Qurtuluşdan əvvəl olanlar

Qurtuluşdan əvvəl olanlar
  15 İyun 2014    Oxunub:1184
Səməd Canbaxşıyev

1993-cü ilin iyunu... O zamankı prezidentin "Paytaxtı tərk edərək, qeyri-müəyyən istiqamətdə təyyarə ilə uçduğunun", gecələr Surət Hüseynova məxsus batalyonların döyüşçülərinin hərbi yük avtomobillərində "Surət, Surət " qışqıraraq Salyan kazarmasının qabağından şütüdüklərinin canlı şahidi oldum.
O zaman birinci kurs tələbəsi kimi Bakıya sessiyaya getmişdim. Ölkədə baş verən hadisələr Milli Məclisdə, daha doğrusu, Ali Sovetdə müzəkirə olunur və bu müzakirələrin bir hissəsi AzTv-nin canlı yayımı ilə xalqa çatdırılırdı. Emosional və səriştəsiz çıxışlar, indiki ilə müqayisədə çox primitiv yanaşmalar, boşuna dilləşmələr nədənsə dağ kəndlərində meydana toplaşıb yaxşı bilmədikləri bir məsələni müzakirə edən adamların toplumunu xatırladırdı. Hətta qohumlarımdan birinin "Bu Ali Sovet lap bizim kənd içinə oxşayır" deməsi də yadımdadır (Bizim tərəfdə, Kənd meydanlarını "Kənd içi" adlandırırlar).

Bütün bu hallar yada düşdükcə xalqımızın o zamankı sadəlövhlüyünə heyran qalıram. Necə də inanırdıq o şəxslərə. Gənclər öz idealı hesab edirdilər populist çıxışlarla emosiyaları qızışdıran o zamankı daxili işlər və müafiə nazirlərini. İndi isə bu "ideallar" onlara qarşı silah çevirən bir dəstənin başında dayanan bir "Yun Polkovnikin" - Surət Hüseynovun əlində qalmışdılar. Başlarını itirmiş halda onunla necə, hansı yolla danışmağı müzükirə edir, kimi tərəfini saxlayır, kimi də o zamankı prezidenti ittiham edirdi. Tam başıpozuqluq idi.

Həmin vaxt Naxçıvan Muxtar Respublikasında Ali Məclis sədri və Azərbaycan Ali Sovetinin sədr müavini olan Heydər Əliyevin Ali Sovetə gəlişini alqışlarla, ayaq üstə qarşılayanlar da oldu, ağız büzənlər də. Bu, tarixi bir həqiqətdir. Alqışlayanlar bu çətin məqamdan çıxış yolunu görür, ağız büzənlər isə bu cür vəziyyətdən artıq öz məqsədləri üçün istifadə edə bilməyəcəklərini yaxşı başa düşürdülər. Hətta Milli Liderin rəyasət heyətində əyləşdiyi stolunda olan mikrofonu bağlamaq qədər cılızlığı fikirləşənlər də tapılmışdı.

Rəhim Qazıyev kameraların qabağında nümayişkaranə şəkildə durub, Gəncəyə getdiyini elan elədi və tərəfdaşlarından "bu cəsarətə görə" bir alqış da aldı. Elə biz də televiziya qarşısında bu addımı alqışladıq. Ancaq bir neçə dəqiqədən sonra operatorlardan biri məharətlə müadfiə nazirinin gizlincə geri qayıdıb, arxa cərgələrdən birində oturduğunu tamaşaçılara təqdim edəndə, hamı, necə deyərlər, "şoka düşdü". Sən demə, müdafizə naziri üsyankar bir polkovnikdən qorxmaq yox, "üyüdürmüş"... Nə isə... O vaxt mənim - 21 yaşlı bir gəncin də çoxları kimi həmin hakimiyyətlə bağlı bütün xəyallarım suya düşdü.

Surət Hüseynovla danışıqlardan sonra silahlar yerə qoyuldu, vətəndaş müharibəsinin qarşısı alındı. Ölkədə, ən əsası xalqda ümid yarandı. Gələcəyə inam hər şeyi dəyişdi...

İndi isə, Bayramınız Mübarək!!!


Teqlər:  





Xəbər lenti