Şahin Mustafayevin müavinləri – Onları tanıyın!

Şahin Mustafayevin müavinləri – Onları tanıyın!
  18 İyun 2014    Oxunub:15386
Dövlət rəsmiləri, məmurlarla bağlı məlumatlar hər zaman ictimai kəsimin maraqını cəlb edir. Onların fəaliyyəti diqqətlə izlənilir, gördükləri işlər mətbuat səhifələrində, insanlar arasında geniş müzakirələrə yol açır. Təbii ki, Azərbaycanda hakimiyyət pilləsinin yuxarı mərtəbələrini tutan məmurların hamısı göz önündə olmurlar. Məsələn nazir müavinləri... Əksəriyyət onların adını belə bilmir.

AzVision.az saytı oxucuların bu marağını nərəzə alaraq “Nazir müavinləri” adlı rubrikanı davam etdirir. Rubrika çərçivəsində ayrı-ayrılıqda nazirlərin müavinləri haqda məlumat veriləcək, onlarla bağlı diqqətçəkən məqamlar oxuculara çatdırılacaq.

Bu dəfə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin müavinlərindən bəhs edəcəyik. 2008-ci ildən nazir postunda qərarlaşan Ş.Mustafayevin nə az, nə çox 4 müavini var.

Onları tanıyaq:

Məsləhətçi işlədi, nazir müavini oldu



Səfərov Niyazi Abdulla oğlu iqtisadiyyat və sənaye nazirinin müavinidir. O, 1959-cu ildə anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

Əmək fəaliyyətinə 1982-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Fəlsəfə və hüquq institutunda başlayıb.

1990-1992-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Hüquq şöbəsində aparıcı məsləhətçi, baş məsləhətçi, sektor müdiri və şöbə müdirinin müavini vəzifələrində işləyib.

1992-2006-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Aparatında Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdir müavini vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 17 fevral 2006-cı il tarixli Sərəncamı ilə iqtisadi inkişaf nazirinin müavini, 13 mart 2014-cü il tarixli Sərəncamı ilə iqtisadiyyat və sənaye nazirinin müavini vəzifəsinə təyin edilib.

Ailəlidir, 3 övladı var.

Şahin Mustafayevin xanım müavini



Ş.Mustafayevin ikinci müavini xanımdır. Həsənova Sevinc Telman qızı 1971-ci ildə anadan olub. O, 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Maliyyə və kredit fakultəsini bitirib.

Əmək fəaliyyətinə 1993-cü ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsində iqtisadçı kimi başlayıb.

1993-2006-cı illərdə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsi və Baş Dövlət Xəzinədarlığında iqtisadçı, baş iqtisadçı, şöbə müdiri vəzifələrində çalışıb, Nazirliyin Makroiqtisadi Siyasət Qrupunun üzvü olub, beynəlxalq təşkilatların dövlət investisiyaları, inkişafın proqramlaşdırılması üzrə layihələrində iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini vəzifəsinə təyin olunub.

Prezidentin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə o, iqtisadiyyat və sənaye nazirinin müavini vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.

Oqtay Əsədovun keçmiş köməkçisi



Nazirin digər müavini Babayev Sahil Rafiq oğludur. 1980-ci ildə anadan olan nazir müavini 2000-ci ildə Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxlaq münasibətlər" sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur.

1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi vəzifələrində çalışıb.

2006-2009-cu illərdə Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib.

2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə iqtisadiyyat və sənaye nazirinin müavini vəzifəsinə təyin olunub.

Ailəlidir.

36 yaşlı nazir müavini



Nazirin sonuncu müavini Məmmədov Sahib Əli oğludur. O, 1978-ci ildə anadan olub. 2000-ci ildə Kiyev Dövlət Universitetində "Beynəlxalq hüquq" fakültəsində bakalavr, 2001-ci ildə isə magistr dərəcəsi alıb. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə 2001-ci ildə Belçika Krallığında Avropa Məsləhətçilər Təşkilatında Avropa İttifaqı TACIS layihəsində köməkçi kimi başlayıb.

2002-ci ildə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyində miqrasiya məsələləri üzrə ekspert, 2003-2004-cü illərdə Avropa Komissiyasının Azərbaycandakı İnformasiya və texniki dəstək Ofisində informasiya üzrə məsul şəxs, 2004-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində işləyib.

2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsində işləyib.
Prezidentin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə iqtisadiyyat və sənaye nazirinin müavini vəzifəsinə təyin olunub.

2012-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.

Ailəlidir, 2 övladı var.

Anar RÜSTƏMOV


Teqlər:





Xəbər lenti