Erməni lobbisinin qürubu: ANCA çökməyə başlayıb
Erməni lobbisinin tənəzzülünü, şübhəsiz ki, Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun güclənməsi ilə əlaqələndirə bilərik. Azərbaycan xarici və daxili siyasətində, eləcə də Qarabağ münaqişəsinin həllində tam uğur qazanıb. Əldə olunan parlaq nəticə ölkənin beynəlxalq mövqeyini möhkəmləndirməklə yanaşı, həm də erməni lobbisinin nüfuzuna ciddi zərbə endirib. Nəticədə Amerika Erməniləri Milli Komitəsi çoxsaylı təşkilat və tərəfdaşların maliyyə dəstəyindən məhrum olub.
Hazırda komitənin fəaliyyəti olsa-olsa, sosial şəbəkədə saxta məlumatlar yaymaqdan ibarətdir. Bu, lobbinin gələcəyi barədə ciddi suallar doğurur. Çünki o nəinki gücünü itirib, həmçinin strateji səhvlərə də yol verib.
ANCA-nın hazırda ən böyük yanlış addımı, əlbəttə, Azərbaycanla Ermənistan arasında qarşıdurmanı mütəmadi qızışdırmasıdır. Belə təbliğat Ermənistan Respublikasının maraqlarına mənfi təsir göstərir.
Komitə, digər tərəfdən, Ermənistanın beynəlxalq statusuna çox da mühüm töhfə verməyən bir sıra layihəyə maliyyə dəstəyi ayırıb ki, bu cür addımlar ölkənin iqtisadi-siyasi böhranını daha da gərginləşdirib və münaqişənin həlli prosesi üçün əlavə maneələr yaradıb.
Qısası, Azərbaycanın nüfuzunun möhkəmləndiyi bir dövrdə Amerika Erməniləri Milli Komitəsi altında qaldığı problemlərlə boğuşur. İlham Əliyevin apardığı xarici siyasətin fonunda erməni lobbisi tərksilah olub və güclü Azərbaycana qarşı konkret strategiyası yoxdur.
Samir Vəliyev
AzVision.az
Teqlər: ANCA