"Diasporu ilə güclü bağlar quran ölkələr dünyada mövqelərini möhkəmləndirirlər” - Vəsilə Vahidqızı (Müsahibə)
- Dünyada diaspor quruculuğunun hansı yeni modelləri var və bu təcrübənin faydaları nədir?
- Təcrübə göstərir ki, diasporu ilə güclü bağlar qura bilən ölkələr dünyada öz mövqelərini möhkəmləndirir və bir çox sahələrdə rəqabətə davamlılıqlarını artıra bilirlər. Məsələn, Çin, Hindistan, İsrail kimi ölkələr diasporu ilə sarsılmaz bağlar qurmaq və sağlam koordinasiya içərisində olmaqla dünyaya nümunə göstərə biliblər.
Bəzi təhlilçilərə görə Çinin dünyada “istehsal baza”sına çevrilə bilməsində diasporu ilə qurduğu koordinasiyanın ciddi rolu var. Eyni düşüncə, yəni diasporu ilə sistemli və sarsılmaz əlaqələr quraraq uğur qazanmaq təcrübəsinə sahib olmaq Hindistan və İsrail barədə də səsləndirilir. Mövzuya bu baxımdan yanaşanda bəlli olur ki, diaspor quruculuğunun yeni modellərinin formalaşdırılmasında ilk addım həqiqətən də sarsılmaz əlaqələrin qurulmasıdır.
Yəhudi diasporunun təcrübəsi haqqında oxumuşdum və düşünürəm ki, bu təcrübə yaddaşımdan silinməyəcək. Bu, dünyanın müxtəlif yerlərində doğulan yəhudilərin bir proqram çərçivəsində İsrailə gətirilməsi ilə bağlı idi. Gənc yəhudiləri əzəli vətənlərinə dəvət edib, “Aidiyyat sertifikatı”nın verilməsi ilə müşayiət olunan proses onlarla İsrail arasında sarsılmaz bağların yaranmasında əvəzsiz rola malikdir.
Türkiyədəki Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsinin (YTB) təcrübəsini öyrənərkən bu qurumun xaricdə yaşayan türklərin təhsilinə kömək məqsədilə atdığı addımlar diqqəti daha çox çəkir. Bu, yüksək təhsilli insanların yetişdirilməsi ilə həm Türkiyəyə, həm də yaşadıqları ölkəyə ciddi fayda verə bilən kontingentin sayının artırılmasına hesablanmış addımlardır.
- Azərbaycan diasporu hansı istiqamətlər üzrə inkişaf edir?
- Bu suala inkişafı xarakterizə edən bəzi məqamları sıralamaqla cavab vermək olar. Təhlilçilər diasporun inkişafı, öz ölkələri ilə sıx bağlar qurması baxımından iki məqama diqqət çəkməyi vacib sayırlar - diasporla möhkəm əlaqələrin qurulması və diasporlararası əlaqələrin inkişafı. Azərbaycan diasporu aşağıdakı özəlliklərə sahib olmaqla inkişaf etdiyini və formalaşdığını göstərə bilir:
• ortaq ana vətən anlayışının sarsılmazlığı;
• köçüb getdiyin ölkəyə yadlaşmamaq;
• məqsəd və hədəflər uğrunda birləşə bilmək bacarığı;
• bir-birini anlamaq və müzakirələrə açıq olmaq;
• milli kimliyini qoruya bilmək;
• ortaya analiz çərçivəsi qoymaq, strateji düşünə bilmə qabiliyyətinin inkişafı;
• beynəlxalq ictimaiyyətlə işləmək təcrübəsini sınaqdan keçirmək;
• köhnə nəsil diasporla yeni nəsil diaspor arasında uçurumu aradan qaldırmaq;
• Azərbaycan və türk diasporlarının birlikdə fəaliyyət göstərməsinə nail olmaq;
• diasporun potensialını təhlil edərək və birləşdirərək beyin mərkəzlərini formalaşdırılmaq.
- Xalq (ölkə) öz diasporundan faydalana bilmək üçün onunla münasibətlərini necə qurmalıdır?
- Birincisi xalq öz diasporunu tanımalıdır, yəni xalq və diaspor arasında körpü mövcud olmalıdır. Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi layihələr - “Diaspor Gənclərinin Yay Düşərgələri, “Beyin qazanma” proqramı, “Liderliyin İnkişafı” proqramı, "Diaspor Gəncləri 1+1" layihəsi, “Azərbaycan Diaspor Qadınları Şəbəkəsi”, “Müxtəlif olsaq da, birlikdə güclüyük”,“ E-akademiya” və s. kimi layihələr məhz bu körpünün qurulmasını hədəfləyir.
Şəkidə, Şamaxıda, Şuşada keçirilən, Naxçıvanda keçirilməsi planlaşdırılan “Diaspor Gənclərinin Yay Düşərgəsi” layihəsi çərçivəsində hər dəfə 100-dən çox diaspor gənci və Azərbaycana dost münasibəti bəsləyən xalqların gəncləri ölkəmizə gətirilir, tariximiz, mədəniyyətimiz və s. ilə tanış olur, şəhid və qazilərin ailələri ilə görüşür, qazilərimizin qəhrəmanlıq hekayələrini dinləyir, ana dilində danışmaq vərdişlərini inkişaf etdirirlər. Bunlar, o cümlədən və ən əsası Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Zəfər Qurultayı, bu günə qədər Azərbaycan diasporunun Şuşaya 7 səfərinin təşkil olunması onların vətənləri ilə, xalqımızla daha sıx əlaqədə olmasına ciddi təkan verib.
