Qarabağ ətrafındakı geosiyasi oyunlar: Sonuncu pərdə - TƏHLIL

      Qarabağ ətrafındakı geosiyasi oyunlar:    Sonuncu pərdə -    TƏHLIL
  13 Yanvar 2023    Oxunub:2693
Qarabağ məsələsinin sonuncu nöqtəsinin qoyulması yaxınlaşdıqca Güney Qafqazdakı oyunların mürəkkəbliyi artır. İranın indiki davranışının motivləri məlumdur və uzun illərdir dəyişməz olaraq qalır. Rəsmi Tehran çoxəsrlik rəqibi olan Türkiyənin regionda iqtisadi, geosiyasi və hərbi cəhətdən güclənməsindən narahatdır.
Prezident Rəcəb Tayyib Ərdoğanın dövründə Türkiyə İranı arxa plana keçirərək, regional liderə çevrilib. Rusiya Federasiyası ilə uğurlu və sərfəli siyasi oyunlar oynayır, onun əsas qaz habına çevrilir. İndi isə Türkiyə növbəti mərhələyə - Rusiya Federasiyasının ümumilikdə Cənubi Qafqazdan tədricən sıxışdırılmasına keçib. ABŞ və Aİ getdikcə daha çox Türkiyənin maraqları ilə hesablaşmaq məcburiyyətindədir.

Üstəlik, Türkiyə Mərkəzi Asiya ölkələri (Qazaxıstan, Özbəkistan, Qırğızıstan) ilə fəal əlaqələr qurur və artıq Rusiya Federasiyasının bəzi regionlarına (Tatarıstan, Başqırdıstan) təsirini genişləndirir. Cənubi Qafqazda, eləcə də Mərkəzi Asiyada iqtisadi mövcudluğunun daha da genişlənməsini təmin etmək üçün Azərbaycanın tam dəstəyi ilə Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsində israrlıdır. Bütün bu layihələrin həyata keçirilməsi, əlavə olaraq Azərbaycan və Ermənistan arasında Bakının şərtləri əsasında gözlənilən sülh müqaviləsinin bağlanması praktiki olaraq Türkiyənin regionun lideri kimi tam möhkəmlənməsi və İranın onun arxasında qalması deməkdir.

İran bu planlara hər hansı formada müdaxilə etmək üçün Zəngəzur dəhlizinin reallaşmasının qarşısını almaq niyyətilə Ermənistanı açıq şəkildə dəstəkləyir. İrəvanı sülh müqaviləsi imzalamaqdan çəkindirməyə çalışır. Həmçinin Türkiyənin Cənubi Qafqazda nüfuzunun artmasında maraqlı olmayan Rusiyanın köməyinə müraciət edir. İrandakı bəzi qızmar başlar hətta bunun üçün hərbi gücdən istifadə etməyə çağırırlar. Baxmayaraq ki, bu, bütün region üçün fəlakətli nəticələrə səbəb olar.

Son zamanlar İranda bu cür niyyətlər səngiyib, amma buna səbəb Tehranın qəfildən fikrini dəyişməsi deyil. Sadəcə olaraq, artıq bir neçə aydır ki, ölkədə elan olunmamış vətəndaş müharibəsi gedir və hakimiyyət vəziyyəti nəzarətdə saxlamaq üçün ciddi səylər göstərir, hətta müəyyən güzəştlərə getməyə məcburdur (hicab məcburiyyətinin və əxlaq polisinin ləğvi və s.). Amma şübhə yoxdur ki, İrandakı mövcud hakimiyyət davam gətirə bilsə, o zaman Tehran Ermənistanın güzəştlərə getməməsi üçün daha da fəallaşacaq.

Rusiya hazırda iqtisadi və siyasi sanksiyalarla küncə sıxışdırıldığı, Ukrayna müharibəsində Qərbin artan təzyiqlərinə müqavimət göstərdiyi və Ukrayna ordusunun ləng olsa da, getdikcə artan hücumlarını dayandırmağa kömək edəcək müttəfiqlər axtardığı üçün İranla eyni mövqedən çıxış etmək məcburiyyətində qalıb. Türkiyənin güclənməsi onun üçün də sərfəli deyil. Çünki bu halda Azərbaycan lazım gələrsə, nəinki Qarabağ məsələsinin sonuncu nöqtəsini də tam olaraq güc yolu ilə qoya (bunun ilkin şərtləri artıq üfüqdə getdikcə daha aydın görünür), həm də sülh müqaviləsi imzalamaqdan imtina edəcəyi halda Ermənistan ordusunu onun öz ərazisində məğlub edə bilər.

Bunun Rusiya Federasiyası üçün tam bir fəlakət olacağını söyləməyə ehtiyac belə yoxdur. Ermənistan qoşunlarının və köçkünlərinin Qarabağın rus sülhməramlılarının nəzarətində olan hissəsindən çıxarılması Rusiya Federasiyasının regiondakı vəziyyətə təsir rıçaqlarının əsas hissəsini itirməsilə nəticələnəcək. Bu həm də Ermənistanda böyük siyasi “zəlzələ”yə və ölkədə vəziyyətə nəzarətin itirilməsinə gətirib çıxaracaq, çünki baş vermiş dəhşətli fəlakət nəticəsində ermənilərin geosiyasi xəyalları puç olacaq. Üstəlik, ən çətin vəziyyətə məhz rusiyapərəst qüvvələr düşəcəklər, onların Ermənistanda, demək olar ki, dayağı qalmayacaq.

