Ailə məsələləri: Mətbuat dəyərləri və gələcəyi necə qorumalıdır?

      Ailə məsələləri:    Mətbuat dəyərləri və gələcəyi necə qorumalıdır?
  01 İyun 2023    Oxunub:1705
Hazırda müasir cəmiyyət sosial kimlik böhranını yaşayır. Dəyərlərə bağlı olan cəmiyyətdə “Müasirlik” anlayışı adı altında aparılan təbliğatın nəticəsində fərdlərin müəyyən mədəni nümunələrə və adət-ənənələrə möhkəm bağlılığı zəifləyir. Nəticədə konkret kommunikativ vəziyyətdən asılı olaraq onları maskalar kimi sərbəst şəkildə dəyişdirirlər. Sonda bütün proses, bütövlükdə, kortəbii, gözlənilməz xarakter alır.

Görünən odur ki, dünyanın bir çox ölkələrində ailə insanlar üçün dəyər olmaqdan çıxır, ailə qurmağa, uşaq dünyaya gətirməyə, böyütməyə təşviq edən motivlər aradan qalxır. Nikah və ailə sahəsində müxtəlif neqativ halların - boşanmaların artması, ailənin öz funksiyalarını yerinə yetirə bilməməsi, qohumluq əlaqələrinin zəifləməsi, o cümlədən ailə davranışının müxtəlif deviant formalarının yayılması kimi halların artması müşahidə olunur.

Bu vəziyyət ailə böhranı adlanır. Halbuki, ictimai gündəmdə millətin mənəvi-əxlaqi sağlamlığı, gənc nəslin ənənəvi dəyərlər əsasında tərbiyəsi məsələləri ön plana çıxmalıdır. Ailələrin mənafeyinə uyğun qurulan sistem dövlətin milli mülkiyyətidir. Amma başa düşürük ki, əgər ailə institutunu gücləndirmək barədə düşünməsək, cəmiyyətdə ailəyə, ailə dəyərlərinə münasibət dəyişməsə, heç bir sosial-iqtisadi tədbir effekt verməyəcək.

Layiqli keyfiyyətlərin seçimi ata və uşaqların problemi, həyat yoldaşlarının problemidir. Ailə dəyərləri sistemini formalaşdırmaq, ailə davranış modelini seçmək, ailənin sosial identifikasiyası, uşaq və yeniyetmələrin sosiallaşması problemini həll etmək lazımdır. İctimai rəydə optimal ailə davranışı modellərini formalaşdırmaq prosesində media böyük köməklik göstərə bilər.

Mətbuatda ailə dəyərlərinin təbliği problemi

Şəxsiyyətin ictimailəşməsi müəyyən tarixi dövrdə cəmiyyət üçün arzu olunan normalara uyğun olaraq baş verir. Odur ki, insanlar media tərəfindən inandırıcı şəkildə təbliğ olunan sosial davranış normalarını müsbət həyat tərzi stereotipi kimi qəbul etməyə meyillidirlər.
Kütləvi informasiya vasitələri ilə təbliğ olunan, insanı bütün həyatı boyu müşayiət edən və onun dünyagörüşünə əsaslı təsir göstərən mühüm standartları yaradır. İnsanlar çox vaxt media tərəfindən yayımlanan sosial davranış normalarını qəbul edirlər. Yeni informasiya texnologiyalarının tətbiqi bir çox dəyərlərin təbliği metodlarının deformasiya uğramasına, informasiya maneələrinin məhv edilməsinə və kommunikativ təsirin yeni yollarının inkişafına gətirib çıxarır.

İnformasiya texnologiyalarının qloballaşması ilə bağlı təhlükə bizə yerli sivilizasiyaların ənənəvi dəyərlərini məhv edən, onları texnoloji cəhətdən inkişaf etmiş ölkələrə xas olan dəyərlərlə əvəz edən informasiya neokolonializmi haqqında danışmağa imkan verir. Ailə imicinin formalaşması üçün ailənin tarixi, keçmişin və indiki dövrün görkəmli dövlət və siyasi xadimlərinin ailələri haqqında informasiya yaymaq xüsusi əhəmiyyət kəsb edir.

