Avropa Şurasının baş katibi “Tufandağ”da - FOTO

Avropa Şurasının baş katibi “Tufandağ”da - FOTO
  22 May 2014    Oxunub:1363
Avropa Şurasının Baş katibi Torbyorn Yaqland Azərbaycana rəsmi səfəri çərçivəsində mayın 21-də Qəbələ rayonuna gəlib.

AzVision.az `Azərtac`a istinadən xəbər verir ki, baş katibin rəhbərlik etdiyi nümayəndə heyəti rayonun turizm infrastrukturu, istehsal müəssisələri və müasir memarlıq nümunələri ilə tanış olub.

Qonaqlar əvvəlcə Qəbələ şəhərindəki otel komplekslərinə baxıb, Azərbaycanda, eləcə də bölgələrdə turizmin inkişafına, bu sahədə yaradılan müasir infrastrukturun daha da genişləndirilməsi istiqamətində görülən işlərə və rayonda həyata keçirilən irimiqyaslı turizm layihələrinin icrasına göstərilən dövlət qayğısının şahidi olublar. Sonra onlar bu ilin əvvəlində Prezident İlham Əliyev tərəfindən birinci mərhələsinin açılışı olan “Tufandağ” qış-yay turizm istirahət kompleksinə gəliblər.

Qonaqları müşayiət edən rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev kompleksin tikintisinin birinci mərhələsi çərçivəsində dörd kanat xəttinin inşa olunduğu, on xizək yolundan beşində tikinti işlərinin başa çatdığı, turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranların açıldığı, bütün dağ-xizək trasının süni qaryağdıran generasiya sistemi ilə təchiz edildiyi və gün ərzində 3 min nəfərə xidmət göstərilməsinin mümkünlüyü barədə məlumat verib.

Nümayəndə heyəti daha sonra Heydər Əliyev adına Qəbələ Konqres Mərkəzinə gəlib. Müasir memarlıq üslubunda inşa olunan bu unikal binaya maraq göstərən qonaqlara məlumat verilib ki, hər birinin hündürlüyü 6,9 metr olan 3 mərtəbəli binanın birinci mərtəbəsində danışıqlar üçün zallar, 350 yerlik restoran, inzibati otaqlar, geniş foye, sanitar qovşaqları, ikinci mərtəbəsində isə çoxfunksiyalı 1200 yerlik konfrans salonu, 92 kvadratmetrlik səhnə, VİP otaqları, media işçiləri üçün kabinetlər yerləşir.

Torbyorn Yaqland və onunla birgə gələn qonaqlar rayon tarix-diyarşünaslıq muzeyində Qəbələnin tarixi, mədəniyyəti və etnoqrafiyası ilə yaxından tanış olublar.

Nümayəndə heyətinin üzvləri Qəbələ Konserv Zavodunda xammal qəbulundan başlayaraq, hazır məhsulun qablaşdırılmasına qədər bütün texnologiyanı müşahidə edib, “Beltmann” Piano Fabrikində musiqi alətlərinin istehsalı prosesinə baxıblar.
Avropa Şurasının təmsilçiləri gün ərzində Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksinə və Nic qəsəbəsindəki Alban kilsəsinə də baş çəkiblər.



AzVision.az


Teqlər:  





Xəbər lenti