“Bakı yeni estetika yaradıb” – Qazaxıstanlı tələbə

   “Bakı yeni estetika yaradıb” –    Qazaxıstanlı tələbə
  07 Fevral 2023    Oxunub:918
“Anam Bakıda Tibb Universitetini bitirib. Elə oldu ki, mən də bu gözəl şəhərə gəlib, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil oldum”.
Bunu AzVision.az -a Qazaxıstan vətəndaşı, 26 yaşlı Asxat Kırqızbayev deyib. O, Azərbaycana xaricdə təhsili nəzərdə tutan hökumətlərarası qrant proqramı sayəsində gəlib.

“100 nəfər arasında keçirilən müsabiqədə qalib gəlib, Azərbaycanı seçdim. Niyə məhz Azərbaycan Dövlət Neft və Sənaye Universiteti? Çünki kəşfləri və elmi nailiyyətləri ilə tanınır. Universitetin güclü professor-müəllim heyəti və səriştəli rəhbərliyi var. Müəllimlərin tələbələrə münasibəti də xoşuma gəlir, onlar tələbkardırlar və bu çox gözəldir.
Gəldi, öyrəndi, tanıdı: Xarici tələbələr haqqımızda nə düşünürlər – SORĞU+FOTOLAR

Mənim sevimli fənnim quyuların geofizik tədqiqatıdır. Çünki mədənçiyəm, odur ki, gələcəkdə bəhrəsini verəcək bu fənnə daha çox diqqət yetirirəm. Bu səbəbdən də dərsdən azad vaxtlarımda peşə haqqında biliklərimi əsasən xarici mənbələr hesabına artırıram və gələcəkdə öz sahəmdə biznes qurmağı düşünürəm”, - A. Kırqızbayev qeyd edib.

Həmsöhbətimiz bildirib ki, Bakı gözəl, rahat və həyat üçün əlverişli şəhərdir. “Bakı sənaye qrafikası ilə cənub səmasının əngin maviliyini dələrək, yeni gözəllik estetikası yaratmış minlərlə neft buruğunun xüsusi ritmində yaşayan əməkçi şəhəridir. Sonda bütün tələbələrə dərslərində uğurlar, yeni kəşflər, məqsədlərinə çatmaq üçün tükənməz motivasiya arzulayıram”, - A. Kırqızbayev deyib.

Rolan Yusufov
AzVision.az



Teqlər:   Tələbə  





Xəbər lenti