Füzuli Ələkbərov: “2 milyon manat pul ayrılıb”

Füzuli Ələkbərov: “2 milyon manat pul ayrılıb”
  10 Aprel 2013    Oxunub:1296
Sosial xidmətlər sahəsində gələcək fəaliyyət istiqamətləri
müəyyən olunub
10 aprel 2013-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün sosial xidmətlərin göstərilməsi sahəsində gələcək fəaliyyət istiqamətlərinin müzakirəsi məqsədilə müvafiq sahədə ixtisaslaşmış QHT-lərlə görüş keçirilib.

Görüşü giriş sözü ilə açan nazir Fizuli Ələkbərov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 14 mart 2012-ci il tarixli Fərmanı ilə tətbiqinə başlanılan «Sosial xidmət haqqında» Azərbaycan Respublikası Qanununun sosial xidmətlərin çeşidinin artmasında, sosial xidmət göstəriləcək əhali kateqoriyalarının əhatə dairəsinin və bu sahədə hökumət və ixtisaslaşmış qeyri-hökumət təşkilatları, fiziki və hüquqi şəxslərlə əməkdaşlıq imkanlarının genişlənməsində mühüm rol oynadığını qeyd edib.
Nazir Fizuli Ələkbərov Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” və Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası istiqamətində ixtisaslaşmış vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın zəruri olduğunu bildirib.

Azərbaycan Respublikası Prezidentinin 9 yanvar 2013-cü il tarixli Sərəncamı ilə sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər görülməsi məqsədilə 2013-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq 2 (iki) milyon manat vəsaitin ayrıldığını qeyd edən nazir Fizuli Ələkbərov həmin sərəncamın sosial xidmətlər sahəsinin inkişafında çox əhəmiyyətli bir addım olduğunu vurğulayıb.

Qeyd olunub ki, bu vəsait ilk növbədə sağlamlıq imkanları məhdud yetkinlik yaşına çatmayanların sosial reabilitasiyası və baxımsızlığının qarşısının alınması sahəsində işlərin görülməsinə, onlara ev şəraitində icma əsaslı sosial xidmətlər göstərilməsinə yönəldiləcək.

Görüşdə Azərbaycanda sağlamlıq imkanları məhdud və sosial təhlükəli vəziyyətdə olan uşaqlar üçün göstərilən sosial xidmətlərin mövcud vəziyyəti, inkişaf perspektivləri və bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Nazirlik yanında İctimai Şuranın üzvlərinin, ixtisaslaşmış təşkilatların nümayəndələrinin iştirak etdiyi görüşdə həmçinin sosial xidmətlər sahəsində mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqi istiqamətində ixtisaslaşmış təşkilatların müsbət rolu qeyd edilib, bu sahədə gələcək fəaliyyət istiqamətləri müəyyən olunub.


Teqlər:  





Xəbər lenti