Məhz belə bir təhlükənin getdikcə artdığını dərk edən Rusiya Federasiyası İranla hərbi-texniki, eləcə də iqtisadi əməkdaşlığı genişləndirməyə çalışır. Bu, Moskvada həm də ən müasir olmasa da, daha effektiv silahların mənbəyi, Rusiya Federasiyası üçün çox ağrılı olan sosial-iqtisadi sanksiyalardan yan keçməyin bir yolu kimi kimi başa düşülür. Moskva rəsmi İrəvanı Azərbaycana güzəştə getmək istəmədiyinə görə gücləndirməyə çalışır və bu münaqişədə Ermənistanın tərəfində olduğunu göstərən simvolik addımlar atır.

Qarabağ məsələsinin yekun həllini yubatmaq və bu regionun Azərbaycana qaytarılmasını ləngitmək cəhdində İrəvanı sona qədər müqavimət göstərməyə inandıranlardan biri də Fransadır. Fransız diplomatları hətta Ermənistan-Azərbaycan sülh danışıqlarına “vasitəçi” kimi daxil olmağa da çalışırlar. Erməni siyasətçiləri həqiqətən bir müddət ümid edirdilər ki, Fransa hansısa dolayı yollarla onların tərəfindən bu danışıqlara girə bilər. Lakin bunun müzakirə olunmayacağını açıq şəkildə bildirən Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyi bu istəkləri puç etdi.

Qarabağ uğrunda mübarizədə Ermənistanı dəstəkləyən İran və Rusiya açıq şəkildə məğlub olurlar. Onlar yalnız vaxtı uzada bilərlər, lakin münaqişəni yenidən donduraraq qalib gəlmək, hətta heç-heçə etmək mümkün deyil. Rusiya Federasiyasının Ukraynada məğlubiyyətinin getdikcə yaxınlaşması Cənubi Qafqazdakı vəziyyətə istər-istəməz ciddi təsir göstərəcək. Bu amil vəziyyəti nəzərə alaraq hələlik gözləmək və hərbi gücə əl atmamaq məcburiyyətində qalan Azərbaycanın əl-qolunu açacaq və ona ultimatum dilinə keçməyə imkan verəcək: “Ya könüllü, həm də mümkün qədər tez bir zamanda beynəlxalq səviyyədə leqallaşdırılmış sərhədlərin tanınması əsasında sülh müqaviləsinə imza atacaq, ya da Azərbaycan ordusunun gücü ilə Qarabağı həmişəlik tərk edəcəksiniz”.

Burada ən çətin vəziyyətdə olan Ermənistandır. Nikol Paşinyana hörmətlə yanaşmalıyıq. Müəyyən şıltaqlıqlar etsə də, o, kifayət qədər praqmatik və ayıq siyasətçidir. Yaxşı bilir ki, Qarabağı döyüşsüz versə, Ermənistandakı seçiciləri onu anlamaya bilər. O halda həyatının qara qəpik qədər qiyməti olmaz, həmyerliləri onu dünyanın ən ucqar guşələrində belə məhv etməyin yolunu taparlar. Odur ki, onlarla “Azərbaycan ekspansionizminə çarəsiz müqavimət” tamaşasını oynamağa davam etməlidir. Ermənistanın sülh müqaviləsi imzalayıb Qarabağı qaytarmasına qədər bu oyunu oynamağa məcburdur.

Onun Fransanın “diplomatik yardımına” razılığını, Ermənistana kömək etmək istəyən İrana zahirən müsbət münasibəti və KTMT sammitində Rusiya Federasiyasına qarşı nümayiş etdirdiyi küskünlükləri bununla izah edə bilərik. Hətta Azərbaycan birdən Ermənistanı sülh müqaviləsi imzalamağa və Qarabağı qaytarmağa “tələsdirmək” istəsə, “ümidsiz müqavimət” tamaşası oynamağa məcbur olacaq. Ermənistan reallığında başqa cür hərəkət etmək, sadəcə mümkün deyil.

Bu vəziyyətdə Azərbaycan nə edə bilər? O, dörddə bir əsrdən çoxdur ki, Qarabağı tam şəkildə qaytarmaq arzusunu reallaşdırmağa çalışır. İndi bu arzunun həyata keçməsinə, inzibati mərkəzi Xankəndi olan ərazilərin qaytarılmasına çox az vaxt qaldığı bir zamanda ən başlıcası tələsməmək və qəfil hərəkətlərə yol verməməkdir. Rusiya Federasiyasının Ukraynada iflası, Moskvanın qaza görə Türkiyədən asılılığının durmadan artması Ankara və Bakıya imkan verəcək ki, tezliklə Rusiyadan “yekun həllə” qarışmamağı tələb etsinlər. Rusiyanın isə Qarabağın tamamilə Azərbaycana qaytarılması ilə razılaşmaqdan başqa yolu qalmayacaq. Bu, nəinki Cənubi Qafqazın siyasi və iqtisadi mənzərəsini həmişəlik dəyişəcək, həm də Rusiya Federasiyasının dünyadakı mövqelərinə sarsıdıcı zərbə vuracaq. Ona qədər gözləməyə dəyər.

Ruslan Şevçenko
Siyasi təhlilçi, tarix elmləri doktoru
Moldova, Kişinyov
Xüsusi olaraq AzVision.az üçün

Hazırladılar: Murad Nəcəfov, Nadir Quliyev


Teqlər:







Xəbər lenti