Prezident: “Dostluğumuz davam edəcək”

Prezident: “Dostluğumuz davam edəcək”
  12 May 2014    Oxunub:1032
"Biz sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfər Fransa-Azərbaycan dostluq əlaqələrinin inkişafında öz müsbət rolunu oynayacaqdır və bizim dostluğumuz davam edəcəkdir".
AzVision.az trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Fransa Prezidenti Fransua Ollandla keçirdiyi birgə mətbuat konfransında çıxışında deyib.

İlham Əliyev bildirib ki, bu gün imzalanan sənədlər bir çox sahələr üzrə Azərbaycan və Fransanın gələcək əməkdaşlığını müəyyən edir.

Azərbaycan Prezidenti qeyd edib ki, bu sənədlər arasında, əlbəttə ki, birgə bəyanat xüsusi yer tutur: "Çünki bu sənəddə bizim gələcək siyasi əlaqələrimizin əsas konturları əks olunur. Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir. Fransa Prezidentinin Azərbaycana rəsmi səfəri bunu bir daha təsdiq edir. Mən dəfələrlə Fransada olmuşam və mütəmadi olaraq məsləhətləşmələr aparılır. Bir çox beynəlxalq məsələlər üzrə danışıqlar, məsləhətləşmələr, əlbəttə ki, bizim siyasi əlaqələrimizi daha da gücləndirir".

Qeyd edək ki, prezidentlər arasında geniş tərkibli görüş zamanı Elmin İnkişaf Fondu ilə Fransanın müvafiq qurumu, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Fransa Kənd Təsərrüfat və Emal Nazirliyi, Azərbaycan Nəqliyyat Nazirliyi və Fransa Nəqliyyat, Davamlı İnkişaf Nazirliyi, Azərbaycan Energetika Nazirliyi və Fransanın Ekologiya, Davamlı İnkişaf və Enerji Nazirliyi, Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Fransa Qadın Hüquqları, Şəhər, Gənclər və İdman Nazirliyi arasında əməkdaşlığa dair sənədlər imzalanıb.


Teqlər:  





Xəbər lenti