"Piyada"nın demarşı | TƏHLİL

// Paşinyana oyun qaydalarını növbəti dəfə başa saldılar

 "Piyada"nın demarşı  | TƏHLİL
  25 Noyabr 2022    Oxunub:1458
Noyabrın 23-də Ermənistanın sədrliyi dövründə İrəvanda KTMT-nin sonuncu zirvə toplantısı keçirildi. Bu qurumdakı müttəfiqlərini anti-Azərbaycan əhval-ruhiyyəsinə kökləməyə çalışan rəsmi İrəvan, demək olar ki, tam əks reaksiya ilə üzləşdi. KTMT üzrə müttəfiqlərinin Ermənistanın tələblərini rədd etməsi Paşinyan hökumətini şoka saldı.
Puça çıxan ümudlər

Təxminən bir ay əvvəl İrəvanın təkidi ilə onlayn formatda KTMT-nin növbədənkənar sessiyasında Nikol Paşinyanın Azərbaycanı ram etmək tələbinə Belarus prezidenti Aleksandr Lukaşenkonun sərt reaksiyası əslində həm Ermənistan hakmiyiyyəti, həm də oradakı qızğın beyinlər üçün xəbərdarlıq idi. Amma “qapıdan qovurlarsa, pəncərədən gir” prinsipinə sadiq qalan İrəvan KTMT-yə sədrliyi dövründə sonuncu saman çöpündən yapışaraq, Azərbaycana qarşı qurumdan heç olmasa nə isə qoparmağa çalışdı.

Onun Rusiya prezidenti Vladimir Putini aeroportda şəxsən qarşılaması məhz bu niyyətdən irəli gəlirdi. Hərçənd, çoxları bunun protokolun tələbi olduğunu vurğulayırlar. Amma 2020-ci il noyabrın sonlarında Avrasiya İqtisadi şurasının İrəvanda keçirilən iclasında iştirak etmək üçün İrəvana gələn Putini Paşinyan nəinki aeroportda qarşılamamış, heç yola da salmamışdı. Bu baxımdan, "protokolun tələbi" iddiası özünü doğrultmur. Deməli, Putindən vassal asılılığını gözə soxmağa çalışan Paşinyan bunun qarşılığında kiçik bir “hədiyyə” alacağına ümidli idi. Sammit ərəfəsində bu ilin sentyabr ayında Azərbaycan-Ermənistan sərhədindəki hadisələrlə bağlı xüsusi müzakirələrin keçiriləcəyi barədə bəyanatlar bu ümidləri daha da artırırdı. Moskvada Ermənistana havadarlıq edən bəzi dairələrin Paşinyana müəyyən vədlər verdikləri də istisna olunmur.

Amma sammitdə Ermənistan KTMT üzrə müttəfiqləri tərəfindən indiyədək görmədiyi sərt reaksiya ilə üzləşdi. KTMT dövlətləri bir daha Ermənistanın destruktiv siyasəti naminə Azərbaycanla münasibətlərini zərbə altına qoymaq niyyətində olmadıqlarını və əvvəlki mövqelərində qaldıqlarını sərgilədilər. Yenə də ən güclü tənqidlə çıxış edən Belarus prezidenti Aleksandr Lukaşneko Paşinyanın bəzi məqamlarla bağlı qeyri-obyektiv bəyanatlar verdiyinə diqqət çəkdi: “Düşünürəm ki, hamının mövqeyini bildirəcəyəm. Biz kənarda qalmamışıq. KTMT-nin Azərbaycanın "təcavüzünü" dayandırmaması Nikol Vovayeviçin burada dediyi kimi deyil. Kimisə dayandırmaq bizim işimiz deyil. Amma fakt üzrə reaksiya verməliyik və buna hazırıq. Bəli, Nikol Vovayeviç, nüanslar və ola bilsin ki, ciddi nüanslar var. Amma gəlin yenidən qızışa biləcək bu münaqişəni indi kökündən həll edək. İlk növbədə Ermənistan rəhbərliyinin istəyi ilə. Sözsüz ki, həm də Azərbaycan rəhbərliyinin siyasi iradəsi ilə. Yeri gəlmişkən, onu da deyim ki, bu Belarusun KTMT-də sədrliyinin prioritet vəzifələrindən biri olacaq. Biz buna göz yuma bilmərik”.


