“Heç kim vətəndaşlıqdan məhrum edilə bilməz” – Əli Hüseynli

“Heç kim vətəndaşlıqdan məhrum edilə bilməz” – Əli Hüseynli
  30 May 2014    Oxunub:1966
“Vətəndaşlıqdan məhrum etmə ilə vətəndaşlığın itirilməsi anlayışlarını bir-biri ilə qarışdırmaq olmaz”
AzVision.az Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli apa-ya müsahibəsini təqdim edir.

- “Azərbaycan Respublikasının Vətəndaşlığı haqqında” qanuna təklif olunan son dəyişikliklər həm hüquqşünaslar arasında, həm də xaricdə yaşayan soydaşlarımız üçün bir sıra suallar yaradıb. Başlıca məsələ isə vətəndaşlığın itirilməsinə dair yeni əsaslardır. Çünki Azərbaycan Konstitusiyasına görə Azərbaycan vətəndaşı heç bir halda Azərbaycan vətəndaşlığından məhrum edilə bilməz. Bunu necə şərh edə bilərsiniz?

- Haqlısınız. Amma vətəndaşlıqdan məhrum etmə ilə vətəndaşlığın itirilməsi anlayışlarını bir-biri ilə qarışdırmaq olmaz. Konstitusiyamızın 53.1-ə görə Azərbaycan vətəndaşı heç bir halda Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilə bilməz. Konstitusiyanın 52-ci maddəsinə isə diqqət yetirsəniz görərsiniz ki, vətəndaşlığın dəqiq tərifi verilib. Belə ki, Azərbaycan dövlətinə mənsub, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Bu tərifdə vətəndaşın dövlətlə siyasi və hüquqi bağlılığı anlayışına xüsusi diqqət yetirməyinizi xahiş edirəm. Çünki bizim də təqdim etdiyimiz qanuna edilmiş dəyişikliklərin və başqa ölkələrin də qanunlarında mövcud olan bu cür normalar məhz yuxarıda qeyd etdiyim bu anlayışa söykənir. Ona görə qanuna təklif edilmiş dəyişikliklər vətəndaşlıqdan məhrum edilmə kimi yox, vətəndaşlığın itirilməsinin əsaslarını özündə ehtiva edir. Təklif olunan dəyişiklikdə, yəni 18-ci maddənin yeni redaksiyasında da söhbət vətəndaşlığın itirilməsi əsaslarından gedir, məhrumetmədən yox.

- Bəs belə normalar digər ölkələrdə də mövcuddurmu?

- Almaniya vətəndaşlığı haqqında qanuna görə əgər şəxs digər ölkələrin silahlı qüvvələrinə qulluğa qəbul olunarsa, vətəndaşlığı itirilmiş hesab olunur. Yaxud İtaliya Konstitusiyasında müəyyən edilib ki, kimsə vətəndaşlıqdan məhrum edilə bilməz. Lakin əgər şəxs İtaliyanın üzvü olmadığı beynəlxalq təşkilatlarda qulluğa qəbul olunarsa, bu halda “Vətəndaşlıq haqqında” qanunda vətəndaşlığın itirilməsi nəzərdə tutulur.

- Məsələnin hüquqi tərəfi aydındır. Amma reallıq ondan ibarətdir ki, bir çox xarici ölkədə yaşayan azərbaycanlıların bir qismi uzun illərdir, həmin ölkələrin vətəndaşlığını əldə edib yaşayır, amma Azərbaycan vətəndaşlığını da itirməyiblər. Onların vəziyyəti necə olacaq? Belə hallar üçün cinayət məsuliyyəti nəzərdə tutulurmu?

- Bax elə dediyiniz vəziyyət ona görə baş verib ki, vətəndaşlıq haqqında qanunvericiliyimizdə boşluq var idi, bu məsələlər tənzimlənmirdi. Azərbaycanda ikili vətəndaşlıq yoxdur, amma dediyiniz hallar təəssüf ki, mövcuddur və bu, əslində qeyri-qanunidir. O ki qaldı hal-hazırdakı vəziyyətə görə cinayət məsuliyyəti məsələsinə, buna görə soydaşlarımız narahat olmaya bilərlər. Çünki qanun layihəsinin cinayət məsuliyyəti ilə bağlı müddəaları bu qanun qüvvəyə minənədək digər ölkənin vətəndaşlığı əldə etmiş şəxslərə şamil edilmir. Amma əgər qanun qəbul olunarsa, qüvvəyə mindikdən sonrakı bütün hallara şamil olunacaq. Buna görə də gələcəkdə diaspor təşkilatlarımızın bu sahədə hüquqi maarifləndirmə ilə bağlı müəyyən işlər görməsi faydalı olardı.

- Dediklərinizə baxmayaraq, bir sıra mətbu orqan bu qanunu aprel ayında “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” qanuna edilmiş dəyişiklik nəticəsində Rusiya vətəndaşlığının əldə olunmasının asanlaşdırılması ilə əlaqələndirir.

- İki səbəbə görə belə düşünmək absurddur. Birincisi, ona görə ki, bizim soydaşlarımız təkcə Rusiyada yox, Qazaxıstanda, Ukraynada, Türkiyədə və digər ölkələrdə də çox sayda yaşayırlar. Xarici ölkələrdə yaşayan soydaşlarımız oranın ictimai, siyasi, sosial, biznes həyatında qatılaraq vətəndaşlıq əldə etmələri, əksinə müsbət haldır. Biz sadəcə bu barədə məlumat verilməməsinin qanun pozuntusu olduğunu bu qanunla xatırladırıq. İkincisi, elə Rusiyanın özündə bu yaxınlarda Dövlət Duması 3 oxunuşda “Vətəndaşlıq haqqında” qanuna dəyişiklik edib və Rusiyanın Cinayət Məcəlləsinin 330-cu maddəsinə bizim layihə ilə oxşarlıq təşkil edən əlavə təklif edib. Bu misalla onu göstərmək istəyirəm ki, bizim qanuna edilən bu dəyişikliklər heç bir başqa məna daşımır. Sadəcə bütün dövlətlər qloballaşma dövründə vətəndaşlıq və miqrasiya məsələləri ilə bağlı məsələləri daha ciddi tənzimləməyə başlayıb. Sürətlə inkişaf edən ölkələr, o cümlədən Azərbaycan üçün bu məsələ aktualdır.


Teqlər:  





Xəbər lenti