəfə biz Kür avarçəkmə bazasının açılışını qeyd etdik. Bu da ölkə miqyasında nadir bir idman və turizm obyektidir. Çox şadam ki, biz bu bazanı nəinki bərpa edə bildik, ən yüksək dünya standartlarına cavab verən bir idman və turizm mərkəzini yarada bilmişik. Əlbəttə ki, gələcəkdə şəhərin inkişafı üçün turizm sektoru önəmli rol oynaya bilər və oynamalıdır. Çox şadam ki, sahilin o biri tərəfində yeni otellər, istirahət zonaları tikilir", deyə Prezident bildirib.

Dövlət başçısı deyib ki, Mingəçevirin çox gözəl iqlimi, çox gözəl təbiəti vardır. Kür çayı boyu yerləşən ən gözəl şəhərdir.

"Kür çayının rəngi də burada çox gözəldir, çox şəffafdır. Belə bir rəng heç bir başqa yerdə yoxdur. Bunu siz də bilirsiniz, biz də bilirik. Əlbəttə, Mingəçevirin bu gözəl təbii vəziyyətindən biz gərək maksimum dərəcədə istifadə edək. İş adamları buraya investisiya qoymalıdır. Mingəçevir Azərbaycanın çox böyük turizm mərkəzinə çevrilməlidir. Bunu etmək üçün bir daha demək istəyirəm ki, bütün imkanlar vardır. Artıq tikilən otellər də turizm sektorunun inkişafına xidmət göstərəcəkdir. Eyni zamanda, biz gərək Mingəçeviri böyük sənaye mərkəzi kimi inkişaf etdirək. Mən Nazirlər Kabinetinin toplantısında bu məsələ ilə bağlı xüsusi göstəriş vermişəm. Əslində Azərbaycanda üç böyük sənaye mərkəzi müəyyən olunubdur - Bakı, Sumqayıt və Gəncə. Mingəçeviri də biz bu siyahıya əlavə etməliyik. Sovet vaxtında burada çoxlu müəssisələr fəaliyyət göstərirdi. Sonra onların bir çoxu bağlandı. Biz Mingəçeviri yenidən böyük sənaye mərkəzinə çevirməliyik. Buna nail olmaq üçün artıq hökumətə müvafiq göstərişlər verilmişdir. İndi işlər gedir ki, Mingəçevirdə texnologiya parkı yaradılsın. Dövlətin dəstəyi ilə burada bir neçə iri müəssisə yaradılsın ki, iş yerləri çoxalsın. Bilirəm, baxmayaraq ki, son illərdə Mingəçevirdə iş yerləri ilə bağlı böyük işlər görülübdür, amma hələ də işsizlər vardır. Biz gərək şərait yaradaq ki, onlar işlə təmin olunsunlar və öz maddi vəziyyətlərini yaxşılaşdıra bilsinlər. Ona görə Mingəçevirin gələcək inkişafı sənayenin, turizmin inkişafı ilə bağlı olacaqdır. Əlbəttə ki, sosial infrastrukturun yaradılması və müasirləşdirməsi istiqamətində də işlər gedəcəkdir.

Mənə verilən məlumata görə şəhər xəstəxanası o qədər də yaxşı vəziyyətdə deyildir. Xəstəxananın yenidən qurulmasına ehtiyac vardır. Bu barədə göstəriş veriləcəkdir", deyə Prezident bildirib.

İlham Əliyevin sözlərinə görə, eyni zamanda, Mingəçevirdə hələ ki, Olimpiya Mərkəzi tikilməyibdir.

"Düzdür, biz daha çox Kür avarçəkmə bazasının tikintisi ilə məşğul idik. Bu da əlbəttə ki, ölkə miqyasında böyük bir idman qurğusudur. Ancaq Kür avarçəkmə bazasında daha çox peşəkar idmançılar məşğul olurlar. Olimpiya Mərkəzlərində isə adi vətəndaşlar, gənclər, uşaqlar, yeniyetmələr idmanla məşğul olmalıdırlar. Ona görə Mingəçevirdə şəhər xəstəxanası, olimpiya mərkəzi, turizm obyektləri və sənaye müəssisələrinin yaradılması gələcək illərdə bizim üçün əsas istiqamət olacaqdır.

Şübhəsiz ki, sosial cəhətdən ən ağır vəziyyətdə olan soydaşlarımız, məcburi köçkünlərin problemləri də öz həllini tapmalıdır. Bu gün böyük bir şəhərcik açılır. Mingəçevirdə 20 mindən artıq köçkün məskunlaşıbdır, onların problemləri də tədricən öz həllini tapır. Mingəçevirdə bundan sonra da köçkünlər üçün yeni binalar, evlər tikiləcəkdir.

