Türkiyədə zorlanan azərbaycanlı qadının hekayəsi

Türkiyədə zorlanan azərbaycanlı qadının hekayəsi
  28 İyun 2014    Oxunub:2586
Bakı şəhər sakini Əminə Adil qızı Ak Azərbaycanlı qadınları Türkiyənin İstanbul şəhərinə aparıb və orada cinsi istismara məruz qoyub.
AzVision.az teleqraf.com-a istinadən xəbər verir ki, Əminə Ak 1978-ci ildə anadan olub. O, Türkiyə vətəndaşına ərə gedib. Əminə Ak ərdə olduğu müddətdə Türkiyənin İstanbulda - "Palitra" ticarət mərkəzi ilə üzbəüz 7 mərtəbəli binada yaşayıb. Onun daim yaşayış yeri isə Sumqayıt şəhəri olub.

Əminə Ak Sumqayıt şəhərindən olan qadınları Türkiyədə cinsi istismara məruz qoymağı təşkil edib. O, bu məqsədlə Sumqayıt şəhər sakini Vəfanı (ad şərtidir-red.) da Türkiyəyə aparıb.

İstanbulda oteldə cinsi zorakılıq

Əminə Ak Vəfanı aldadaraq guya Türkiyədə gözəllik salonunda işə düzəldəcəyini bildirib. Lakin Türkiyəyə aparandan sonra Əminə Vəfanın sənədlərini əlindən alıb. O, Vəfanı İstanbul şəhərində yerləşən “İnci” otelinə aparıb və orada kişi müştərlilərlə görüşdürüb. Bununla da Əminə Vəfanı cinsi istismara məruz qoyub.

Vəfa bir müddət Əminənin təkidi ilə həmin oteldə kişilərlə görüşüb. Bir neçə aydan sonra bir nəfər azərbycanlının köməyi ilə Vəfa Azərbaycana gəlib. O, Əminə barəsində Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə şikayət edib. Onun şikayəti əsasında Əminə Ak həbs edilib.

“Vəfanı cinsi istismara məruz qoymamışam”

Əminə Akın barəsində Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə ittiham elan olunub və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Rasım Sadıqovun sədrliyi ilə keçirilən prosesdə Əminə Akın ittihamı açıqlanıb. Əminə Ak elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, deyib ki, Vəfanın İstanbul şəhərinə aparsa da, onu cinsi istismara məruz qoymayıb.

Prosesdə cinayət işi üzrə adı keçən şahidlər ifadə verib. Onlar Əminə Akın Vəfanın aldadaraq Türkiyəyə aparması və orada otellərdə cinsi istismara məruz qoymasını təsdiqləyiblər. Prosesdə fasilə elan olunduğu üçün zərərçəkmiş ifadə verməyib. Zərərçəkmiş iyulun 3-də ifadə verəcəyi gözlənilir.

“Əminə bildirdi ki, burdakı qazancla borcunu qaytara bilməzsən”

Cinayət işi üzrə Türkiyədə cinsi istismara məruz qalmış Vəfanın istintaqa verdiyi ifadəsini əldə edilib. Vəfa deyib ki, 1982-ci ildə Sumqayıt şəhərində anadan olub. Onun sözlərinə görə, 10 il Sumqayıt Şəhər İcra Hakimiyyətinin yaxınlığında yerləşən “Nəcib” gözəllik salonunda işləyib: “Mənim daimi müştərim olan Əminə adlı qadın bir gün məndən soruşdu ki, niyə fikirlisən. Mən xeyli borcum olduğunu dedim. Əminə mənə bildirdi ki, burdakı qazancınla sən borcunu qaytara bilməzsən. Əminə mənə təklif etdi ki, Türkiyədə dostumun gözəllik salonu var, orda hər ay 4-5 min manat qazana bilərsən. Mən razılıq verəndən sonra Əminə bir sutka müddətində xarici paspotumu düzəltdi və biz Türkiyəyə yola düşdük”.

“Məni hər gün döyürdü, işgəncə verirdi”

Zərərçəkmiş daha sonra qeyd edib ki, 3 gün İstanbulda “İnci” oteldə qalıb: “Mən Əminəyə bildirdim ki, oteldə baha qiymətə qalırıq, sən məni dediyin iş yerinə apar işə başlayım. Əminə mənə dedi ki, işləmək üçün çalışma izni lazımdır, amma bu çox zaman alacaq. Əminə mənə dedi ki, eyni zamanda sən İntetpol xətti ilə axtarışdasan. Ona görə də borcunu qaytarmaq üçün mən dediyim işlə məşğul olmalısan. Mənim bütün sənədlərim Əminədə olduğu üçün geri qayıtmaq imkanım qalmamışdı. Beləliklə, Əminə məni cinsi istismara məcbur etdi. O, məni hər gün döyürdü, işgəncə verirdi. 7 aydan sonra mən Əminəyə dedim ki, pulumu ver, qayıdım borcumu qaytarım. Əminə mənə dedi ki, borclu olduğun adamın telefonunu mənə ver, mən sənin borcunu qaytaracam. Sonra mənə məlum oldu ki, Əminə mənim borcumu qaytarmayıb”.

Vəfanın sözlərinə görə, çox çətinliklə olsa da, 27 dekabr 2013-cü il tarixdə Bakıya qayıda bilib. O, deyib ki, 28 dekabrda İnsan Alveri ilə Mübarizə İdarəsində olub. Onun izahatını alıblar.

Cinayət işi üzrə məhkəmə davam edəcək.


Teqlər:





Xəbər lenti