Xalq artisti: `Sənətimə görə ailə qura bilmədim` – Müsahibə
“Artıq yaşlanmışam, əl-ayağa dolaşmaq istəmirəm”
O, çoxdandır görünmürdü. Nə səhnədə, nə də efirlərdə... Sanki hamıdan: dostlarından, sənət yoldaşlarından, jurnalistlərdən küsmüşdü. Dəfələrlə telefon açaraq müsahibə götürmək istəsək də imtina edir, mətbuata çıxmaq istəmədiyini bildirirdi.
Onunla təsadüfən parkda rastlaşdıq. Salamlaşıb hal-əhval tutduqdan sonra birtəhər müsahibəyə razılıq ala bildik.
Söhbət səhnəmizin tanınmış aktrisası, Xalq artisti Zərnigar Atakişiyevadan gedir.
Məşhur aktrisa AzVision.az-a müsahibəsində sənətindən tutmuş, niyə ailə qurmamasına kimi bir sıra mətləblərə aydınlıq gətirib.
- Sizinlə bu parkda ilk dəfədir rastlaşırıq. Şəhər gəzintisinə tez-tez çıxırsınız?
- Hərdən çıxıram. Yaz gələndə, maydan oktyabrın sonlarına qədər şəhərdə tez-tez oluram, xüsusən də yaşıllığın çox olduğu yerdə. Həyat budur, bu həyatı bizimçün yaradıblar. Onun gözəlliyindən zövq alıram. Bu yaşıllıq insanların problemi olanda onların əhvalını dəyişir. Gündə bir-iki saat yaşıllığa baxmaq gözlər üçün də xeyirlidir. İncəsənət, əsasən də rəssamlıq və təbiətin təsviri ilə yaşayan insanlara bu daha vacibdir.
- Səhnə, teatr üçün darıxırsınız?
- Artıq mənim yaşım çatıb, reallıqla barışmaq lazımdır. 1969-cu il, yəni İncəsənət instutununa daxil olduğum ildən etibarən teatrda o qədər intensiv tamaşalar oynamışıq. Mənim həm teatrda, həm də Azərbaycan televiziyasında, həm də radioda çox sayda işim olub. Bundan başqa çoxlu qastrol səfərlərində olmuşam. Hər rayonda bir ay müddətində tamaşalar oynamışıq. Bir sözlə səhnə taleyim gur keçib.
- Tamaşalarınızdan, həm də qastrol səfərlərindən hansı maraqlı hadisələri xatırlayırsınız?
- Mən həddindən artıq ciddiyəm, yəni rollarıma, işimə qarşı həmişə çox ciddi yanaşmışam. Bununla yanaşı zarafatı da sevən insanam. Mənim beynim, ruhum ancaq ifa etdiyim rollara kökləndiyi üçün zarafatlar az olur. Çünki rollarım da ciddi idi. Ona görə də hansısa maraqlı hadisə yadıma gəlmir.
- Hazırda kinonun, teatrın vəziyyəti sizi qane edirmi?
- Qane edir. Bilirisiniz niyə? Gənclik həmişə inkişaf deməkdir. Yəni bir nəsil gəlir, işləyir, yaşı çatır və təqaüdə çıxır, gələcək nəsillər gəlir. Gələcək nəslin isə dünyaya baxışı, intellekti daha genişdir və gənc nəsil artdıqca bilik də, intellekt də, şüur da, zövqlər də başqalaşır. Bu, təbii və qaçılmaz prosesdir. Elə tamaşaçının özündə də fərq yaranır. Məsələn, indiki tamaşaçı tamaşaya nəvəsi ilə gəldiyinə görə yeni nəslin zövqü ilə də hesablaşmalı olur.
- Bəs indiki film və seriallardan hansını izləyirsiniz?
- Seriallara hövsələm çatmır. Çünki seriallar təzə çıxanda bir neçəsinə baxmışam. Məndə şəkər xəstəliyi var, ona görə xəstəxanda yatmışam və bu da mənə təsir edir. Çalışıram ki, konflikt situasiyalardan kənar durum.
- Elə bir obraz var ki, onu canlandırmaq istəmisiniz, amma bu, baş tutmayıb?
- Tərəziyə qoyanda baxıb görürsən ki, əvvəla yaş ötüb. Əgər indiyə qədər rejissor görməyibsə, istəməyin burada heç bir mənası yoxdur. Onu gərək rejissor görsün, o görmürsə, nə etmək olar? Buna baxmayaraq mən öz yaradıcılıq həyatımın böyük hissəsini Azərabycan Milli Akademik Dram teatrında işləmişəm. Rejissorlardan, müəlliflərdən özümə qarşı çox diqqət görmüşəm. Ona görə də mənim rol baxımdan niskilim yoxdur. Özüm haqqında yaxşı danışa bilmərəm və buna ixtiyarım da yoxdur, mən sadəcə aktyoram. Bizə tamaşaçı qiymət verir, biz özümüz özümüzə qiymət verə bilmərik.
