Ramil Usubov 32 məsələni təsdiqlədi

Ramil Usubov 32 məsələni təsdiqlədi
  21 İyun 2014    Oxunub:754
Ombudsman Aparatı ilə Daxili İşlər Nazirliyinin (DİN) inzibati xətaya görə saxlanılan şəxslərlə bağlı hazırladığı təkliflər paketi təsdiqlənib.
AzVision.az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri və Milli Preventiv Qrupunun rəhbəri Vüqar Məhərrəmov deyib.

O bildirib ki, ümumilikdə inzibati xətaya görə saxlanılan şəxslərlə bağlı təkliflər paketində 36 məsələ yer alıb: “Daxili İşlər Nazirliyi artıq bunun 32-ni təsdiqləyib və qalan 4 məsələ vacib sayılmadığı üçün təkliflər sırasından çıxarılıb. Burada inzibati xətaya görə saxlanılan şəxslərə beynəlxalq standartlar səviyyəsində şəraitin yaradılması məsələləri də yer alır. Artıq təkliflərlə bağlı Ombudsman Aparatı və Daxili İşlər Nazirliyi arasında müvəqqəti Əsasnamə də qəbul olunub. Yaxın bir ay ərzində təsdiq olunan təkliflərin icrasına başlanacaq”.

V. Məhərrəmov vurğulayıb ki, Bakı şəhəri və bir sıra regionlar üzrə müvəqqəti saxlama yerlərində təmir işlərinə də başlanılıb:

“Bir aydan sonra bu işlər başa çatdırılacaq. Artıq müvəqqəti saxlama yerlərində televizorların, telefon aparatlarının qurlaşdırılmasına başlanılıb. Həmçinin, həbs olunan insanların yaxınları ilə görüşlərin sayının artırılması üçün də lazımı şərait yaradılır”.

Xatırladaq ki, təkliflərdə inzibati xətaya görə saxlanılan şəxslərin yaxınları ilə görüşlərin və telefon danışıqlarının sayının artırılması, televizora baxmaq üçün lazımı şəraitin yaradılması və digər məsələlər də qeyd olunub.


Teqlər:  





Xəbər lenti