Broyers: “Azərbaycanın Ermənistana hücumu barədə fərziyyələr əsassızdır”

   Broyers:    “Azərbaycanın Ermənistana hücumu barədə fərziyyələr əsassızdır”
  23 Yanvar 2024    Oxunub:2238
Ermənistanın üzləşdiyi geosiyasi vəziyyət təhlükəli qeyri-müəyyənliklə doludur: burada baş verən hər şey ötən əsrin əvvəllərində Cənubi Qafqazın taleyini həll edən geosiyasi oyunları çox xatırladır.
AzVision.az xəbər verir ki, Beynəlxalq böhran qrupunun proqram direktoru, Cənubi Qafqaz üzrə tanınmış ekspert Lourens Broyers “Azadlıq radiosu”nun erməni bürosuna verdiyi müsahibədə Ermənistanın Türkiyə və Azərbaycanla sərhədlərinin məlum səbəblərə görə bağlı olduğunu xatırladaraq, İranla dar bir sərhədin mövcudluğuna diqqət çəkib. Lakin İran müəyyən mənada Ermənistanın tərəfdaşı olsa da, bu tərəfdaşlıq çox məhduddur. Ermənistanın Gürcüstanla münasibətləri isə daha çox Azərbaycan və Türkiyədən asılıdır.

“Bu, çox qeyri-sabit vəziyyətdir və biz bunun 20-ci əsrin əvvəllərindəki geosiyasəti xatırlatığı barədə bəzi fikriləri görürük. Məhz onda, əsasən regional güclər Cənubi Qafqazın taleyini təyin etdilər” , - Lourens deyib.

Ekspertin iddiasına görə, Qarabağ müharibəsindən sonra regional güc kimi Cənubi Qafqaza qayıdan Türkiyə, bu nəticələri öz xeyrinə dəyişmək üçün güc tətbiq etməyə hazırdır ki, bu da çoxqütblü dünya nizamı uğrunda daha geniş geosiyasi rəqabətin tərkib hissəsidir. Qərb dəyərlərinin və institutlarının isə bölgədə tədricən zəifləməsi İrəvanı kövrək, həssas və təhlükəli qeyri-müəyyənlik vəziyyətində qoyur. Məhz belə reallıq fonunda İrəvan başqa dəstək mənbələri, o cümlədən Fransanın köməyini axtarır.

Azərbaycanın Rusiya üçün əhəmiyyəti

Broyers Rusiyanın postsovet məkanındakı digər separatçı rejimlərlə müqayisədə Azərbaycan ərazisində mövcud olmuş qondarma “Dağlıq Qarabağ resbublikası”nı tanımadığına və Moskvanın Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyətə xüsusi diqqət yetirib.

“Rusiya 30 ildir ki, həm Azərbaycan, həm də Ermənistanla yaxşı münasibətlər saxlamağa çalışır. Moskvanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyi həmişə Cənubi Osetiya və Abxaziyadakı münaqişələrdən fərqlənib: Rusiya heç vaxt separatçı “Dağlıq Qarabağ respublikası”nın tanınması imkanını nəzərdən keçirməyib. İndi isə, Azərbaycan Rusiya üçün regionda Ermənistandan daha “məntiqli” tərəfdaşdır. Bu ölkənin ərazisi Ermənistandan daha böyükdür, Rusiya ilə birbaşa həmsərhəddir, İran və Cənubi Asiya ilə coğrafi əlaqələrə görə böyük geosiyasi əhəmiyyətə malik dövlətdir” , - ekspert vurğulayıb.

Belə ki, Rusiya üçün Azərbaycan Türkiyə və Mərkəzi Asiyanı əhatə edən böyük Avrasiya layihəsinin mühüm birləşdirici elementidir. Rusiyanın regionda təsiri getdikcə zəifləsə də, bu əslində “tamamilə idarə olunan eniş”dir. Çünki Rusiya müxtəlif şəraitlərə kifayət qədər uyğunlaşmaq qabiliyyətinə malikdir. Bu isə, Qərbin nəzarət olunmayan tənəzüllündən və hətta bunu tanınmaq istəməməsindən əhəmiyyətli dərəcədə fərqlənir.

Qərbin Ermənistana dəstəyi təhlükəli deyil?

