Nazirlik: “3177 ev tikilib, 5077 ailəyə vəsait ödənilib”

Nazirlik: “3177 ev tikilib, 5077 ailəyə vəsait ödənilib”
  12 Aprel 2013    Oxunub:1173
Azərbaycanın zəlzələ baş vermiş şimal-qərb bölgəsindəki üç rayonda 3177 fərdi yaşayış evinin tikintisi başa çatdırılıb, 1915 evin isə tikintisi davam etdirilir.
Azərbaycanın zəlzələdən zərər çəkmiş şimal-qərb bölgəsində aparılan tikinti-bərpa işləri ilə bağlı Fövqəladə Hallar Nazirliyinin bu il aprelin 1-nə olan statistikasında belə qeyd olunub.

Məlumata görə, baxış aktlarına əsasən müəyyən olunmuş 5725 qəzalı evdən Zaqatala rayonunda 2707, Qaxda 274, Balakəndə 196-sı artıq tikilərək təhvil verilib, 1915 evin isə tikintisi aparılır.
İndiyə qədər 5900 şagird yerlik 24 məktəb binası, 55 yerlik 1 uşaq bağçası istifadəyə verilib. Belə ki, 3360 şagird yerlik 11 məktəb və 55 yerlik 1 ədəd uşaq bağçası Zaqatala rayonunda, 380 şagird yerlik 2 məktəb binası Balakəndə və 1300 şagird yerlik 9 məktəb binası Qax rayonunda tikilib istifadəyə verilib. Qısa müddətdə Zaqatalada daha 9, Qaxda 2, Şəki şəhərində 1 məktəb binasının tikilib istifadəyə verilməsi planlaşdırılır.

Bu il aprelin 1-nə qədər zəlzələdən ziyan çəkmiş əhaliyə bərpa işlərinin aparılması ilə əlaqədar olaraq 17 milyon 734 min manаt yardım ödənilib. Bu vəsait Zaqatala, Qax və Balakən rayonlarında ümumilikdə 5077 ailəyə poçt vasitəsilə ödənilib.

Qeyd edək ki, 2012-ci il may ayının 7-də episentri Zaqatala rayonu ərazisi olmaqla zəlzələ baş verib. Həmin zəlzələ və daha sonra baş vermiş yeraltı təkanlar nəticəsində Zaqatala, Balakən və Qax rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə ziyan dəyib.

Zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı operativ qərargah yaradılıb, qəzalı evlərin və obyektlərin müəyyənləşməsi ilə bağlı komissiyalar yaradılaraq, baxışlar keçirilib.(apa)


Teqlər:





Xəbər lenti