Yəni, Mingəçevirin timsalında biz ümumiyyətlə, ölkəmizin inkişaf modelini görürük - güclü sənaye potensialı, sosial məsələlərin həlli, sosial infrastrukturun yaradılması və qeyri-neft sektorunun inkişafı. Çünki bizim üçün, yəni, dövlət, hökumət üçün gələcək illərdə əsas vəzifə bunlardan ibarət olacaq ki, ölkəmiz hərtərəfli inkişaf etsin, bütün bölgələr daha da böyük inkişafa nail olsun və iqtisadiyyatın dayanıqlılığını təmin etmək üçün qeyri-neft sektorunun inkişafına daha da böyük təkan verilsin. Bu ilin birinci rübündə qeyri-neft sektorumuz 11,4 faiz artmışdır. Bu da hesab edirəm ki, dünya miqyasında ən yüksək göstəricidir.

Əlbəttə, Mingəçevirin gələcək inkişafı və şəhərin abadlaşması daim diqqət mərkəzində olacaqdır. Mən dəfələrlə Mingəçevirdə olmuşam, bundan sonra da olacağam, sizinlə birlikdə bütün bu işləri görəcəyik. Bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm", deyə İlham Əliyev bildirib.


Ölkəmizin və Mingəçevirin inkişafına göstərdiyi diqqət və qayğıya görə şəhər ictimaiyyəti adından Prezident İlham Əliyevə təşəkkür edən Bəhmən Nəcməddinov bildirib:

"Möhtərəm cənab Prezident, Mingəçevir şəhərinə xoş gəlmisiniz. İcazə verin, mingəçevirlilər adından Sizi bu gözəl sarayda salamlayım. Hamıya məlumdur ki, Mingəçevirin inkişafında, bugünkü günə çatmasında Ulu Öndərin çox böyük zəhməti olmuşdur. Məhz Ulu Öndərin böyük təşəbbüsü və qətiyyəti sayəsində Mingəçevir Azərbaycanın energetika mərkəzinə çevrilmişdir. Siz bilirsiniz ki, Cənubi Qafqazın ən iri enerji nəhəngi olan İstilik Elektrik Stansiyası məhz Mingəçevirdə Ulu Öndərin qətiyyəti nəticəsində tikilmişdir və bu gün də bu stansiya Azərbaycan iqtisadiyyatında böyük əhəmiyyət kəsb edir.

Bu möhtəşəm sarayın tikintisində bütün mingəçevirlilər fəal iştirak etmişlər və bizim nəsil bildiyiniz kimi, ümummilli lider Heydər Əliyevin dövründə böyümüşük, onun irsini gözəl bilirik. Bu saray gənclərimizin gələcəkdə Ulu Öndərin dərin irsini, həyat məktəbini öyrənmək üçün çox gözəl bir yer olacaqdır. Burada gənclərimiz müxtəlif klublarda öz bilik və intellekt səviyyələrini artıracaqlar, özlərinə lazım olan məşğuliyyətləri artıq burada tapa biləcəklər.
Sizin sayənizdə ölkəmizin iqtisadiyyatı çox sürətlə inkişaf edir. Buna misal olaraq Dünya İqtisadi Forumunun Bakı şəhərində keçirilməsini göstərmək olar. Bu, Azərbaycanın bugünkü dünya iqtisadiyyatında hansı səviyyədə olduğunu təsdiqləyən bir göstəricidir. Orada iştirak edən qonaqların Azərbaycan iqtisadiyyatına, Azərbaycanın inkişafına verdiyi qiymətlər ürəyimizi dağa döndərdi. Bunların hamısı Sizin apardığınız düzgün siyasətin nəticəsidir. Azərbaycan durmadan inkişaf edir. Bu, danılmaz bir faktdır. Belə inkişaf edən bölgələrdən biri də Mingəçevir şəhəridir.
Bu gün Siz qeyd etdiniz, Mingəçevir şəhəri abadlaşır, gözəlləşir, gözəl xiyabanlar tikilir, parklar açılır, belə möhtəşəm saraylar istifadəyə verilir, qaçqınlarımız-köçkünlərimiz üçün gözəl binalar tikilir, infrastruktur dəyişir. Bu, bizi çox sevindirir. Mingəçevirə göstərdiyiniz yüksək diqqət və qayğıya görə Sizə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya mingəçevirlilərin böyük təşəkkürünü çatdırmaq istəyirəm.

Biz Sizin ötən bazar günü Nazirlər Kabinetinin iclasındakı çıxışınızı diqqətlə izləmişik və Mingəçevirə verdiyiniz bu töhfəni böyük səmimiyyətlə qarşılayırıq. Bəli, həqiqətən Mingəçevir buna layiqdir.

Siz qeyd etdiyiniz kimi, Mingəçevirdə keçmişdə iri sənaye müəssisələri var idi və burada 18 mindən artıq əhali çalışırdı. Amma bu gün baxmayaraq ki, Sizin göstərişinizlə burada emal, istehsal, tikinti müəssisələri işləyir, əhalinin xeyli hissəsi işlə təmin olunub, amma işsizlik problemi yenə də vardır. Sizin bu qərarınızdan sonra işsizliyin aradan götürülməsinə çox böyük təkan veriləcəkdir. Mingəçevirin iqtisadi potensialı güclənəcək, şaxələnəcəkdir.
Mingəçevirlilər Ulu Öndərə sadiq olduqları kimi, həmişə Sizinlə olacaqlar və gələcəkdə bütün işlərini Sizin tələbləriniz səviyyəsində qurmağa çalışacaqlar. Ulu Tanrıdan Sizə, ailə üzvlərinizə Azərbaycanın çiçəklənməsində, inkişafında yeni-yeni nailiyyətlər və uğurlar arzulayırıq. Çox sağ olun".