- Axı indi aktrisaların əksəriyyəti özünü yüksək qiymətləndirir.
- Onlar özləri öz gördüyü işi qiymətləndirir. Burada söhbət məndən gedir və mən həmişə istəmişəm ki, mənə tamaşaçı qiymət versin. Mən xarakterli rollar aktrisasıyam. Çox müxtəlif obrazları canlandıra bilərəm. Amma indi sənətimlə, yaşımla və qanunla hesablaşmaq lazımdır. Mən tamaşaçının həmişə gülər üzünü, alqışını axtarmışam. Əgər o mənə, sənətimə gözəl sözlər deyibsə də, o sözlərdən daha artığını mən tamaşaçının gözlərindən oxumuşam.
- Bir az da Əliabbasın “Yuxu”sundan danışın.
- (gülür) Bütün milli koloritli filmlərimizi sevirəm. Ona görə ki, istər bizdən əvvəlki, istərsə də sonrakı filmlər güclüdürlər. Bizim dövrümüzdə Azərbaycan kino və teatr sənəti mənimçün həmişə yüksəkdədir. Çünki orada qəlb, ruh, ürək döyüntüsü, milli kolorit var. Təsəvvür edirsiz, “Yuxu” mənim ən sevdiyim filmlərdən biridir. O film özündə şərqin coşqunluğunu, tempramentini, yaşayış tərzini ehtiva edir. “Yuxu” filmi şərq koloritinə, şərq mədəniyyətinə yaxındır.
Əliabbas əsgərlikdən gələndən sonra Bahardan soruşur ki, məni istəyirsən? Hətta onda belə qızın əlinə toxunmur. Burada azərbaycanlı sevgisinin böyüklüyü göstərilir.
Filmdə ən sevdiyim hissə onların bir-birinə sevgilərini etiraf etdiyi epizoddur. Mənə qismət oldu ki, cavanlığımdan bəri sevdiyim aktrisa, Nəsibə xanımla bir filmdə rol aldım. Onun özündən də sənətimə qarşı xoş sözlər eşitmişəm. O mənə dedi ki, sənin özünə də, sənətinə də vurğunam, sən heç kəsi təkrarlamırsan, elə özünsən.
Həmin film Buzovna kəndində çəkilib.
- Əliabbasın yuxusu həyatda baş versəydi, onda bunu necə qarşılayardınız?
- O faciədir. Reallıqda olanda komediyadan çıxır. Bu film isə komediyadır. Amma reallıq isə dərdini çəkib qurtara bilməyəcəyin faciədir. Ona görə də yaxşı ki, real olmayıb. (gülür)
- Son illərdə hansısa film, və ya seriala dəvət almısınız?
- Mən şəkər xəstəliyinə tutulmuşam və onun kaprizləri var. Soyuq havalarda yox, bir serialı, qısa filmlər olsa, çəkilərəm. Cavan rejissora qoşulub çöllərə düşsəm, onun işinə mane olaram. Ona görə də əl-ayağa dolaşmaq istəmirəm. Serialsız da yaşaya bilirəm.
- Niyə ailə həyatı qurmadınız?
- Mən teatra gələn kimi teatr məni qəbul etdi və teatrla ailə baş tutmur. Sənət mənə ailə qurmağa imkan vermədi. Bizim vaxtımızda qızlar teatra az gəlirdi. Hamı İnstitutda müəllim olmaq istəyir və ailə qurmaq barədə düşünürdü. Mən 5 yaşımdan şeir demişəm, harada səhnə var idisə, ora qaçırdım. Elə İnstitutda oxuduğum vaxtlarda bizi Avstriyaya aparanda Vyana Opera teatrına getmişdik. Onda teatrda gəzə-gəzə gedib düz səhnəyə çıxmışdım. Onda hələ harada olduğumu tam dərk etmirdim. Taleyin qismətinə bax, məni 5 yaşımdan səhnəyə gətirib, sonra da Vyana teatrının səhnəsinə çıxarıb. O vaxtlar buna çox da əhəmiyyət vermirdim, bunun əhəmiyyətini indi, bu yaşda dərk edirəm.
- Yəni, həyatınızı səhnəyə həsr etmisiniz...
- Bəli, səhnəyə görə ailə həyatı qurmamışam. Mən aktrisa kimi qəbul olunmuşam deyə bu da mənə səddlər qoyub. Baxan deyirdi ki, sənin yerin elə səhnədir.
Nuran Məmmədov