Səlim Müslümov vətəndaşları dinləyib

Səlim Müslümov vətəndaşları dinləyib
  11 Aprel 2013    Oxunub:1332
Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov vətəndaşlarla görüşüb.
Fondun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, DSMF sədri Səlim Müslümov aprelin 10-u Xaçmaz rayon şöbəsinin inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarından, aprelin 11-i isə DSMF-nin Sumqayıt şəhər şöbəsinin inzibati binasında Sumqayıt şəhəri, Abşeron, Xızı və Qobustan rayonlarından olan pensiyaçılar üçün qəbul keçirib. İki gün ərzində keçirilən qəbullarda ümümilikdə 65 vətəndaşın müraciətinə baxılıb.

Xaçmaz şəhərində keçirilən görüşdə 40-dan artıq vətəndaşın müraciətləri dinlənilib, onların problemləri ilə bağlı dərhal müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib. Görüşdə iştirak edən vətəndaşlar əsasən pensiyaların hesablanmasının bəzi hüquqi aspektləri və stajla bağlı məsələlərə görə müraciət ediblər. Bəzi sakinlər müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə kolxoz və sovxozlarda işlədikləri müddətin əmək stajlarına əlavə edilməməsindən narazılıqlarını bildiriblər. Müraciətlərin bir qismi isə DSMF-nin səlahiyyətlərinə aid olmayan məsələləri əhatə edib və bu tipli müraciətlərlə görüşə gələn vətəndaşlara həm hüquqi, həm də digər mümkün köməkliklərin edilməsi üçün həmin müraciətlərin müvafiq orqanlara catdırılacağı bildirilib.

Sumqayıt şəhərində keçirilən görüşdə isə 25 vətəndaşın müracəti araşdırılıb. Görüşdə vətəndaşlar əsasən pensiyaçıların tibbi sığortasının olmaması, stajların təsdiqi zamanı hüquqi problemlərə aid məsələləri qaldırıblar. Bütün müraciətlərə operativ qaydada baxılaraq müvafiq tədbirlərin görülməsi barədə şəhər və rayon şöbələrinin rəhbərlərinə və digər vəzifəli şəxslərinə tapşırıqlar verilib.



Teqlər:  





Xəbər lenti