Ukraynadan Ermənistana silah daşına bilərmi?

   Ukraynadan Ermənistana silah daşına bilərmi?
  24 Yanvar 2023    Oxunub:321
Ukrayna Erməniləri İttifaqının icraçı direktoru Hovakim Arutyunyanın qalmaqallı açıqlaması geniş əks-səda doğurub. Arutyunyan deyib ki, “Biz (Ukrayna erməniləri-red.) Ermənistana kəşfiyyat məqsədilə istifadə olunan pilotsuz uçuş aparatlarını göndərmişik. Mən onları təyyarələrlə göndərənləri tanıyıram. Bu hərbi texnika Varşava-İrəvan reysi ilə aparılır. Buradan, Ukraynadan ordumuza çoxlu kömək göndərilir. Təsəvvür edin, bizdə müharibə gedir, amma bizim ermənilər Ermənistana kömək edə bilir, Ukrayna tərəfindən vuruşan hərbçilərimiz Ermənistandakı qardaşlarına pilotsuz uçuş aparatları göndərə bilirlər”.
Rusiya ilə müharibə aparan Ukraynadan Ermənistana pilotsuz uçuş aparatları göndərilə bilərmi?

Məsələni şərh edən politoloq Elxan Şahinoğlu deyib ki, Ukraynanın daha çox pilotsuz uçuş aparatlarına ehtiyacı var. Kiyevin bu aparatları əsas tədarük etdiyi ölkə isə Türkiyədir. İki ölkə arasında pilotsuz uçuş aparatlarının birgə istehsalıyla bağlı razılaşma da var.

- Ukrayna ABŞ-dan da pilotsuz uçuş aparatları əldə edir. Prezident Volodimir Zelenski bütün açıqlamalarında Qərb ölkələrindən hərbi texnika istəyir. Çünki Ukraynanın hərbi texnikası və sursatları azalır, pilotsuz uçuş aparatlarının bir hissəsi döyüşdə neytrallaşdırılır. Bunların yeri doldurulmalıdır. Digər tərəfdən Kiyevin Azərbaycanla tərəfdaşlıq münasibətləri var. Ukrayna Ermənistanı Rusiyanın strateji müttəfiqi kimi qiymətləndirir. Bu baxımdan İrəvana silah, pilotsuz uçuş aparatları göndərmək Ukraynanın milli və təhlükəsizlik maraqlarına ziddir.

Buna baxmayaraq, Ukrayna Erməniləri İttifaqının icraçı direktorunun açıqlaması araşdırılmalıdır. Ukraynada müharibə başlayana qədər təxminən 500 min erməni yaşayırdı. Burada yaşayan bir qrup erməni böyük maliyyə imkanlarına malik idi. Onların korruspiya yoluyla Kiyevdə hansısa məmurları ələ alaraq Ermənistana pilotsuz uçuş aparatları göndərməsi istisna deyil. Ukraynadakı ermənilərin ən tanınmış nümayəndəsi uzun illər daxili işlər naziri işləmiş Arsen Avakovdur. O hazırda dövlət vəzifəsi tutmasa da, əlaqələri genişdir, - ekspert qeyd edib.

Elxan Şahinoğlunun sözlərinə görə, Ukraynadan pilotsuz uçuş aparatlarının Ermənistana çatdırılması üçün bir neçə mərhələ keçilməlidir. Birinci mərhələdə həmin aparatlar anbarlardan oğurlanmalı, ikinci mərhələdə oğurlanan cihazlar gizli yolla Ukrayna-Polşa sərhədindən keçirilməlidir. Üçüncü mərhələdə isə oğurlanan və Polşaya gizli yollarla çatdırılan aparatlar yenə gizli yolla Varşava-İrəvan təyyarı reysrlərinə yüklənməlidir.

- Azərbaycanın Xarici İşlər Nazirliyi xətti ilə Kiyevə və Varşavaya müraciət edilməli, Ukrayna və Polşa rəsmilərinin məsələyə münasibəti öyrənilməlidir. Ukrayna kimi Polşa da Azərbaycanın tərəfdaşıdır və Ermənistana silah göndərmək bu ölkənin milli və təhlükəsizlik maraqlarına ziddir.

Ukrayna Erməniləri İttifaqının icraçı direktorunun “biz Polşa üzərindən Ermənistana silah göndəriririk” açıqlaması informasiya müharibəsinin tərkib hissəsi də ola bilər. Məqsəd Azərbaycanın tərəfdaşları olan Ukrayna və Polşa ilə münasibətlərini gərginləşdirməkdir. Ukrayna erməniləri hipotetik olaraq Ermənistana pilotsuz uçuş aparatları göndərirlərsə, məntiqlə bunu açıqlmamalıdırlar. Çünki bu açıqlamadan sonra Ukraynadan Ermənistana dronların çatdırılması ya mümkün olmayacaq, ya da xeyli çətinləşəcək. Yəni “biz Ermənistana pilotsuz uçuş aparatları göndəririk” açıqlamasının ermənilərə zərəri faydasından çoxdur. Ermənistan hakimiyyətinin, Qarabağ separatçılarının və dünyadakı erməni lobbisinin məqsədi Azərbaycanın müxtəlif dövlətlərlə münasibətlərini gərginləşdirməkdir. Bunun qarşısını yalnız fəal diplomatiya və təxribat xarakterli məlumatların vaxtında dəqiqləşdirilməsi ilə almaq mümkündür.

Tural Tağıyev
AzVision.az

Teqlər: Ukrayna   Ermənistan  







Xəbər lenti