Orta aylıq əməkhaqqı göstəricisi “düzgün işləmir” – Pərviz Heydərovun şərhi

   Orta aylıq əməkhaqqı göstəricisi “düzgün işləmir” –    Pərviz Heydərovun şərhi
  27 Mart 2023    Oxunub:2233
Ötən il muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 14,7% artaraq 839,4 manat təşkil edib. Ölkə üzrə orta aylıq əməkhaqqı əslində hər il artır. 2018-2022-ci illər ərzində bu göstərici 52% yüksəlib. Bu da son 4 ildə qeyd olunan göstəricinin daha sürətlə artdığını göstərir.
Səbəb aydındır. Buna həm hökumət tərəfindən həyata keçirilən minimum əməkhaqqı və maaş artımları rəvac verib, həm də bahalaşma və inflyasiya tendensiyası. İlin sonunadək isə ölkə üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi 900 manatı keçəcək. Bu halda orta aylıq nominal əməkhaqqının artım səviyyəsi keçən ildəkindən 100 manat çox təşkil edəcək. Buna hər cür əsas var: Prezidentin Sərəncamları ilə ilin əvvəlindən minimum əməkhaqqı 300 manatdan 345 manata çatdırılmaqla, bəzi sahələrdə maaşlar artırılıb. İl ərzində növbəti artımlar da ola bilər. Lakin...

Məsələ bundadır ki, bizdə orta aylıq nominal əməkhaqqı göstəricisi bir sıra baxımlardan nisbi xarakter daşıyır. Əvvəla, bütün sahələrdə eyni deyil. İqtisadiyyatın sektorları üzrə ciddi fərqlilik mövcuddur. Mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində sözügedən göstərici daha yüksəkdir.

İkincisi, minimum əməkhaqqı ölkə üzrə orta aylıq əməkhaqqı göstəricisi ilə müqayisədə xeyli aşağı səviyyədədir. Bu isə o deməkdir ki, ölkədə yuxarı əməkhaqqı ilə aşağı əməkhaqqı arasında distansiya böyükdür. Qeyd olunan fakt ölkə iqtisadiyyatının birtərəfli inkişafı ilə izah oluna bilər. Bunu aradan qaldırmaq üçün isə ilk növbədə minimum əməkhaqqı orta aylıq əməkhaqqı səviyyəsinin heç olmasa 50-55%-ni təşkil etməlidir. Xatırladım ki, 2004-cü ildə Avropa Sosial Xartiyasına qoşularkən götürdüyümüz öhdəliyə əsasən, bu rəqəm 60%-dir. Real olaraqsa 42% təşkil etməkdədir.

Üçüncü məqam ondan ibarətdir ki, 1 yanvar 2023-cü il tarixinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 24,8 min nəfər və ya 1,5% artaraq 1 milyon 733 min 900 nəfər təşkil etməklə, 903 min 300 nəfərin dövlət, 830 min 600 nəfərinsə qeyri-dövlət sektorunda fəaliyyət göstərdiyi qeydə alınıb. İqtisadiyyatın böyük bir hissəsi özəl sektora məxsus olduğu halda muzdla çalışan işçilərin çoxunun dövlət sektorunda fəaliyyət göstərməsi müsbət faktor deyil. Bu, dövlətdə maaşların özəl sektordakından yüksək olması ilə izah edilərsə, yenə anlaşılan deyil.

Ümumiyyətlə, ölkə üzrə orta aylıq nominal əməkhaqqı göstəricisinin formalaşmasında iqtisadiyyatın özəl sektorunda çalışanların maaşlarının nə dərəcədə rol oynadığı ciddi araşdırma tələb edir.

Nəhayət, dördüncüsü. Yuxarıda qeyd etdim ki, keçən il 2 illik fasilədən sonra minimum əməkhaqqı 300 manata çatdırıldı. Həmin ildə bundan əlavə heç bir artım həyata keçirilməyib. Bahalaşma və inflyasiya tendensiyası heç bir ay ərzində səngiməyib. Ümumiyyətlə, ötən il ən böyük bahalaşma ili olaraq yadda qaldı. İstehlak qiymətləri indeksi 14%, ərzaq məhsulları üzrə isə 20%-dən çox artdı. Sual yaranır ki, bunun müqabilində ümumən orta aylıq nominal əməkhaqqı göstəricisinin 14,7% artımı görəsən, bilavasitə dövlətin sosial siyasətinin nəticəsidir, yoxsa iqtisadi inkişafın?!

Odur ki, hesab edirəm haqqında söz açdığım göstərici ilk növbədə iqtisadiyyatın bütün sektorları üzrə təqribən eyni dərəcədə artmalıdır.
• İkincisi, ölkədə minimum əməkhaqqı ilə ən yüksək əməkhaqqı arasında məsafə azalmalı və minimal maaş orta aylıq əməkhaqqı göstəricisinin ən azı 50%-ni təşkil etməlidir.
• Üçüncüsü, özəl sektorda əməyin tətbiqi stimullaşdırılmalıdır.
• Dördüncüsü də bahalaşma və inflyasiya tempi heç bir halda il üzrə minimum, habelə ümumən əməkhaqqının artımı tendensiyasını nəinki üstəməli deyil, hətta buna bərabər də olmamalıdır.


Pərviz Heydərov
Azvision.az üçün

Teqlər: İqtisadiyyat  







Xəbər lenti