23/24: İqtisadiyyatı nə gözləyir – Təhlil və proqnoz

  23/24:  İqtisadiyyatı nə gözləyir –  Təhlil və proqnoz
  09 Yanvar 2024    Oxunub:6183
İqtisadi cəhətdən 2023-cü il ölkəmiz üçün 2022-ci ildən bir az yaxşı oldu. Başlayaq Prezidentin 5 yanvar 2023-cü il tarixli Sərəncamından. Yanvarın 1-dən minimum əməkhaqqı 15% artırılaraq 300 manatdan 345 manata, minimum pensiya məbləği isə 40 manat artırılaraq 240 manatdan 280 manata çatdırıldı. Müavinət və təqaüdlər də artırıldı.
2019-cu il sosial, iqtisadi, idarəetmə sahəsində böyük islahatlar ili kimi yadda qalmışdı. Həmin ildə qeyd olunan göstəricilər üzrə 2 sosial paket həyata keçirilmişdi. 3-cü sosial paketin icrasına isə 2022-ci ildə gedilmişdi. İlin əvvəlindən minimum əməkhaqqı 300, əmək pensiyalarının minimum məbləği isə 240 manata çatdırılmışdı. Prezidentin 5 yanvar 2023-cü ili Sərəncamı sayca 4-cü sosial paket idi və 1,9 milyon vətəndaşı əhatə etməklə il ərzində 750 milyon manatdan çox vəsaitin xərclənməsini nəzərdə tuturdu.

Son 5 ildə 4-cü sosial paketin icrası ölkə iqtisadiyyatında artımın nəticəsi və təkcə neftin deyil, dövlət büdcəsinə neftdənkənar sahələr üzrə gəlir və vəsait daxilolmaları hesabına idi. Prezident də dəfələrlə qeyd edib ki, büdcəyə nəzərdə tutulandan nə qədər çox vəsait daxil olarsa, əhalinin sosial ehtiyacları üçün xərclənəcək.

İkinci ən mühüm məsələ isə inflyasiya, qiymətlərin bahalaşmasıdır. 2023-cü ilin mayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4% az, ötən ilin mayına nisbətən isə 11,5% çox təşkil etdi. Bu o demək idi ki, az qala iki il yarım ardıcıl davam edən bahalaşma və inflyasiya prosesindən sonra ilk dəfə olaraq bu ilin mayında səngimə qeydə alındı. Bu, ötən ilin birinci rübünün uzağı ilk yarısının sonuna proqnoz edilsə də, baş tutmadı. Sonradan ilin ilk üç ayının sonuna gözlənilsə də, qeyd etdiyim kimi, məhz mayda baş verdi.

Bahalaşma və inflyasiya prosesi əslində apreldə zəifləməyə başlamışdı. 2023-cü ilin aprelində ölkəmizdə inflyasiya martda qeydə alınmış 0,7% səviyyəyə qarşı 0,3% təşkil etmişdi. Bu isə o demək idi ki, proses artıq zəifləməyə doğru istiqamət götürüb. Odur ki, mayda tempin səngiyəcəyi aydın görünürdü. Buna da ən çox prosesin məhz qlobal miqyasda baş verməsi əsas yaratdı. Ancaq bir nüans var ki, qlobal məkanda hər şey əslində xeyli əvvəl təzahür etməyə başlamış olsa da, bizdə məhz mayda büruzə verdi. Dünya bazarlarında bir sıra strateji məhsullar, o cümlədən ərzaq malları yanvardan ucuzlaşmağa başlamışdı.

Ümumiyyətlə, 2021-ci ilin əvvəlindən başlanan və bütövlükdə ötən il ərzində Rusiya-Ukrayna müharibəsinin təsiri nəticəsində daha da alovlanan qiymətlərin ucuzlaşacağı qabaqcadan gözlənirdi. Buna enerjidaşıyıcıları üzrə qiymətlərin sabitləşməsi əsas yaratmalı idi və yaratdı da.

Olkədə iqtisadi artım az da olsa, pis səviyyədə deyil. 2023-cü ilin yanvar-noyabr aylarında 110 milyard 212 milyon 800 min manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8% çox ÜDM istehsal olunub. Neft-qaz sektorunda əlavə dəyər 1,6% azaldığı halda, qeyri neft-qaz sahəsində 3,2% artıb. Keçən ilin yekununa artım 4,6% təşkil etmişdi. Lakin bu, beynəlxalq bazarlarda enerjidaşıyıcılarının qiymətləri üzrə konyunktur vəziyyətlə əlaqədar idi.

