“Erməni kilsəsi sülh müqaviləsinə qarşıdır” – Moldovalı politoloq

   “Erməni kilsəsi sülh müqaviləsinə qarşıdır” –    Moldovalı politoloq
  08 Fevral 2024    Oxunub:2344
“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mütəmadi təxirə salınmasının əsas səbəbi bu problemin həllində təkcə tərəflərin deyil, məsələ ilə bu, ya digər dərəcədə maraqlanan bir çox digər aktorun da iştirak etməsidir”.
Bu sözləri AzVision.az -a müsahibəsində moldovalı siyasi analitik, tarix elmləri doktoru Ruslan Şevçenko deyib. O bildirib ki, münaqişənin həlli artıq son mərhələsinə çatıb:

- Azərbaycan tərəfi müqavilənin imzalanması üçün heç bir maneə görmür. İrəvanda təkcə Paşinyan yox, onun partiya yoldaşı, Ermənistan Milli Məclisinin sədri Alen Simonyan da bəyan edib ki, Azərbaycanın ərazi bütövlüyünü sovet sərhədləri daxilində, yəni Qarabağla birlikdə tanımağa hazırdırlar.

- Bəs gərginlik niyə səngimir?
- Ermənistan müxalifəti Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması məsələsindən öz siyasi mənfəəti naminə fürsət kimi faydalanaraq, Paşinyan və tərəfdarlarını “erməni torpaqlarını satmış alçaqlar” kimi qələmə verir və müqavilənin imzalanmasını əngəlləmək üçün kampaniya aparır. Əksər ermənilər, hətta hökuməti dəstəkləyənlər də acı reallığı - Qarabağdan əl üzmək zərurətini başa düşürlər. Amma məsələyə indiyədək neytral mövqedən yanaşan erməni kilsəsi revanşistləri dəstəkləyir: bir sıra keşişlər qətiyyətlə sülh müqaviləsinin əleyhinə çıxaraq, onu imzalamağa hazır olan Paşinyana “xain” damğası vururlar. Nəzərə alsaq ki, erməni cəmiyyətində kilsənin böyük nüfuzu var, onun fikrinə məhəl qoymamaq istənilən siyasətçi üçün risklidir. Odur ki Paşinyan da müqavilənin imzalanmasını növbəti dəfə yubadaraq, rəhbərlik etdiyi “Mənim Addımım” İttifaqı ilə birgə ölkədəki ictimai rəyi nəzərə almağa məcbur qaldı.

- Bəs beynəlxalq vəziyyət sülh müqaviləsinin perspektivlərinə necə təsir göstərir?
- Azərbaycan və Ermənistan arasında sülh prosesi ətrafında yaranmış beynəlxalq vəziyyət ürəkaçan görünmür. Paşinyan Rusiyanın Cənubi Qafqazda nüfuzunun zəifləməsi fonunda onun yerini tutmağa çalışan Fransanın təzyiqi altındadır. Əhalinin müəyyən qisminin revanşist əhval-ruhiyyəsindən faydalanmaqla erməni siyasi dairələrində nüfuz qazanan Paris münaqişənin həllində maraqlı deyil. Regionda kəşfiyyat fəaliyyətini gücləndirərək, tərəfləri əlverişli məqamda yenidən toqquşdurmaq üçün Ermənistana silah satır.

Rəsmi Bakı ölkəyə soxulan fransız casuslarını üzə çıxarsa da, Fransa hökuməti xəbərdarlığa məhəl qoymadı. Əksinə, Fransanı növbəti anti-Azərbaycan təxribat dalğası bürüdü. Radikal erməni diasporunun güclü təsiri altındakı hakim elita Azərbaycana qarşı güzəştə getməmək niyyətini nümayiş etdirir.

- Rusiyanın mövqeyi prosesə necə təsir edir?
- Sülh müqaviləsinin imzalanmaması Rusiya üçün də sərfəlidir. Putin və tərəfdarları yaxşı başa düşürlər ki, belə bir müqavilə Rusiyanın Ermənistandakı nüfuzu üçün “ölüm hökmü”dür. Ona görə də hər vəchlə Ermənistan müxalifətini qızışdırır və narazı xalqın Paşinyanı siyasi səhnədən uzaqlaşdıracağına ümid bəsləyirlər. Hərçənd cəhdlər uğursuz alınıb, ancaq Moskva bu istiqamətdə fəaliyyətinə davam edir və onun erməni cəmiyyətinin müəyyən hissəsi üzərindəki nüfuzu hələlik sarsılmaz görünür.

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə qarşı çıxan üçüncü tərəf ABŞ-nin hakim Demokratlar Partiyasıdır. Erməni lobbisi bu partiyada güclü ənənəvi nüfuza malikdir. Partiya nümayəndələri Bakıya qatı düşmən mövqeyindən yanaşır, Ermənistanın məğlubiyyətini həzm edə bilmir və Azərbaycana yenidən ərazi iddiaları irəli sürmək fürsəti yarananadək münaqişəni canlı saxlamağa çalışırlar. Azərbaycan və ABŞ arasında münasibətlərin müəyyən mənada soyumasının səbəblərindən biri də məhz budur.

- Sülh müqaviləsinin imzalanması neçənci ildə gözlənilir?
- Paşinyanın həmvətənlərini və xüsusən də kilsəni Azərbaycanla sülh bağlamağın vacibliyinə inandırması, görünür, hələ çox çəkəcək. 2024-cü ildə dünyanın bir çox ölkəsində, o cümlədən ABŞ və Rusiyada, habelə Avropa İttifaqında seçkilərin keçiriləcəyini nəzərə alsaq, yəqin ki, Azərbaycan və Ermənistan növbəti addımları atmazdan qabaq suların durulmasını gözləyəcəklər. Çox güman ki, müqavilənin imzalanması 2024-cü ilin sonundan tez olmayacaq, bəlkə hətta, bir qədər gecikəcək.

Samir Vəliyev
Firudin Həmidli

AzVision.az


Teqlər: Siyasi-şərh   Sülh-müqaviləsi  





Xəbər lenti