Kibertəhlükəsizliyimiz: İsraildən nə öyrənə bilərik – VİDEO

      Kibertəhlükəsizliyimiz:    İsraildən nə öyrənə bilərik –    VİDEO
  28 Aprel 2023    Oxunub:2730
Seymur Məmmədov
AzVision.az -ın rus versiyasının redaktoru

Azərbaycan Milli Kibertəhlükəsizlik İndeksindəki mövqeyini 34 pillə yaxşılaşdıraraq, 161 ölkə arasında 52-ci yerə yüksəlib. Yəni bu istiqamətdə işlər yaxşı gedir: Ölkəmiz Milli Kibertəhlükəsizlik İndeksinin nəticələrinə görə nəzərəçarpacaq uğurlar əldə edib. Amma bu bütün problemlərin həlli demək deyil və arxayınlığa əsas vermir.
Prezident İlham Əliyevin əvvəllər də qeyd etdiyi kimi, kibertəhlükəsizliyin bütün sahələrdə inkişafı, o cümlədən mühüm informasiya ehtiyatlarının kibermühafizəsinin gücləndirilməsi ölkəmiz üçün prioritet məsələlərdən biridir. Dövlət başçısının sərəncamı ilə Milli Kibertəhlükəsizlik və İnformasiya Strategiyası hazırlanaraq, Nazirlər Kabinetinə təqdim edilib, Elektron Mühafizə üzrə Dövlət Xidməti yaradılıb və digər tədbirlər həyata keçirilir. Ancaq problemin tam həllini tapdığını hələ ki deyə bilmərik.



Dünyada kibertəhlükələrin sayında sürətli artım müşahidə olunur. Buna əmin olmaq üçün xarici medianın xəbər lentlərinə baxmaq kifayətdir. Rəqəmsal dünyanın təhdidlərindən etibarlı müdafiəyə təkcə Azərbaycan deyil, bütün ölkələr ehtiyac duyur. Dünyada demək olar ki, bütün fəaliyyət növləri və obyektlər - sənaye müəssisələrindən və kosmik gəmilərdən tutmuş fərdi kompüterlərə və telefonlara qədər bu təhlükələrə məruz qalır. Kibertəhlükəsizlik kritik infrastrukturun qorunmasını, şəbəkə təhlükəsizliyini, tətbiqlərin təhlükəsizliyini və s.-ni nəzərdə tutur. Birinci kateqoriya xüsusi əhəmiyyət kəsb edir.

“Kritik infrastruktur” dedikdə elektrik şəbəkələri, nəqliyyat şəbəkələri, avtomatlaşdırılmış idarəetmə sistemləri, İKT sistemləri və digər sistemlər nəzərdə tutulur. Söz yox ki, kritik infrastrukturun kibertəhlükəsizliyinin təmin edilməsi Azərbaycanın qarşısında duran mühüm məsələlərdəndir. Xarici ekspertlərin fikrincə, burada kifayət qədər boşluqlar var; ilk növbədə şəxsi məlumatlar bazası ilə bağlı. Məsələn, dövlət idarələrində şəxsi məlumatlarla işləyərkən parollardan istifadə kibertəhlükəsizliyin çox aşağı səviyyədə olduğunu göstərir. Bu, vətəndaşların xidmətlərə çıxışını asanlaşdırsa da, bütün sistemi təhlükə altına qoyur. Bundan əlavə, onlayn xidmətlərə çıxış üzərində nəzarət olmalıdır.

Dünyada kiberhücumlardan qorunmaq üçün müəyyən imkanlar yaradılıb və Azərbaycan bu məsələdə digər ölkələrin təcrübəsinə xüsusi diqqət yetirməlidir. Xüsusilə də İsrail təcrübəsinə. Bu ölkədə kiberhücumlara, o cümlədən kiberterrorizmə qarşı mübarizədə uğurlu inkişaf var. Bu məqsədlər üçün ölkədə xüsusi elit bölmə yaradılıb. İsrail kibermüdafiəni təkmilləşdirməyin zəruriliyini anlayır və bu istiqamətdə irəliləyir. Azərbaycanın dost dövlətdən öyrənəcəyi çox şey var. Yaxın vaxtlarda Azərbaycanda İsrailin dəstəyi ilə işə başlayacaq Kibertəhlükəsizlik Mərkəzinin yaradılması müsbət faktdır.

Kritik infrastruktura ölkəmizin beynəlxalq öhdəliklərini təmin edən obyektlər də daxildir. Bunlar ixrac boru kəmərləri, beynəlxalq nəqliyyat və logistika dəhlizləri, limanlar, neft-qaz platformaları, terminallar və s.-dir. Daxili istifadə üçün vacib infrastruktur obyektləri arasında enerji təchizatı sistemi xüsusi diqqət tələb edir. 2018-ci ilin iyulunda Mingəçevir Su-Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində ölkənin yarısının işıqsız qalması hamımızın yadındadır. İsrailli mütəxəssislərin fikrincə, su-elektrik stansiyası düzgün kibermüdafiə vasitələri ilə təchiz olunsaydı, qəzanın qarşısını almaq olardı.

Yeri gəlmişkən, Mingəçevir su-elektrik stansiyası və Azərbaycanın digər mühüm obyektləri Ermənistanda həmişə diqqət mərkəzində olub. 2016-cı ildə bu ölkədə hətta “Azərbaycanın kritik infrastrukturu” mövzusunda konfrans təşkil edilib, orada ölkəmizin ərazisindəki obyektlərə kiberhücum variantları nəzərdən keçirilib.

Ölkənin kibertəhlükəsizlik məsələsində hər şeyin yaxşı olmadığını fişinq hücumlarının sayının artması sübut edir. Bir neçə ay əvvəl Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum şəxslər tərəfindən göndərilən mesaj və elektron məktublara qarşı diqqətli olmaları barədə xəbərdarlıq etmişdi.
Bu, həqiqətən ciddi problemdir. Bu gün demək olar ki, hər kəsin bununla üzləşdiyini desək, yanılmarıq. Əksəriyyətimiz naməlum və ya təyin oluna bilinməyən nömrələrdən qəribə mesajlar alırıq, mobil şəbəkə üzərindən şübhəli məzmunlu reklamlar yayılır, abunəçilər qumar və anlaşılmaz tirajlarda iştiraka dəvət olunurlar. Bu cür mesajlar digər istifadəçilərə göndərilərkən çox zaman qazanc vədi ilə müşayiət olunur. Təəssüf ki, hamı belə hücumları təhlükə kimi qəbul etmir, nəticədə insanların kompüterləri və telefonları sıradan çıxır. Amma bu, fişinq hücumunun vura biləcəyi ən kiçik ziyandır.

Odur ki, bu gün Azərbaycan üçün kibertəhlükəsizlik də güclü ordu qədər vacibdir. Bu cəbhədə böyük müharibələr başlaya bilər. Onlarda qan tökülməyəcək, amma kiber müharibələrin gətirdiyi dağıntılar və bədbəxtliklər istənilən bombardmandan güclü ola bilər.



Teqlər: Kibertəhlükəsizlik  





Xəbər lenti