Kütləvi informasiya vasitələrində təbliğ olunan ailə imici əsasən ailə davranışının mövcud modellərini müəyyən edir, əxlaq kimi mürəkkəb hadisənin formalaşmasında fəal iştirak edir, sonradan insanı bütün həyatı boyu müşayiət edən ailənin tipik obrazlarını-standartlarını yaradır.

KİV də ailənin müsbət və ya mənfi imici bir sıra stereotiplər yaradır, xüsusən də uşaqsızlıq və ya çoxuşaqlılıq dəbi, nikahın və ya birgə yaşayışın hüquqi qeydiyyatı və digər halları.
Çap nəşrləri, televiziya, radio, internet könüllü və ya qeyri-ixtiyari müxtəlif ailə modellərini yayır, sonradan bu insanın beyninə yerləşir, nəticədə o, öz ailəsini yaradan zaman onlara əməl etməyə çalışır. Ona görə də ailə dəyərlərinin formalaşmasında medianın üzərinə böyük məsuliyyət düşür.

Bəzən müsbət yönümlü ailə məsələlərinin mediada əhəmiyyətsiz yer tutduğunu görürük. Media daha çox “İP” dalınca qaçaraq siyasi, iqtisadi xəbərlərə, şou-biznes ulduzlarının həyatı haqqında məlumatlara üstünlük verməklə ailə dəyərlərinə zərbə vurur. Odur ki, medianın ailə dəyərlərinin formalaşdırılması potensialı böyükdür, lakin bundan geniş istifadə edilmir.

KİV təkcə müasir cəmiyyətin kütləvi mədəniyyətinin ayrılmaz hissəsinə deyil, həm də şəxsiyyətin sosiallaşmasının mühüm institutuna çevrilib. Qədim Çin atalar sözündə deyilir: “Xarakterin gücü divarı yarmaqda deyil, qapıları tapmaqdadır”.

KİV-in üzərinə düşən məsuliyyət

Şübhəsiz ki, televiziya və internet üzərindən yayımlanan mətbuat XXI əsr mədəniyyətinin tərkib elementi, mənəvi həyatımızın bir hissəsidir. Televiziya təkmil formada insanların müxtəlif hadisələrdə şərik olma ehtimalını artırır. Biz mətbuatla elmin, mədəniyyətin nailiyyətlərini öyrənirik, dünyagörüşümüzü genişləndiririk. Odur ki, öncə ailə dəyərlərinin təbliği baxımından KİV-in redaksiya siyasətinə ictimai və dövlət təsiri, bundan başqa inzibati orqanların informasiya açıqlığının artırılması, onların ailə maraqlarına uyğun fəaliyyət strategiyası və taktikası məsələləri üzrə vətəndaş cəmiyyəti strukturları ilə dialoqu aktivləşdirilməlidir.

Media nümayəndələri anlamlıdır ki, ailə dəyərləri nəsildən-nəslə ötürülən adət və ənənələrdir. Bunlar onu güclü edən hisslərdir. Bu, insanların evdə birlikdə yaşadıqları hər şeydir - sevinc və kədər, rifah və ya problemlər və çətinliklərdir. “İP” arxasınca qaçmaq dəyərlərin qiymətini ucuzlaşdıra bilər. Ucuzlaşma isə keyfiyyətsiz insanları formalaşdırır. Nəticədə cəmiyyətdə bu insanların çoxalması jurnalistin qorumaq istədiyi və işində nəzərə almadığı ailəsinə ağır zərbələr vura bilər.

Yerli media ilk növbədə əsrlərdir formalaşan mənəvi və əxlaqi cəhətdən dəyərli olan ailə münasibətlərinin təbliğini gücləndirməlidir. Çünki, ailə dəyərlərini inkişaf etdirmək çətin işdir. Bu, böyük fədakarlıq və əziyyətli uzunmüddətli iş tələb edir.

KİV-də gedən nəşrlərdə insanın öz ideallarına, dost və qohumlarına sədaqət, vətənə sədaqət, məhəbbət və iman, xeyirxahlıq və alicənablıq, məsuliyyət və qarşılıqlı yardım, təkcə böyüklərə deyil, ətrafdakı hər kəsə hörmət kimi keyfiyyətlərə üstünlük verməsi əsas mövzu kimi qoyulmalıdır. Çünki, ev daxilində formalaşan sadə qaydalar və əxlaqi əsaslar daha sonra cəmiyyətə ötürülür. Onlar uşaq bağçasında, məktəbdə, kollecdə, işdə və ictimai yerdə insan davranışlarında özünü göstərir. Ümumi dəyərlər insanın mədəniyyətini formalaşdırır, cəmiyyəti daha humanist edir.

