Zakir Həsənovdan ciddi “dedovşina” xəbərdarlığı - ÖZƏL

Zakir Həsənovdan ciddi “dedovşina” xəbərdarlığı - ÖZƏL
  16 İyun 2014    Oxunub:1322
Müdafiə naziri Zakir Həsənov hərbi hissələrdə əsgər özbaşnalıqlarının aradan qaldırılması üçün nazirliyin yüksək çinli zabitlərinə, hərbi hissə komandirlərinə ciddi tapşırıqlar verib.

AzVision.az-a daxil olan məlumata görə, nazir hərbi hissə komandirlərinə ordu sıralarında “dedovşina” hallarının birdəfəlik aradan qaldırılması, əsgəri heyət arasında nizam-intizam qaydalarına ciddi nəzarət olunması ilə bağlı xüsusi göstərişlər verib.

Mənbənin bildirdiyinə görə, nazir “dedovşina” halları aşkar edilən hərbi hissə komandirlərinin sərt şəkildə cəzalandırılacağını diqqətə çatdırıb.

Qeyd edək ki, Z.Həsənov Daxili Qoşunların Komandanı olarkən nəzarətində olan hərbi hissələrdə ciddi nizam-intizam qaydaları yaratmış, əsgərlər arasında “dedovşina” hallarını aradan qaldırmışdı. Səfər Əbiyevin nazir vəzifəsində olduğu dönəmdə isə Milli Ordu tabeliyində olan hərbi hissələrdə “dedovşina” açıq-aşkar mövcud idi.

Xatırladaq ki, “dedovşina” orduda daha uzun müddət xidmət keçənlərin sonradan hərbi xidmətə başlayan əsgərlər üzərində qeyri-qanuni hakimiyyətidir. Bura daha uzun müddət xidmət keçən əsgərlərin gənc əsgərlərə qarşı müxtəlif təhqiredici hərəkətlər etməsi, onlara alçaldıcı tapşırıqlar verməsi, fiziki təzyiq, bəzən hətta cinsi qısnama daxildir. Çox vaxt bu hərəkətlər maddi baxımdan nisbətən imkanlı əsgərlərə qarşı törədilir.

Anar RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti