Nazirdən müəllimlərə rüşvət qadağası - ƏMR

Nazirdən müəllimlərə rüşvət qadağası - ƏMR
  20 May 2014    Oxunub:967
Azərbaycan təhsil naziri Mikayıl Cabbarov "Müəllimlərin etik davranış qaydaları"nı təsdiq edilməsi ilə bağlı əmr imzalayıb.

Təhsil Nazirliyindən AzVision.az-a verilən məlumata görə, qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa, digərqanunvericilik aktlarına və “Təhsil prosesi iştirakçılarının etik standartlar modeli”nə uyğun hazırlanıb.

Qaydalar müəllimlərin etik davranış prinsiplərini və onlara uyğun tələbləri, təhsil prosesi iştirakçılarının qarşılıqlı münasibətlərinin xüsusiyyətlərini müəyyən edir və onları tənzimləyir. Qaydalar həmçinin bütün növ təhsil müəssisələrində çalışan müəllimlərə şamil edilir.

Bu Qaydaların tətbiqində əsas məqsəd təhsil müəssisələrində sağlam işgüzar durumun bərqərar olmasına, vətəndaşların təhsil müəssisəsinə və müəllimə etimadının artırılmasına, təhsil müəssisələrinin idarə olunmasında valideynlərin və cəmiyyətin daha yaxından iştirakının təmin edilməsinə, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına, təhsil müəssisəsində korrupsiya hallarının və maraqların toqquşmasının qarşısının alınmasına və müəllim nüfuzunun yüksəldilməsinə nail olmaqdan ibarətdir.

Müəllim peşə fəaliyyətində aşağıdakı etik davranış prinsiplərini gözləməli və müvafiq tələblərə ciddi şəkildə əməl etməlidir.

Qanunun aliliyi – müəllim vəzifə funksiyalarının icrası zamanı Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikasının qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə, insan hüquqlarına və demokratik prinsiplərə əməl etməyə borcludur. Vicdanlılıq – müəllim cəmiyyət və dövlətin maraqları naminə öz peşə fəaliyyətini keyfiyyətlə və səmərəli yerinə yetirməyə borcludur. Müəllim bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.

Peşəkarlıq və fərdi məsuliyyət – müəllim öz fəaliyyətini Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində
peşəkar səviyyədə yerinə yetirməyə borcludur və vəzifə funksiyalarının
keyfiyyətlə yerinə yetirilməsinə görə məsuliyyət daşıyır. Müəllim peşəkar
fəaliyyəti və şəxsi nümunəsi ilə təhsilalanların, valideynlərin, cəmiyyətin təhsil2
sisteminə, təhsil müəssisəsinə və təhsil işçilərinə inamını artırmalı və
möhkəmləndirməlidir.

Loyallıq – müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və
digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə
əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən,
çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir.
Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, habelə təhsil
müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir.

Mədəni davranış – müəllim təhsilalanlarla, rəhbərlik və həmkarları ilə
davranışında nəzakətli, xeyirxah, diqqətli və təmkinli olmalıdır. Müəllim peşə
fəaliyyəti ilə əlaqədar iradları, tənqidi fikirləri qəbul etməli, qiymətləndirməli və
onlardan düzgün nəticə çıxarmalıdır. Müəllim səmimi, çalışqan, intizamlı,
təşəbbüskar olmalı, xarici görkəminə, geyiminə xüsusi fikir verməli, hər zaman
səliqəli olmalıdır.

Qərəzsizlik – müəllim peşə vəzifəsini yerinə yetirərkən qərəzsiz olmalı,
irqinə, milliyyətinə, dilinə, cinsinə, sosial mənşəyinə, dinə münasibətinə,
əqidəsinə, ictimai mənsubiyyətinə görə təhsilalanlara və təhsil prosesinin digər
iştirakçılarına fərq qoymamalıdır. Müəllim özünün və ya maraqlı şəxslərin
mənafelərinin vəzifə funksiyalarının icrası zamanı ona təsir etməsinə yol
verməməli və buna şərait yaratmamalıdır. Müəllim öz peşə vəzifəsindən və
səlahiyyətlərindən kənar məsələlərə müdaxilə etməməlidir. Müəllim peşə
fəaliyyətini yerinə yetirərkən siyasi bitərəfliyə əməl etməyə borcludur.

Gender bərabərliyi – müəllim təhsil və tərbiyə prosesində kişi və qadın
cinsindən olan təhsilalanların bərabərliyi prinsipinin gözlənilməsinə davamlı
olaraq əməl etməlidir.

İctimai etimad – müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim
adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Müəllim etik davranış qaydalarını
pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etimadın
bərpasına çalışmalıdır. Müəllim işlədiyi təhsil müəssisəsinin fəaliyyəti barədə KİV
nümayəndələrinin qanunla müəyyən edilmiş qaydada doğru məlumatlanmasına
kömək göstərməlidir.

Konfidensiallıq - qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla,
müəllim peşə vəzifələrinin icrası ilə bağlı təhsilalanların, onların valideynlərinin, habelə həmkarlarının şəxsi həyatı barədə ona məlum olan məlumatların
konfidensiallığını təmin etməlidir.

Qaydalara görə, müəllim təhsilalanlarda müsbət keyfiyyətlərin formalaşmasına və inkişafına təkan verəcək müasir təlim texnologiyalarından və strategiyalarından istifadə etməlidir.

Müəllim hər bir təhsilalanın sağlamlığını və rifahını düşünərək, onları zərərli vərdişlərdən çəkindirməlidir.

Müəllim təhsilalanların fəaliyyəti, nailiyyətləri və kompetensiyalarının qiymətləndirilməsində obyektiv və qərəzsiz olmalı, təhsilalanlarda özünəinam hissini möhkəmləndirməli, motivasiyanı yüksəltməlidir. Təhsilalanlara verilən qiymətin qərəzli şəkildə azaldılmasına və ya əsassız olaraq artırılmasına yol verməməlidir.

Müəllim təhsilalanlara qarşı xeyirxah və ədalətli olmalı, onlara qarşı haqsızlığa yol verdikdə səhvini etiraf etməyi bacarmalı, onun nəticələrini aradan qaldırmağa çalışmalıdır.

Müəllim hər zaman nitqinə fikir verməli, nitqində kobud və təhqiredici sözlər işlətməməlidir.

Müəllim təhsilalanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir.

Qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla, müəllim təhsilalanlar tərəfindən ona verilən şəxsi məlumatların məxfiliyini qorumalıdır.

Müəllim peşə fəaliyyətini yerinə yetirmək müqabilində təhsilalanlardan hər hansı maddi və qeyri-maddi nemətlər tələb etməməlidir.

Müəllim qanunvericiliklə müəyyən edilmiş qaydada təhsilalanlara göstərdiyi əlavə təhsil xidməti (xidmətləri) müqabilində hədiyyə və ya pul tələb etməməlidir.

Mirvari Nəcəf




Teqlər:  





Xəbər lenti