Hazırda Ermənistanla Azərbaycan arasında hərbi güc sahəsində böyük asimmetriyanın mövcudluğunu bidirən ekspert, bunun qarşısını almaq üçün heç bir təsirli maneənin olmadığını söyləyib. Məhz buna görə də, Ermənistan münasibətlərini şaxələndirməyə çalışır, yeni tərəfdaşlar axtarır.

Amma, maraqlıdır ki, Ermənistanın tərəfdaşlığa can atdığı bu aktorların çoxu bölgədən uzaqda yerləşir. Bu baxımdan, həmin qüvvələrin maraqları barədə suallar yaranır ki, buna da müxtəlif nöqteyi-nəzərdən baxışlar mövcuddur.

“Məsələn, Böyük Britaniya ilə tərəfdaşlıq. Səhv etmirəmsə, Londonla İrəvan arasında ilk strateji dialoq ötən il noyabrın 13-də baş tutub. İdarəetmə və ticarət sahələrində əməkdaşlıqdan danışılıb və müdafiə sektoru da qeyd olunub. Amma məncə, biz buna əslində nəyin daxil olduğunu aydın bilməliyik. Buraya liderlik, ingilis dili, minalardan məlumatlılıq və sülhməramlılıq üzrə təlimlər daxildir. Beləliklə, bu, mütləq hücum hərbi imkanları ilə əlaqəli deyil.

Düşünürəm ki, bu, müəyyən dərəcədə, Ermənistanın müdafiə silah sistemlərinin alması ilə bağlı Fransanın dəstəyi barədə nəşrlərin yaydığı məlumata da aiddir. Eyni şey, məncə, Avropa İttifaqının Avropa Sülh Fondu ilə də baş verəcək. Bu, ölümcül olmayan bir dəstək növü idi. Ona görə də hesab edirəm ki, hər cür təmkinliliyin bərpası uzun və çox çətin olacaq. Bu, yalnız tərəflər arasında danışıqlar yolu ilə razılığa gəlmək üçün zəruri olan təzyiqləri artırır”
, - Broyers Ermənistana dəstəklərin mahiyyətini şərh edib.

Ekspert Ermənistanın ABŞ-nin dəstəyinə arxalanması amilinin onu müdafiə edəcəyinə şübhə ilə yanaşıb. Broyersin fikrincə, ABŞ-nin, həqiqətən də, bölgədə uzunmüddətli maraqları var, lakin bəzən bu maraqlar həddən çox qiymətləndirilir. Belə ki, ABŞ-nin ən həyati maraqları Cənubi Qafqazın ətarfındakı kənar regionlardadır: bu region digər siyasət prioritetləri kontekstində ABŞ üçün mühüm əhəmiyyət kəsb edib. Bəzi mənalarda isə, son 30 il Qərbin Cənubi Qafqaza maraq göstərdiyi kifayət qədər anormal bir dövr olub.

“Niyə belə olub? Soyuq müharibənin sona çatmasından dərhal sonra terrorizmə qarşı qlobal müharibə gündəmə gəldi. Bu prioritetləri NATO və Avropanın enerji təhlükəsizliyi diktə etsə də, uzunmüddətli həyati maraqlardan söhbət getmirdi. Rusiya prezidentinin Cənubi Qafqazda qeyri-regional qüvvələrə yer olmadığı barədə dediyi fikir bununla bağlıdır. Ona görə də Qərb dövlətlərinin regiona marağı şişirdilib” , - Broyers iddia edir.


Azərbaycanın Ermənistana hücum etmək niyyəti yoxdur

Ermənistanın Hindistandan silah aldığını və hərbi xərclərini kəskin şəkildə artırdığını qeyd edən analitik, eyni zamanda Azərbaycanın da İsraildən və digər tərəfdaşlarından silah aldığını və bu silahlanma yarışının regionda vəziyyəti gərginləşdirdiyini vurğulayıb.

Bununla yanaşı, Broyers Azərbaycanın Ermənistana hücum edəcəyi ilə bağlı spekulyativ fərziyyələri və qorxuları əsassız sayır. Onun fikrincə, yaxın aylarda sərhəddə kiçik toqquşmaların baş verəcəyi istisna olunmasa da, Bakının belə bir niyyəti yoxdur. Hər şey isə, son nəticədə, sülh anışıqlarında irəliləyişdən asılı olacaq.
Sahil İsgəndərov
AzVision.az


Teqlər: Broyers   Ermənistan  





Xəbər lenti