"Hədəf korrupsiya ilə mübarizədir" - Nazirdən mesaj

"Hədəf korrupsiya ilə mübarizədir" - Nazirdən mesaj
  27 May 2014    Oxunub:925
"Ölkəmizdə “Elektron hökumət”in hədəflərindən biri də Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, korrupsiya ilə mübarizə aparmaq, bürokratik əngəllərdən qurtulmaq, bütün insanların bu xidmətlərdən yararlanmasını təmin etmək".
AzVision.az-ın məlumatına görə, bunu "AzərTAc"a müsahibəsində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Nazir aztəminatlı insanların “Elektron hökumət”ə imkanlı təbəqədən daha çox ehtiyacı olduğunu deyib.

Onun sözlərinə görə, bunun üçün ilk növbədə bütün vətəndaşların, əsasən də aztəminatlı insanların bu xidmətlərdən yararlanmasını təmin etməklə gözlənilən nəticələrə nail olmaq mümkündür. "Ölkədə 2020-ci ilədək bütün bu xidmətlərin internet vasitəsilə hamı üçün əlçatan olması hədəflənir. Azərbaycanda “Elektron hökumət” proqramı iki istiqamətdə həyata keçirilir. Birincisi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Elektron hökumət” portalı vasitəsilə dövlət orqanlarının öz saytlarında yaratdıqları elektron xidmətlərin vahid pəncərə üsulu ilə təqdim olunmasıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi 417 xidmətdən artıq 300-dən çoxu elektron formada təqdim edilir və qalan xidmətlərin də tam təqdim olunması əsas məqsədlərimizdəndir".

Ə.Abbasov qeyd edib ki, ikinci məsələ bu xidmətlərin vətəndaş və iş adamlarına, o cümlədən ucqar kənd yerlərində əlçatan olmasını təmin etməkdir. Bu da infrastruktur məsələsidir. "İndi ölkəmizdə fiber-optik şəbəkənin qurulması üzrə “Genişzolaqlı İnternetin İnkişafı” layihəsi əsasında işlər davam etdirilir və layihə 2017-ci ildə başa çatacaqdır. 2017-ci ilin sonunadək Azərbaycan əhalisinin 85 faizi, o cümlədən bütün ev təsərrüfatları, işgüzar subyektlər yüksəksürətli, genişzolaqlı internetlə təmin olunacaq. Kənd yerlərində son istifadəçiyə verilən internetin sürəti 30, şəhər yerlərində isə 100 meqabit/saniyəyə çatdırılacaq".


Teqlər:





Xəbər lenti