Ötən ilin yanvar-noyabr aylarında ölkəmizdən 15 milyard 99 milyon 942 dollarlıq xam neft, 12 milyard 775 milyon 689 min dollarlıq təbii qaz ixrac olunub ki, 2022-ci ilin eyni dövründə bu rəqəmlər uyğun olaraq 18 milyard 318 milyon 642 min dollar, 14 milyard 807 milyon 620 min dollar təşkil etmişdi.

Maliyyə sektorundakı vəziyyətə gəldikdə isə manat möhkəmləməyə doğru meyl etsə də, sabit qalıb. Tədiyyə balansının cari əməliyyatlar hesabında iri həcmli profisitlə (9 ayda 6,7 milyard ABŞ dolları və ya ÜDM-in 1 2. 5%-i) əlaqədar olaraq ilin əvvəlindən bəri keçirilən valyuta hərraclarının 95%-də təklif tələbi üstələyib. Odur ki, Mərkəzi Bank (AMB) valyuta bazarına müdaxilə edərək, 1,4 milyard ABŞ dolları alıb. Nəticədə qurumun valyuta ehtiyatları 20.3% artaraq 10.8 milyar ABŞ dollarını keçib.

Ötən il ərzində ölkədə 2 bank müflis elan edilərək bağlanıb. Hazırda 23 bank fəaliyyət göstərir. Lakin AMB-in makroiqtisadi və maliyyə sabitliyini qorumağa dair həyata keçirdiyi siyasət nəticəsində hər bir bankın kənar şoklara qarşı dayanıqlığı qorunub saxlanıb, kapitallaşma, müvafiq risklər üzrə prudensial tələblər gücləndirilib, pul siyasəti qərarlarının ötürücülük imkanlarının artırılması hesabına bank sektorunda kredit portfeli bütün seqmentlər üzrə müsbət inkişaf edib.

Bütün bunlardan əlavə, 2023-cü il ölkəmizdə turizm sektorunun bərpa prosesi xüsusi önəm daşıyıb. Yanvar-noyabr aylarında ölkəmizə 186 ölkədən 1 893 min, yaxud 2022-ci ilin eyni dövrü ilə müqayisədə 29,8% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Həmin ilədək ölkəmizdə turizm çox sürətlə inkişaf edirdi. 2019-cu ildə ölkəmizə 3 milyon 170 min 400 nəfər xarici ölkə vətəndaşları gəlmişdi. Onların 2 milyon 863 min 500 nəfəri də sırf turizm məqsədilə gələnlər idi.

2014-2015-ci illərdə neftin dünya bazar qiymətlərinin enişi nəticəsində ölkəmizdə xarici valyuta sarıdan yaranan gərginlik həm də məhz 2016-2018-ci illər ərzində xarici turist axınının genişlənməsi nəticəsində yumşaldı. Xüsusən də, Yaxın Şərq ölkələrindən gələnlərin hesabına. Odur ki, bərpa prosesini inkişaf etdirmək lazımdır.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,7%-i hava, 27%-i dəmir yolu və avtomobil, 1,3%-i isə dəniz nəqliyyatından istifadə edib.

Ötən il ərzində ölkə iqtisadiyyatında baş verən müsbət tendensiyaları bir az da sadalamaq olar. İstər Qarabağ və Şərqi Zəngəzurda aparılan işlərlə, istər qaz ixracı potensialımızı gerçəkləşdirmək istiqamətində Avropa ölkələri ilə əldə olunan razılıqlar və s. ilə bağlı nailiyyətlər də bura daxildir.

Yeri gəlmişkən, işğaldan azad etdiyimiz ərazilərimizdə yenidənqurma və bərpa işlərinə indiyədək dövlət büdcəsindən 7 milyard dollar xərclənib, bu il daha 2,4 milyard dollar sərf ediləcək.

2024-cü ildə əhalini düşündürən əsas suallar budur ki, inflyasiya və bahalaşma səngiməkdə davam edəcəkmi? Əmək haqqları və pensiyalar artırılacaqmı? İqtisadiyyat böyüyəcəkmi? Neftin dünya bazar qiymətləri ölkəmiz üçün mənfi sürprizlər yaratmayacaq ki?

Proqnozlar belədir:
1.
İl ərzində ucuzlaşma gözlənilməsə də ciddi bahalaşma və kəskin inflyasiya da baş verməməlidir;
2. Əhalinin sosial müdafiəsi istiqamətində genişmiqyaslı artımlar nəzərdə tutulmayıb;
3. Neftin qiyməti, ümumiyyətlə, hər hansı xarici təsirlər şok yaratmayacaq;
4. Ötən ildəkindən daha çox iqtisadi artım əldə olunacaq.


Pərviz Heydərov
Xüsusi olaraq AzVision.az üçün


Teqlər: İqtisadiyyat  





Xəbər lenti