Junalist bilməlidir ki, ailə konkret insan kollektividir. Ailə imicini öyrənmək və korrektə etməkdə əsas çətinlik ondan ibarətdir ki, insanlar yeni ailə yaradan zaman artıq tərk etdikləri ailənin imicinin daşıyıcısıdırlar. Bir çox insanlar üçün öz ailə davranışının modeli valideyn ailəsinin modelinə çevrilir. Əgər valideyn ailəsinin təcrübəsi uğursuz olubsa, bu ailədə tərbiyə olunan uşaq valideyn ailəsinin problemlərinin potensial daşıyıcısıdır.

Ona görə də ailə obrazını öyrənərkən ona təsir etmək üçün ilk növbədə ailədaxili fəaliyyətləri nəzərə almaq lazımdır. Yəni efirə çıxarılan hər bir kəs ailəsinin ona verdiyi tərbiyənin bir parçasını canlı olaraq cəmiyyətə aşılayır. Qəbul edilən siqnallar insanlarda müsbət rəy formalaşdırmalıdır ki, onlar da evlərinin içində gərginlik və nifrət yerinə sevgi və hörmət təbliğ etsinlər. Çünki, evdən çıxan şəxsin özü ilə daşıdığı enerjinin dərəcəsi digər şəxslərin həyatına təsir edə bilər.

Digər tərəfdən nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan dövləti tərəfindən ailələrin inkişafı istiqamətində mühüm tədbirlər həyata keçirilir. O cümlədən, ailələrin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı addımlar atılır. Azərbaycan Respublikasının dövlət ailə siyasətinin əsasını milli-mənəvi dəyərlərə əsaslanan sağlam ailələrin qurulması, cəmiyyətin əsas təməli olan ailə institutunun möhkəmləndirilməsi, ailədə və cəmiyyətdə valideyn məsuliyyətinin artırılması, yaşlı nəslə diqqət və hörmətin təbliğ edilməsi, ailənin sosial müdafiəsi və sosial təminatının təşkili, onun mümkün sosial təhlükə və risklərdən qorunması və ailələrin həyat səviyyəsinin yüksəldilməsi təşkil edir. Bu məsələlər qəbul edilən qanunvericilik aktlarında və sosial-iqtisadi yönümlü proqramlarda mühüm yer tutur.

Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq sənədlər, habelə BMT-nin “2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyi”ndə əks olunan Dayanıqlı İnkişaf Məqsədləri və Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” ailələrin sosial-iqtisadi rifahının yüksəldilməsi istiqamətində qarşıya yeni vəzifələr qoyur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə hüququ sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, ailə problemlərinin həlli və ailələrin, xüsusilə yeniyetmə və gənclərin maarifləndirilməsi, bu məsələrlə bağlı layihələrin keçirilməsinə xüsusi önəm verir.

Xüsusilə, Komitə tərəfindən bu istiqamətdə həyata keçirilən layihələr ailələrin maarifləndirilməsi, milli-mənəvi və ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və sağlam həyat tərzinin təbliğinə xidmət edir. Odur ki, mətbuat bu istiqamətdə gedən işləri geniş işıqlandırmaqla cəmiyyətdə yarana biləcək mənfi Stereotipləri aradan qaldıra bilər.

Həyat daim dəyişən dövrlər silsiləsidir: ay, fəsillər... Və həyatın bütün mərhələlərinin dövrləri var. Eynilə, medianın da dövriyyəsi var. Onlar daim yaradılır, inkişaf etdirilir, sonra bəzən geridə qalır, dəyişdirilir. Dəyişiklik həmişə yalnız yaxşı və ya pis kimi qəbul edilməməlidir, həm də yeni qapılar açmaq, yeni kəşflər etmək və yaratmaq fürsəti kimi qəbul edilməlidir...

Yazı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Mətbuat Günü münasibəti ilə jurnalistlər arasında “Ailə, qadın və uşaq məsələləri mediada” mövzusunda keçirdiyi müsabiqə üçün təqdim olunur

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər:





Xəbər lenti