Belarus prezidentinin KTMT üzvlərinin ümumi mövqeyini söylədiyini dilə gətirməsi heç də təsadüf deyil. İrəvanın Azərbaycana qarşı vahid cəbhə təşkil etmək üçün saysız-hesabsız əsassız tələbləri onsuz da kifayət qədər problemlər və potensial təhdidlərlə üzləşən ölkələrin Ermənistanın özünə qarşı birləşməsini şərtləndirir.

Bu reallığı Rusiya prezidenti Vladimir Putinin də çıxışı təsdiqlədi. Postmünaqişə dövründə münasibətlərin tənzimlənməsi barədə danışan Putin “Dağlıq Qarabağ” ifadəsini işlətmədi və rəsmi Bakının Qarabağ coğrafi ərazisində yaşayan ermənilərlə yox, məhz Azərbaycan-Emənistan münasibətlərinin normallaşdırılması zərurətini qeyd etdi. Ən əsası isə, sərhədlərin delimitasiyası və nəqliyyat kommunikasiyalarının açılması barədə əldə olunan razılaşmaların yerinə yetirilməsinin vacibliyini vurğuladı. Putin bununla KTMT ölkələri liderlərinin şahidliyi ilə Zəngəzur dəhlizinin açılmasında Rusiyanın hamıdan çox maraqlı olduğunu bir daha Ermənistan rəhbərliyinə eşitdirdi.


Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün səsləndirdiyi “Rusiya prezidenti ilə danışıqlarda biz müəyyən siqnallar aldıq. Bu Horadiz-Meğri-Ordubad-Sədərək-Yerasx dəmir yolunun bərpasına başlamağımız üçün əhəmiyyətli və ciddi imkanların olduğuna dəlalət edir” bəyanatı İrəvanın nəticə çıxardığından xəbər verir.

Ermənistanın itirdiyi xallar

Belarus və Rusiya prezidentlərinin sammitdəki çıxışları Ermənistanın KTMT-də sədrliyinin nəinki heç-heçə ilə, hətta böyük məğlubiyyətlə bitəcəyinin anonsunu verirdi. Ermənistanın baş nazirinin sammitin yekun bəyannaməsini imzalamaqdan imtina etməsi isə bunu rəsmiləşdirdi. İrəvanın məğlubiyyətini şərtləndirən əsas məqam isə Bakıya qarşı heç olmasa diplomatik təzyiqin göstərilməsi müddəasının sənəddə öz əksini tapmaması oldu.

Maraqlıdır ki, yekun Bəyannaməni izalamaqdan boyun qaçıran Paşinyan Azərbaycan-Ermənistan münasibətləri müstəvisində KTMT-nin işinin fiaskoya uğradığını bildirib. Buna dərhal reaksiya verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Paşinyanın sözlərinin erməni tərəfinin mövqeyi olduğunu və Ermənistanın, sözsüz ki, KTMT-də qalacağını deyib. Bu bəyanat əslində İrəvanın siyasətinin fiaskoya uğradığından və Ermənistanın taleyinin Rusiyanın siyasi iradəsindən asılı olduğundan xəbəb verir.

Yekun bəyanatın imzalanmasını əngəlləyən digər məqam isə Ermənistana yardımı nəzərdə tutan sənədin imzalanmaması olub. Bu sənəd Azərbaycan-Ermənistan sərhəddindəki gərgin vəziyyətdən irəli gələn yardımın göstərilməsini nəzərdə tuturdu. Bu məsələdə konsensusun əldə olunmaması məntiqlə KTMT-nin Ermənistanın Azərbaycana qarşı düşmənçilik siyasətinə qarşı çıxması deməkdir.

Niyə köləlik nümayişi effekt vermədi?