Prezident İlham Əliyev öz növbəsində bildirib:

"Sağ olun, doğrudan da, Mingəçevirin gələcək inkişafı üçün əsas məsələ yeni iş yerlərinin açılmasıdır. Çünki şəhərdə quruculuq-abadlıq işləri çox yaxşı gedir, yeni parklar salınır, ictimai yerlər yaradılır, eyni zamanda, bütün infrastruktur layihələri uğurla icra edilir. Mənə verilən məlumata görə, qazlaşdırma Mingəçevirdə 94 faizə çatmışdır. Yəni, ümumi ölkə üzrə qazlaşdırma hələ ki, o səviyyədə deyildir. İçməli su, elektrik enerjisi ilə heç bir problem yoxdur. Təbii ki, Mingəçevir bütün ölkəmiz üçün elektrik enerjisi istehsal edir.

Yolların çəkilişi son illər ərzində çox yaxşı getmişdir - şəhər yolları abadlaşıb, gözəlləşib, indi yeni layihələr icra edilir. Belə gözəl obyektlər tikilir. Bu gün, eyni zamanda, Gənclər Evi də açılacaqdır. Yəni, sosial infrastrukturla bağlı dediyim kimi, xəstəxana, olimpiya mərkəzi tikiləcəkdir. Ona görə yeganə əsas məsələ iş yerləridir və bu istiqamət üzrə biz daha da fəal işləyəcəyik ki, gələcəkdə Mingəçevirdə də işsizliyin səviyyəsi ölkədə olduğu kimi olsun. Çünki son illər ərzində Azərbaycanda işsizlik böyük dərəcədə aşağı düşmüşdür və statistikaya görə cəmi 5,2 faiz təşkil edir. Mingəçevirdə isə bu göstərici əfsuslar olsun ki, daha böyükdür. Ona görə biz əsas yükü verəcəyik bu məsələlərə. Verilən göstərişlər və hazırlanan layihələr əminəm ki, yaxın zamanlarda Mingəçevirdə bir neçə iri müəssisənin yaradılmasına gətirib çıxaracaqdır. Dövlət, əlbəttə ki, öz üzərinə düşən vəzifəni icra edəcək. Bu layihələr dövlət dəstəyi ilə icra ediləcəkdir və eyni zamanda, biznes qurumlarını da biz yeni müəssisələrin yaradılması üçün Mingəçevirə istiqamətləndirəcəyik. Bu gün Azərbaycanda şirkətlərin böyük hissəsi dövlət tərəfindən dəstək görür və Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu il 250 milyon manat güzəştli kreditlər veriləcəkdir. Yəni, dövlətin kifayət qədər imkanı var ki, istənilən coğrafi məntəqəyə bu investisiyaları yönəltsin. Əlbəttə, Mingəçevir burada ön planda olacaq, çünki buna böyük ehtiyac vardır. Əminəm ki, gələcək illərdə Mingəçevirin böyük sənaye şəhəri kimi şöhrəti yenə də yüksək səviyyədə olacaqdır.

Bir daha sizə təşəkkür edirəm, sağ olun".

Sonra xatirə şəkli çəkdirilib.

Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyevə Müşfiq Mirzəyev adına "Dostluq" parkında aparılan yenidənqurma işləri ilə bağlı məlumat verilib. Qeyd olunub ki, parkda tikinti işlərinə bu ilin yanvarında başlanılıb. Ümumi ərazisi altı hektar olan parkda müasir işıqlandırma sistemi və fəvvarə quraşdırılmış, geniş yaşıllıq zolaqları salınıb, dekorativ ağac və kollar əkilib. İndi parkda yay konsert səhnəsi tikilir. Burada açıq havada şəhər əhəmiyyətli müxtəlif tədbirlər və konsert proqramları təşkil olunacaq. Parkda müxtəlif istirahət guşələri, həmçinin uşaqların əylənmələri üçün hər cür şərait yaradılacaq, müasir attraksionlar və uşaq yelləncəkləri quraşdırılacaq. Artıq 100 müasir oturacaq qoyulub.

Dövlətimizin başçısına məlumat verilib ki, ətrafdakı fərdi evlər və digər binalarda da əsaslı təmir işləri aparılacaq. Yaşıllaşdırılan ərazidə avtomatik suvarma sistemi artıq quraşdırılıb. Bir sözlə, müasir standartlar səviyyəsində inşa olunan park şəhər əhalisinin və qonaqların ən sevimli istirahət mərkəzlərindən birinə çevriləcək.

Azərbaycan Prezidenti yeni parkın tikintisi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.


Teqlər:  





Xəbər lenti