Azərbaycan Əlcəzair soyqırımını tanıya bilərmi? Ekspertlər "bəli!" deyir - Rəylər

 Azərbaycan Əlcəzair soyqırımını tanıya bilərmi? Ekspertlər  "bəli!"  deyir -  Rəylər
  19 Noyabr 2022    Oxunub:4868
Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnamədən sonra ölkəmizin ata biləcəyi cavab addımları aktiv müzakirə olunmaqdadır. Mümkün variantlardan biri də Fransanın Əlcəzairdə törətdiyi amansız qətliamları soyqırımı kimi tanımaqdır.
- Noyabrın 15-də Senatın qəbul etdiyi sənəd Parisin "qırmızı xətti" keçməsi idi. İndi biz hələlik bəzi məsələləri müşahidə edir və gözləyirik ki, Fransa hökuməti hansı addımı atacaq. Onlar Azərbaycana qarşı sanksiya tətbiq edərək, Bakı ilə bütün münasibətləri kökündən pozacaqlarmı?,- deyə Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Nəsirov AzVision.az -a bildirib.

Onun sözlərinə görə, əgər Fransa dövləti separatçıların "müstəqilliyini" tanısa, buna cavabımız çox kəskin olacaq: "Bu qondarma rejimi heç onu yaradan Ermənistan dövləti tanımayıb. Belə çıxır ki, Paris belə addımı atsa, ermənidən çox ermənipərəstlik edəcəklər. Paris buna getsə, Azərbaycan Fransanın Əlcəzairdə törətdiyi soyqırımını rəsmi şəkildə tanıya bilər".
Parisin gizlətdiyi cinayət: Fransa Holokost qurbanlarına təzminat ödəməlidir

Amma məsələ təkcə Əlcəzairlə bitmir. Fransa Korsikanı 1768-ci ildə işğal edib. Korsikalılar 200 il ərzində mübarizə aparıb, azadlıq, müstəqillik istəyiblər. Amma onların müstəqillik arzusunu hər dəfə qan içində boğublar. "Fransızlar ayağa qalxmış əhaliyə "terrorçu", "separatçı" damğaları vurublar. Necə ola bilir ki, korsikalıların müstəqillik arzularını separatçılıq sayanlar əsl terrorçu və separatçı rejimin müstəqilliyini tanımaq istəyir? İndi hər şey Fransa Senatının bu ağılsız qətnaməsinin ardınca hökumətin hansı davranış sərgiləyəcəyindən asılı olacaq. Paris qətnaməni kənara tullasa, başqa bir mənzərə yaradacaq. Həmin sənədi əsas götürüb, Azərbaycana qarşı addımlar atsa, dövlətimiz ən sərt şəkildə adekvat davranışını ortaya qoyacaq. Artıq bunun ilkin addımını parlamentdə gördük",- Elman Nəsirov vurğulayıb.

Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov da Azərbaycanın Fransaya sərt şəkildə cavab verəcəyini istisna etməyib. Onun sözlərinə görə, növbəti mərhələlərdə əgər Fransa indiki davranışları sərgiləməkdə davam edəcəksə, Azərbaycan da Əlcəzairdə törədilmiş soyqırımının tanınması və digər məsələləri nəzərdən keçirə, bu istiqamətdə işlər görə bilər. "Biz hələ cənab Prezident İlham Əliyev Əlcəzairdə olarkən bu yöndə müəyyən addımlarımızı atmışdıq. Fransanın təkcə Əlcəzairə deyil, başqa ərəb ölkələrinə qarşı da bir çox hərbi cinayətlərini xatırlatmaq olar. Biz bu yöndə ərəb ölkələrilə birgə müəyyən təsirli addımlar ata bilərik. Fransanın siyasətindən təkcə Azərbaycan narazı deyil. Digər narazı ölkələrlə müzakirələr aparıb, məsələni gündəmdə saxlamalıyıq",- Ceyhun Məmmədov qeyd edib.

