"Azərbaycana qarşı ittihamlar absurddur" – Yəhudi dini icmasının sədri (VİDEO)

   "Azərbaycana qarşı ittihamlar absurddur" –    Yəhudi dini icmasının sədri (VİDEO)
  08 Fevral 2024    Oxunub:1641
Zamir İsayev
Ravvin,
Gürcüstan yəhudilərinin Bakı dini icmasının sədri

AzVision.az üçün

Azərbaycan tarixən müxtəlif din və millətlərin mənsublarının birlik və qardaşlıq ruhunda birgə yaşadıqları ölkə kimi şöhrət qazanıb. Azərbaycan xalqı tarix boyunca bütün dünyada öz tolerantlığı ilə seçilib. Bu ənənə hər bir konfessiyanın fəaliyyətinə şərait yaradan, hər millətin nümayəndələrinin bərabərhüquqlu yaşayışını təmin edən görkəmli lider Heydər Əliyevin hakimiyyəti illərində daha da möhkəmlənib.
Prezident İlham Əliyev eyni siyasi xətdə uğurla irəliləməklə dini tolerantlığın və millətlərarası əlaqələrin inkişafına, güclənməsinə xüsusi diqqət yetirir.



Azərbaycan Respublikasının Konstitusiyası ana dilinə, dini mənsubiyyətinə fərq qoyulmadan vətəndaşların qanun qarşısında bərabərliyinə təminat verir ki, bu da ölkənin tolerantlıq prinsiplərinə bağlılığının əyani sübutudur.

Müasir Azərbaycanda dinlərarası dialoq və harmoniya mütəmadi irəliləyir. Ölkə rəhbərliyi tarixi-dini abidələrin mühafizəsinə böyük əhəmiyyət verir. Məscidlər, kilsələr və sinaqoqlarda bərpa işləri aparılır. Heydər Əliyev Fondu bu sahədə görülən işlərdə vacib rol oynayır, dini müxtəlifliyin dəstəklənməsi və inkişafına, ölkənin mədəni irsinin qorunub saxlanmasına mühüm töhfə verir.

ABŞ Dövlət Departamentinin Azərbaycanı bu yaxınlarda “milli azlıqlara qarşı təzyiqlərə görə xüsusi nəzarətdə saxlanılan” ölkələr siyahısına salması ilə əlaqədar dərin təəccüb və çaşqınlığımızı bildiririk. Azərbaycan Respublikası vaxt-bivaxt belə əsassız ittihamlarla üzləşib, lakin ölkəmizdəki faktiki vəziyyəti nəzərə alsaq, bu ittiham da çox absurd və əsassız görünür.

Azərbaycan milli azlıqların hüquqlarına daim hörmət bəsləyib. Dövlət və müxtəlif dini icmalar arasında münasibətlər qarşılıqlı ehtiram və dəstəyə əsaslanır. Prezident İlham Əliyev dini icmaların rifahına hər zaman qayğı ilə yanaşır, hər birinə, o cümlədən yəhudi icmalarına mütəmadi maliyyə dəstəyi ayırır.

Ayrı-ayrı dövlət qurumları da müxtəlif icmalar arasında əməkdaşlığın inkişafına, habelə birgə tədbirlərin və səfərlərin təşkilinə həmişə diqqət ayırır, kömək göstərirlər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi davamlı əlaqə saxlayıb maraqlanaraq, dini və milli azlıqların problemlərinin həllinə dəstək verir. Hökumət həm hazırkı ehtiyaclarımızı qarşılayır, həm də gələcəyimizi öz təminatı altında saxlayır. Bakı yəhudi məktəbində (Xabad-Or-Avner təhsil mərkəzi – red.) digər fənlərlə yanaşı ivrit dilinin də tədrisi yəhudi xalqının tarix və adət-ənənəsinin dövlətin himayəsində qorunmasına bariz misaldır.

Bu, əlbəttə, dini və milli azlıqların, o cümlədən yəhudi icmasının rifahına xüsusi əhəmiyyət verən Prezidentimiz İlham Əliyevin uğurlu rəhbərliyinin nəticəsidir. Onun qayğı və dəstəyini daim duyur, yüksək qiymətləndiririk.

Sonda bir daha təkrarlamaq istərdim ki, xaricdən gələn ittihamlar əsassız və absurddur. Belə ittihamlar Azərbaycan və İsrail kimi ölkələrə münasibətdə, təəssüf ki, öyrəşdiyimiz ikili standartlardan xəbər verir və əlbəttə, hansısa dövlətlərin şəxsi maraqlarından irəli gəlir. Ölkəmiz milli və dini mənsubiyyətinə fərq qoyulmadan bütün vətəndaşların ahəng içində yaşayışına, etnik müxtəliflik və qarşılıqlı hörmət prinsiplərinə hər zaman sadiq qalacaq.

Yazının rus versiyası


Teqlər: Yəhudi-icması  





Xəbər lenti