Ermənistanın KTMT-də təklənməsinin əsas səbəbi ilk növbədə onun təcavüzkar və ikibaşlı siyasətidir. Bu baxımdan, Vladimir Putini aeroportda kölə simasında qarşllayan Paşinyanın ikiüzlüyünü İrəvanda KTMT və Rusiya əleyhinə şüarların səsləndirildiyi etiraz aksiyaları ifşa etdi. Belə məsələlərdə nəinki Paşinyana, hətta onun pərdəarxası başbilənlərinə dərs vermək zorunda olan Putin bu aksiyaların Paşiyanın xeyir-duası ilə keçirilmədiyinə inananacaq dərəcədə sadəlövh deyil. Bu qəbildən olan aksiyaların məhz Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra intensivləşməsi, anti-Rusiya əhval-ruhiyyəsinin xeyli güclənməsi, Moskvanın siyasi iradəsinin əleyhinə Ermənistan ərazisinə Avropa İttifaqının və ATƏT missiyalarını yerləşdirməsi İrəvanın bu siyasətinin sistemli xarakter daşıdığını sübuta yetirir.

Ermənistanın KTMT çərçivəsində aparılan hərbi planlaşdırma va birgə hava hücumundan müdafiə sistemləri barədə məxfi məlumatları Qərbə sızdırması ümumiyyətlə heç bir mürrəfiqlik missiyası ilə uzlaşmır. Bununla yanaşı, Rusiya silah sistemlərinin bütün texniki xarakteristikaları, hərbi qüvvələrinin döyüş planları, döyüş hazırlığı va hərbi əməliyyatların aparılması metodologiyasının İrəvan tərəfindən Qərbə ötürülməsi Ermənistanın Moskvanı arxadan vurmağa hazır olduğunun təzahürüdür. Maraqlıdır ki, hətta Rusiya hərbi təhsil müəssisələrində oxuyan erməni zabitlərinin bütün təhsil materiallarını və onların rusiyalı həmkarlarının şəxsi faylları da daxil olmaqla, qapalı materialları əl altından Qərbə verən Ermənistan nədənsə KTMT üzvlərinin onun müttəfiqlik barədə and-amanına inanacaqlarını düşünür. Müttəfiqlik anlayışını yalnız öz xeyrinə birtərəfli oyun kimi qəbul edən və hamının yalnız ona borclu olduğunu düşünən Ermənistan digər KTMT dövlətlərinin, ilk növbədə isə elə Rusiyanın siyasətini dəstəkləməkdən nəinki boyun qaçırır, hətta bir çox hallarda konkret şəkildə əleyhinə çıxır.

Yağışdan çıxıb, yağmura düşən Ermənistan

KTMT-nin İrəvan sammiti əslində Ermənistanın ikiqat fiaskosunu rəsmiləşdirdi. Birincisi, qurumda gələn ildə sədrlik Belarusa keçdi ki, onun da prezidenti Aleksandr Lukaşenkonun Azərbaycam-Ermənistan münasibətləri məsələsində prinsipial mövqeyi hamıya bəllidir.
İkincisi, qarşıdakı 3 ildə KTMT-nin Baş katibi vəzifəsini Nursultan Nazarbayevin prezidentliyi dövründə onun administrasiyasının rəhbəri, habelə Qazaxıstanın Baş naziri və müdafiə naziri olmuş İmanqali Tasmaqambetov tutacaq. O, bu vəzifədə belaruslu general-leytenant Stanislav Zası əvəzləyəcək.



Qazaxıstanın da Azərbaycan-Ermənistan qarşıdurmasında daim rəsmi Bakının ədalətli mövqeyini dəstəklədiyini nəzərə alsaq, bu yerdəyişmələrin İrəvana yaxşı heç nə vəd etmədiyini görərik. Bu mənada Qazaxıstanın həm də Türk dövlətləri təşkilatı (TDT) çərçivəsində Azərbaycanla müttəfiqlik münasibətləri xüsusi əhəmiyyət kəsb etməyə başlayır.

Bu reallıqlar KTMT-nin qorunub-saxlanması və möhkəmləndirilməsi baxımından Moskvanın da maraqları ilə uzlaşır. Belə ki, Kreml Mərkəzi Asiyanın lideri olan Qazaxıstanın KTMT-də rolunu artırmaq istiqamətində güclü gediş etməklə yanaşı, ümumilikdə türk dünyası ilə münasibətlərə böyük önəm verdiyini sərgiləyir. Bu yanaşma ilk növbədə Rusiyanın geosiyasi maraqlarından irəli gəlir. Belə məsələlərdə isə Ermənistan kimi etimadı doğrultmayan piyadalar vurulurlar.

Sahil İsgəndərov, politoloq
AzVision.az

Teqlər: KTMT   Ermənistan  







Xəbər lenti