Siyasi şərhçilər də təklifin reallaşmasında problem görmürlər. Məsələn, politoloq Qabil Hüseynli bu ideyanın aktual olduğunu söyləyib:


- Zənnimcə, təcili şəkildə Əlcəzairin siyasi dairələri ilə aktiv əlaqələr qurulmalı, soyqırımılarının tanıma mövzusunun ümumi inkişaf istiqamətləri müəyyənləşdirilməli və ideya həyata keçirilməlidir. Fransa həqiqətən də əli dirsəyinə qədər müxtəlif millətlərin, ilk növbədə Əlcəzair xalqının qanına batmış bir ölkədir. Milyon yarımdan çox insana qarşı soyqırımı törətmiş dövlətin məlum siyasətinin qarşılığında dinc dayanmaq olmaz. Hətta gələcəkdə müttəfiqlərimiz də prosesə cəlb olunacaqlar. Ən azından bu işləri Türkiyə səviyyəsində həyata keçirə biləcəyik. Güman edirəm ki, Türkiyə Böyük Millət Məclisi həvəslə oxşar addımı atacaq. Onların da Fransa ilə münasibətlərində dəfələrlə gərginlik olub. Hər dəfə Əlcəzairdəki soyqırımı məsələsi ən azı mətbuat səviyyəsində gündəmə daşınıb. Fransa digər ərəb ölkələrində - Mərakeşdə, Tunisdə də qanlı cinayətlər törədib. Çətini prosesi yerindən tərpətməkdir. Əgər Azərbaycan bu məsələdə təşəbbüs göstərsə, həm o xalqların etimadını qazanar, həm də imperialist Fransaya ağır zərbə vurmuş olar,-
politoloq qeyd edib.

Siyasi şərhçi Tofiq Abbasov isə deyib ki, bu cür mühüm məsələləri ictimailəşdirmək, daim gündəmdə saxlamaq lazımdır. Belə olsa, dünya birliyində dolğun məlumatlar yaranar, bəzi qüvvələr isə hərbi cinayətləri ört-basdır edə bilməzlər. Digər tərəfdən, konkret günahkarların adları bəlli olar. Əlcəzairdə baş vermiş soyqırımı hadisələrinin üzərindən az vaxt keçməyib, ancaq hələ də o proseslərdə iştirak etmiş cinayətkarlar rahat yaşayırlar.


"İndiki mərhələdə bu hərbi cinayətkarların adını bütün dünyaya bəlli etmək son dərəcə vacib məsələdir. Hətta canilərin bəziləri dünyasını dəyişsə belə, onların xələfləri bizimlə eyni dövrdə yaşayırlar. Bu adamlar bilməlidirlər ki, kumirlərinin, böyüklərinin hansı qanlı işlərdə əlləri olub. Deyərdim ki, həmin xələflər də mənəvi məsuliyyət daşıyırlar. Proses diplomatik səviyyədə getməlidir. Azərbaycan diplomatiyasının artan aktivliyinə ehtiyac yaranıb", - Tofiq Abbasov vurğulayıb.

Ekspertin sözlərinə görə prezident İlham Əliyev aşkar şəkildə dünya birliyini ayıq olmağa çağırır, hər kəsi məlumatlandırır ki, belə əməllər bir daha təkrarlanmasın: "Ermənilər bizim bölgədə, fransızlar isə Afrikada öz bəd əməllərini nəinki dayandırmır, əksinə, davam etdirirlər. Dövlət başçımız Ərəb Liqasının 31-ci Sammitində çıxışı zamanı bu məsələlərə açıq şəkildə münasibət bildirdi. Mesajlar göndərdi ki, istər ərəb cameəsi, müsəlman birliyi, istərsə də ümumilikdə dünya olsun, hər kəs bu prosesdə bir mövqedən çıxış etməlidir. Azərbaycan tərəfi bu siyasi-diplomatik fəaliyyətlərdən sonra rəsmi sənədlərlə Əlcəzairdə baş verən soyqırımını tanısa, Əlcəzair xalqı, onun siyasi qüvvələri də prosesləri düzgün qavrayacaqlar. Onlar da yaxşı bilirlər ki, bu müstəvidə gedən hər bir proses ölüm-dirim mübarizəsidir. Sağlam ideyalar mütləq qələbə çalmalıdırlar. Ona görə də soyqırımının tanınması ilə bağlı təklifimizə dəstək əskik olmayacaq".

Tural Tağıyev
AzVision.az



Teqlər:   Fransa   Soyqırımı   Əlcəzair   Deputat   Senat  





Xəbər lenti