Hərbiçilərimiz İstanbulda konqresə qatılıb

Hərbiçilərimiz İstanbulda konqresə qatılıb
  30 İyun 2014    Oxunub:856
Azərbaycan Respublikası Silahlı Qüvvələrin tibb xidmətinin üç nəfərdən ibarət nümayəndə heyəti İstanbul şəhərində keçirilən "Hərbi münaqişələr və təbii fəlakətlər zamanı tibbi yardımın təşkili və göstərilməsi" mövzusunda Birinci Hərbi Tibbi Konqresində iştirak ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşə Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Qırğızıstandan nümayəndələr qatılıb.

Silahlı Qüvvələrin baş cərrahı, tibb elmləri doktoru, tibb xidməti polkovniki Famil Babayev konqresin açılışında çıxış edərək hərbi münaqişələr və təbii fəlakətlər zamanı tibbi yardımın təşkili, xəsarət alanların çeşidlənməsi, müxtəlif qruplara tibbi yardım prinsipləri, tibbi və digər ehtiyacların müəyyən edilməsi məsələlərinin zəruri olduğunu vurğulayıb.

Bundan əlavə, hərbi münaqişələr və təbii fəlakətlər zamanı müxtəlif qurumlar, o cümlədən Səhiyyə Nazirliyi, Silahlı Qüvvələr və s. arasında əlaqələr, birgə fəaliyyətin əlaqələndirilməsi məsələləri barədə də çıxışlar dinlənilib, təcrübə və fikir mübadiləsi aparılıb.
Konqresdə hərbi münaqişələr və təbii fəlakətlər zamanı travmaların müalicəsi məsələlərinə ayrıca bölüm həsr olunub, müasir diaqnostika, müalicə üsulları və yanaşmalar barədə müxtəlif çıxışlar dinlənilib, müzakirələr aparılıb, "dəyirmi masa"lar keçirilib.

Ayrıca olaraq hərbi münaqişələr və təbii fəlakətlər zamanı epidemioloji vəziyyətin öyrənilməsi və sabitləşdirilməsi, infeksion xəstəliklərin müalicə və profilaktikası, peyvənləşdirilmə məsələləri də müzakirə edilib.

Xüsusi vurğulanan məsələlərdən biri də hərbi münaqişələr və təbii fəlakətlər zamanı zərərçəkmişlərin həm erkən, həm də sonrakı dövrlərdə psixoloji reabilitasiyası məsələləri olub.
Sonda türkdilli dövlətlərinin nümayəndə heyətlərinin rəhbərlərinin iştirakı ilə konqres fəaliyyətinin əlaqələndirmə qrupunun iclası keçirilib, İkinci Hərbi Tibbi Kongresin mövzuları, təşkilati və digər məsələlər müzakirə edilib.


Teqlər:  





Xəbər lenti