“Vəziyyət gərgindir” – Zakir Həsənov

“Vəziyyət gərgindir” – Zakir Həsənov
  27 İyun 2014    Oxunub:963
İyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələr Günü münasibəti ilə "Gülüstan" sarayında təntənəli mərasim keçirilib.

Mərasim açıq elan edildikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ümumilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra mərasimdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümünə həsr edilmiş təbrik nitqilə çıxış edib, Silahlı Qüvvələrin şəxsi heyətinə xidmətlərində uğurlar arzulayıb.

Qonaqlara Müdafiə naziri adından bayram münasibətilə ziyafət verilib.
Tədbir Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblnın, həmçinin respiblikamızın incəsənət xadimlərinin təqdim etdiyi bayram konserti ilə yekunlaşıb.

AzVision.az müdafiə naziri, general polkovnik Zakir Həsənovun tədbirdəki çıxışını təqdim edir:

-Cənab generallar və zabitlər!
Hörmətli veteranlar və qonaqlar!

Sizi Azərbaycan Respublikası Silahlı Qüvvələri yaradılmasının 96-cı ildönümünə həsr edilmiş təntənəli mərasimdə salamlayır, bu münasibətlə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, ailə xoşbəxtliyi və işinizdə uğurlar arzulayıram.

Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, müstəqil dövlətin güclü ordusu olmalıdır. Güclü ordu müstəqil və suveren dövlətin onurğa sütunudur.

Ulu Öndər həmçinin söyləmişdir ki, Azərbaycan Silahlı Qüvvələri 1918-ci ildə yaradılmış Cümhuriyyət Ordusunun varisidir. Məhz onun 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü elan edilib.

26 iyunun Silahlı Qüvvələr günü elan edilməsi Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası və tarixilik baxımından böyük əhəmiyyətə malikdir. Xalqımız ikinci dəfə müstəqillik əldə etdikdən sonra Ordu quruculuğu sahəsində mühüm addımlar atılmış və böyük uğurlar əldə edilmişdir. Məlumdur ki, Azərbaycan Silahlı Qüvvələri işğalçı Ermənistan tərəfindən elan olunmamış müharibənin gedişində yaradılıb formalaşıb.
Bu gün Azərbaycan Silahlı Qüvvələri şəxsi heyətinin döyüş ruhu və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir. Çünki bu işlər vahid komandanlıq və müəyyən olunmuş plan əsasında həyata keçirilir.
Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev deyib: "Azərbaycan müharibə şəraitində yaşayır, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatmışdır və hər an bizim ordumuz hazır olmalıdır ki, öz ərazi bütövlüyünü istənilən yolla bərpa etsin". Mən Müdafiə naziri kimi Ali Baş Komandanımızın bu çağırışına cavab olaraq məruzə edirəm ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Sizin hər bir əmrinizi yerinə yetirməyə hazırdır.
Hörmətli mərasim iştirakçıları!

Nəzərinizə çatdırıram ki, işğalçı Ermənistan dövlətinin qeyri-konstruktiv mövqeyi ucbatından Cənubi Qafqaz regionunda hərbi-siyasi vəziyyət gərgin olaraq qalır. Qoşunların təmas xəttində hər gün atəş səsləri eşidilir. İşğalçı dövlətin kəşfiyyat-təxribat qrupları müdafiə postlarımıza hücum etməyə cəhd göstərirlər. Lakin Silahlı Qüvvələrimizin bölmələri dərhal onlara cavab verir və düşmən qüvvələri itkilər verərək geri çəkilir.
Hamınıza yaxşı məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ölkəmizin iqtisadi inkişafına, Silahlı Qüvvələrin maddi-texniki təminatının gücləndirilməsinə, ordunun müasir silah-sursat, hərbi texnika ilə təchizatına, bütövlükdə dövlətimizin iqtisadi, ictimai-siyasi və hərbi qüdrətinin yüksəlməsinə xüsusi diqqət yetirir.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin bütün şəxsi heyəti xalqımızın, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bu etimadına layiq olmaq üçün əlindən gələni edir. Bunun nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələrinin adı dünyanın güclü, müasir standartlara uyğun yenidən qurulan və təchiz edilən orduları sırasında çəkilir. Azərbaycan Silahlı Qüvvələri şəxsi heyətinin döyüş hazırlığı prosesi durmadan inkişaf etdirilir.

Bunun əyani sübutu kimi deyə bilərəm ki, elə bu gün səhər saatlarında Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin hissə və birləşmələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimləri keçirilib.

Təlimlərdən sonra şəxsi heyətin qarşısında çıxış edən Möhtərəm Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev keçirilən təlimləri yüksək qiymətləndirərək cəlb olunan heyətin döyüş hazırlığının və peşəkarlığının səviyyəsini xüsusi qeyd etmişdir. O, Azərbaycan Ordusunun bu gün nəinki bölgədə, dünya miqyasında həm hərbi potensialına, həm döyüş qabiliyyətinə, həm də təchizatına görə güclü ordular sırasında olmasını bir daha vurğulyıb.

İşğalçı Ermənistan dövləti və onun hərbi-siyasi rəhbərliyi bilməli və anlamalıdır ki, Azərbaycan Silahlı Qüvvələri düşmənə öldürücü zərbə endirilməsi üçün kifayət qədər gücə, qüvvəyə, canlı, hərbi-texniki resurslara malikdir və bunu həyata keçirməyə həmişə hazırdır. Ancaq biz bununla kifayətlənmirik, Silahlı Qüvvələrimizin döyüş qabiliyyətini və imkanlarını daim artırmaq və gücləndirmək istiqamətində işlərimizi davam etdiririk.

Buna bizi düşmən ölkədə baş verən proseslər, onun rəhbərliyinin yürütdüyü siyasət və hərəkətləri vadar edir.

Bir daha vurğulayıram ki, biz Azərbaycan Silahlı Qüvvələri quruculuğunda bu günə qədər əldə etdiyimiz uğurlarla kifayətlənmirik və Silahlı Qüvvələrin bütün şəxsi heyəti yeni-yeni nailiyyətlərə can atır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qeyd etdiyi kimi ordu quruculuğu sahəsində uğurlar bundan sonra da davam etdiriləcək.

Azərbaycan Silahlı Qüvvələri xalqımızın iradəsilə Prezidentimizin hər bir əmrini yerinə yetirməyə hazırdır.

Ordu və xalq birdir, ayrılmazdır. Çünki Azərbaycan Silahlı Qüvvələri Azərbaycan xalqının ürəyindən və qanından yaranmışdır. Azərbaycan Ordusu Azərbaycan xalqının övladıdır. Odur ki, biz bütün fəaliyyətimizdə və əməllərimizdə xalqa arxalanırıq, hər bir hərəkətimizdə xalqımızın dəstəyinə ehtiyacımız vardır.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti