“Qəzza zolağı ilə nə edəcəyimiz tam aydın deyil” – Yəhudi ekspert

   “Qəzza zolağı ilə nə edəcəyimiz tam aydın deyil” –    Yəhudi ekspert
  12 Dekabr 2023    Oxunub:8282
“Əslində müharibədən qabaq Qəzza zolağını İsrail saxlayırdı: elektrik enerjisi və su verir, Körfəz ölkələrindən pullar ora İsrail vasitəsilə köçürülür, sektorun 20 mindən çox sakini İsraildə işləyirdi. Qəzzada demək olar ki, bütün evlər İsraildən aparılan materiallarla tikilib. Amma bu siyasət iflasa gətirib çıxardı. İndi Qəzza zolağı ilə nə edəcəyimiz tam aydın deyil”.
Bu sözləri AzVision.az-a israilli politoloq Abraham Şmuleviç deyib. Onun fikrincə, İsrail ümumilikdə özünə loyal Fələstin dövlətinin yaradılmasında maraqlıdır, amma Qəzza zolağına görə məsuliyyəti üzərinə götürmək istəmir:
- Keçmiş müdafiə naziri Aviqdor Liberman “Ynet” podkastına müsahibəsində bildirib ki, bu məsuliyyəti başqalarına ötürmək lazımdır. Ərəb Dövlətləri Liqası var - bura 24 ölkə daxildir. İslam dövlətlərinin koordinasiyası təşkilatı var - onun tərkibində 57 ölkə var. Orada bir milyard yarım insan böyük bir ərazidə yaşayır, enerji mənbələrinin 80%-nə sahibdirlər. Qoy məsuliyyəti özləri daşısınlar. Lakin ərəblər bunu etmək istəmirlər. Ümumiyyətlə, perspektivlər kifayət qədər dumanlıdır. Qəzza İsrailə qarşı döyüşməyən dövlət qurmaq istəmir və ya qura bilmir. HƏMAS İran və digər xarici qüvvələr tərəfindən dəstəkləndiyi müddətcə sülh olmayacaq. İsraillə Fələstinin ərəb əhalisi arasında sülhün açarı İranın ortadan çıxmasıdır.


Şmuleviçin fikrincə, Misir İsrailin müttəfiqidir. Ölkələrin arasında sülh müqaviləsi bağlanıb. Misirdə 2013-cü ildə islamçılarla onların əleyhdarları arasında küçə toqquşmaları başlayanda xalqın səbri daşdı. Ordunun ikincilərin tərəfində vəziyyətə müdaxiləsi Misirdə “Müsəlman Qardaşları”nın tamamilə qadağan olunmasını qaçılmaz etdi. Hərbi çevriliş nəticəsində təşkilatın üzvlərinin əksəriyyəti həbs edildi və Misirin hazırkı prezidenti general Əbdül Fəttah Əs-Sisi hakimiyyətə gəldi. Əslində, İsraillə Misir arasında sülh müqaviləsi hələ 1979-cu ildə bağlanıb, lakin Sisinin dövründə Misirdəki hakim rejimin İsraili ilə münasibətlər daha da möhkəmləndi. Bütün bunlar devrilmiş “Müsəlman Qardaşlar” rejiminə rəğbət bəsləyən və Misirin indiki hakimiyyətilə pis münasibətdə olan Barak Obamanın prezidentliyi dövründə baş verib. Sonradan Misirə ABŞ-la əlaqələr qurmaqda əs-Sisi iqtidarı ilə yaxşı münasibətləri olan İsrail kömək etdi.

Misirin əhalisinə gəlincə, HƏMAS-ın orada qadağan olunmasına baxmayaraq, “Müsəlman Qardaşlar”ın hələ də çox böyük təsiri var. “Qardaşlar” Misirdə və onun hüdudlarından kənarda hələ də nüfuzlu qüvvə olaraq qalırlar. Ona görə də Misir cəmiyyətində anti-İsrail, anti-yəhudi əhval-ruhiyyəsi var. Misirin iqtisadi vəziyyəti çox pisdir və ölkə xarici yardımdan asılıdır. İsrail isə bu yardımın təşkilinə kömək edir. Buna görə də, Misir prinsipcə İsrailin tərəfində görünür, amma ehtiyatla.


Şmuleviç xatırladır ki, Qəzzanı mühasirədə saxlayan bir tərəfdən elə Misirdir. O, çox az humanitar yüklərin daşınmasına icazə verir və eyni zamanda fələstinliləri, hətta ikili vətəndaşlığı olanları da ölkəsinə buraxmır. “İsrail Misirdən qaçqınlara ev sahibliyi etməsini istəyir, çünki mülki əhalinin ölümündə maraqlı deyil. Lakin Misir Fələstindən gələn qaçqınların radikal qruplara, “müsəlman qardaşlar”a qoşulacağından qorxur. Digər ərəb ölkələrinin də Qəzzadan olan qaçqınları qəbul etməməsi diqqət çəkir. Rusiya Suriyanı bombalayanda da əhalinin taleyi onları maraqlandırmırdı. “Ərəb həmrəyliyi” deyilən şey zatən budur...”, - ekspert vurğulayıb.

Tariyel Həsənov
AzVision.az


Teqlər: İsrail   Qəzza  





Xəbər lenti