Almaniya Güney Qafqazda Fransanı əvəzləyə bilər – Berlindən baxış

// Aleksandr Rar: “Paris cəhd etdi və uğursuz oldu”

   Almaniya Güney Qafqazda Fransanı əvəzləyə bilər –    Berlindən baxış
  16 Mart 2023    Oxunub:2400
“Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyadakı görüşləri kifayət qədər maraqlı keçdi və konkret nəticələrlə başa çatdı. Nəticələrdən biri odur ki, Almaniya Ermənistan-Azərbaycan münaqişəsinin həllində iştirak baxımından Avropa İttifaqında liderə çevrildi. Almaniya bu münaqişənin həlli üçün təkcə nəzəri deyil, həm də praktiki olaraq əlindən gələni edəcək”.
Bunu AzVision.az -a almaniyalı ekspert Aleksandr Rar (Alexander Rahr) Azərbaycan prezidenti İlham Əliyevin Almaniyaya səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, Almaniya SSRİ-nin dağılmasından sonra müəyyən edilmiş sərhədlərin dəyişməməsi prinsipini açıq şəkildə müdafiə edir:

- Biz Ukraynanın timsalında sərhədlərdə dəyişikliklərin nələrə gətirib çıxara biləcəyini əla görürük. Almaniya belə bir ssenaridən ehtiyatlanır. Almaniya Ermənistan-Azərbaycan münaqişəsinin həllində maraqlıdır. Bundan əlavə, enerji təhlükəsizliyini gücləndirmək üçün Azərbaycana iqtisadi tərəfdaş kimi baxır və alman biznesi işğaldan azad edilmiş ərazilərə sərmayə qoymağa ümid edir.

Rar qeyd edib ki, Ukrayna münaqişəsi başlayandan sonra Avropa Rusiyanı sıxışdırıb çıxarmaq üçün bütün qüvvələrini səfərbər edib, o cümlədən diplomatik səylərini artırıb. Lakin ekspert Avropa İttifaqının postsovet məkanının xarici siyasətində aparıcı rol oynamaq potensialına şübhə ilə yanaşdığını bildirib: "Fransa özünəməxsus şəkildə cəhd etdi və uğursuz alındı. İndi də Almaniya cəhd edəcək. Məqsəd postsovet məkanında, xüsusən də Cənubi Qafqazda Rusiyanın təsirini zəiflətməkdir. Eyni zamanda, Almaniya Azərbaycanın simasında Aİ üçün etibarlı qaz və neft tədarükçüsü qazanmağa çalışır. Berlində bununla bağlı qısamüddətli plan hazırlanır”.

Ekspert onu da bildirib ki, hazırda alman biznesi azərbaycanlı iş adamları ilə “yaşıl enerji”nin birgə istehsalında maraqlıdır.

Murad Nəcəfov
AzVision.az


Teqlər: Almaniya  





Xəbər lenti