Metropolitendən köçkünlərə ciddi xəbərdarlıq

Metropolitendən köçkünlərə ciddi xəbərdarlıq
  21 May 2014    Oxunub:1151
Bakı Metropoliteni "QSC "Dərnəgül" Elektrik Deposunun tikintisi üçün ayrılan torpaq sahəsində tikilən evlərin söküntüsü üçün son xəbərdarlıq edib.
AzVision.az Trend-ə istinadən verdiyi xəbərə görə, bu gün "Bakı Metropoliteni" QSC-nin nümayəndələri 7-ci mikrorayon, "Xarici dairəvi" küçəsi, 3126/27-ci məhəlləyə gələrək əraziləri zəbt edən məcburi köçkünlərə sonuncu xəbərdarlıq ediblər.

Qeyd edək ki, Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1 noyabr 1986-cı il tarixli qərarı ilə Bakı Metropoliteninin 3-cü növbəsinin Şimal sahəsinə daxil olan "Dərnəgül" Elektrik Deposunun tikintisi üçün Binəqədi rayonu, 7-ci mikrarayon, "Xarici dairəvi" küçəsi, 3126/27-ci məhəllədə 17,1 ha torpaq sahəsi ayrılıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev jurnalistlərə bildirib ki, müəyyən səbəblərdən tikinti işləri müvəqqəti dayandırılmış həmin torpaq sahəsi məcburi köçkünlər və digər mülki şəxslər tərəfindən zəbt olunub. Siyahıyaalınma zamanı müəyyən edilib ki, həmin ərazidə 83-ü məcburi köçkünlərə məxsus olmaqla, cəmi 217 yaşayış sahəsi var. Orada yaşayan yerli sakinlərə kompensasiya ödənilərək ərazidən köçürmələrinə nail olunub. Məcburi köçkünlərin köçürülməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Məcburi köçkünlərin hər biri mənzillə təmin olunsa da, 6 ailə köçməkdən imtina edir.

N.Paşayevin sözlərinə görə, 6 ailənin hər birinin adına Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Mehdiabad qəsəbində mənzil verilib. Lakin məcburi köçkünlər "Bakı Metropoliteni" QSC-dən əlavə olaraq kompensasiya tələb edir. Metropoliten isə evlərin sökülməsi və tikinti materialların daşınması üçün lazımi köməyi təklif edir.

Xatırladaq ki, köçmək istəməyən məcburi köçkünlər məhkəmələrə müraciət ediblər, lakin onların iddiaları təmin edilməyib.

1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 10 iyul 2013-cü il tarixli qərardadı ilə hazırda iddiaçıların yaşadığı evlərin, həyətlərin dağıdılması, yolun çəkilməsi ilə bağlı müəyyən hərəkətlərin edilməsi Bakı Metropoliteninə qadağan edilsə də, 19 avqust 2013-cü il tarixli qərarı ilə iddiaçıların tələbi rədd edildiyindən, məhkəmə əvvəlki qərardadını ləğv edib və Metropolitenə söküntü işlərinin aparılması üçün qoyduğu qadağanı aradan qaldırıb.

Bununla bağlı Ali Məhkəmənin İnzibati İqtisadi Kollegiyası 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin müvafiq qərarını dəyişdirmədən saxlayıb və iddiaçıların kassasiya şikayətini təmin etməyib. Buna görə də "Bakı Metropoliteni" QSC söküntü işlərini davam etdirilir.


Teqlər:  





Xəbər lenti