Diaspor TV və Diaspor FM-in yaradılması, yüzlərlə soydaşımızı tanıtdıran “Vətən uzaqda deyil” TV proqramının 5 ildir ki, sistemli yayımlanması xalqımızla diaspor arasında əlaqələrin qurulmasında birbaşa rola malikdir.
Bu gün bizim vacib missiyamız həm də dünya azərbaycanlılarının Qarabağdakı quruculuq işlərinə cəlb olunmasıdır. Diasporla İş üzrə Dövlət Komitəsi həm bu istiqamətdə, həm də xaricdə yaşayan azərbaycanlı alimlərin bilik və bacarıqlarından istifadə olunması sahəsində maraqlı və ciddi layihələrə imza atır.
- Diaspor Vətəni üçün nələr edə bilər?
- “Azərbaycan diasporu Vətəni üçün nə edir?” sualının cavabını verərək “Diaspor Vətəni üçün nələr edə bilər?” sualını da cavablandırmış olacağıq. Görkəmli dövlət xadimi Heydər Əliyev 1994-cü ilin fevralında Böyük Britaniyada yaşayan azərbaycanlılarla görüşərkən belə bir ifadə işlədib: “Xaricdə Azərbaycan diasporu formalaşır, O, gündən-günə inkişaf edəcək və Azərbaycana, öz vətəninə köməyini heç vaxt əsirgəməyəcəkdir...” Bu sözlər təsdiqini tapmaqdadır. Prezident İlham Əliyevin birbaşa tapşırıqları əsasında son illər xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində ciddi addımlar atılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə müxtəlif ölkələri əhatə edən Koordinasiya Şuralarının, Azərbaycan Evlərinin yaradılması, həftəsonu məktəblərinin sayının durmadan artması Azərbaycan diasporunun birləşməsi və təşkilatlanmasında xüsusi rola malikdir. Məhz bu cür təşkilatlanma İkinci Qarabağ müharibəsi zamanı diasporun fəaliyyətinin keyfiyyət göstəricilərini ortaya qoydu.
2020-ci ilin iyul ayında Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatla bağlı dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Ermənistanın işğalçılıq siyasətinə və müharibə cinayətlərinə etiraz etdilər və dinc şəkildə aksiyalara başladılar. Nəticədə 30-dan çox ölkədə 25 min nəfərdən çox insanın iştirak etdiyi 100-ə yaxın etiraz aksiyası təşkil edildi. Hətta ermənilərin bir neçə ölkədə Azərbaycan səfirliklərinin qarşısında təşkil etdikləri icazəsiz aksiyalar həmvətənlərimizin müdafiə aksiyaları ilə fiaskoya uğradı. Soydaşlarımız Tovuz təxribatları və Ermənistanın işğalçılıq siyasəti ilə bağlı xarici ölkələrin parlament üzvlərinə, konqresmenlərə, BMT, Avropa Şurası və digər beynəlxalq qurumlara 23 dildə 2000-dək bəyanat göndərdi, Avropa Parlamentinin üzvlərinə 775 bəyanat çatdırıldı, müxtəlif ölkələrin 641 nəfər parlament üzvünə isə bəyanat və müraciətlər birbaşa təqdim edildi. Diasporumuz 30-dan artıq xarici ölkədə ümumilikdə 200-dək aksiya həyata keçirdi. Brüsseldə, Berlində keçirilən Qarabağ və Xocalı mitinqlərində minlərlə diaspor nümayəndəsinin iştirakı Vətən üçün görülən ən böyük işlərdəndir. Bu, sadəcə bir misaldır.
Böyük Zəfərdən sonra Nyu-Yorkun “Times Square” meydanındakı binalarda, Yekaterinburq şəhərində Boris Yeltsin adına Prezident Mərkəzinin binasında, Londonun 10 məşhur binasında, eləcə də Helsinki, Bern, Roma və Saloniki kimi böyük şəhərlərin mərkəzlərində qələbə simvollarımızın təsvir olunduğu rəqəmsal lövhələr yerləşdiridi. Məhz diasporumuzun səyi nəticəsində ABŞ-ın bir sıra ştatlarında “Azərbaycan günləri” elan edilir.
Xaricdə yaşayan soydaşlarımız Vətən müharibəsi dövründə ordumuza, şəhid və qazi ailələrinə 3 milyon manatdan çox maddi dəstək göstərib, tibbi ləvazimat və avadanlıqlar göndərdilər. Azərbaycan diasporu tarixində ilk dəfə idi ki, 63 ölkədə yaşayan soydaşlarımız “YAŞAT” Xeyriyyə marafonuna qoşulurdu. Nəticədə şəhid ailələrinə və qazilərə 1 milyon manatdan artıq vəsait ianə olundu.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi sözləri diasporumuzun Vətən müharibəsi dövründə necə bütövləşdiyini dolğun şəkildə ifadə edir: “Müharibənin ilk günündən diasporumuz Azərbaycanla yaşadıqları ölkələr arasında körpü və təmasların yaranmasında xüsusi rol oynadı, beynəlxalq ictimaiyyətin məlumatlandırılması üçün bütün gücünü səfərbər etdi”.
Sahil İskəndərov
Teqlər: