Prezidentlər Sərkisyanı saymadı

Prezidentlər Sərkisyanı saymadı
  09 Aprel 2013    Oxunub:1572
Tarixi gün : Bu gün Ermənistanı növbəti dəfə Serj Sərkisyana məhkum edirlər...
Bu gün Ermənistan üçün tarixi bir gündür və ölkənin gələcək taleyi məhz bu gündən asılıdır. Ermənistan tarixində 6-cı dəfə prezidentin andiçmə mərasiminə şahidlik edəcək. Bu günün ən fərqli cəhəti isə Ermənistan prezidenti seçilmiş Serj Sərkisyanla yanaşı rəsmi nəticələrə əsasən ikinci yerdə qərarlaşan müxalif lider Rafi Ovanisyanın da and içməsidir. Sərkisyan Karen Dəmirçiyan adına idman-konsert kompleksində, “İrs” partiyasının lideri isə Azadlıq meydanında and içməyə hazırlaşır.

Serj Sərkisyanın qonaq siyahısı isə olduqca maraqlıdır. Bu siyahıda bir nəfər də olsun hazırki prezident yoxdur, bir nəfər də! Bu fakt özlüyündə həmkarlarının Sərkisyana olan əsl münasibətinin nümayişidir. Sərkisyana hörmət etmirlər və ya sadəcə o heç kimə maraqlı deyil. Amerika lideri Barak Obama, Fransa prezidenti Fransua Olland və ya İngiltərə baş naziri Devid Kameronun etinasızlığını, təkəbbürünü anlamaq olar, demokratik ölkə liderlərinin qanunsuz yollarla prezident seçilən Sərkisyana münasibəti başadüşüləndir.

Ancaq Rusiyanın hərəkətlərinə nə ad vermək olar ? Sərkisyanın inaqurasiya mərasiminə nəinki Vladimir Putin, heç baş nazir Dmitriy Medvedyev və Serjin yaxın dostu Sergey Lavrov da təşrif buyurmayacaq. Sərkisyanın Moskvadan gələn ən yüksək rütbəli qonağı, Putinin qara siyahısına çoxdan düşən, prezident administrasiyasının rəhbəri Sergey İvanov olacaq. Rusiya heyətinin digər maraqlı qonağı da Beynəlxalq Şahmat Federasiyasının sədri Kirsan İlyumjinovdur. O da böyük ehtimalla andiçmə mərasiminə yox, şahmatçı dostunu görməyə gəlib.
Heç Belarus lideri, diktator Aleksandr Lukaşenko da Sərkisyanın andiçmə mərasimində şəxsən iştirak etmək istəməyib. Lukaşenkonu tədbirdə Belarus parlamentinin Nümayəndələr palatasının sədri Vladimir Andreyçenko əvəz edəcək.

Serj Sərkisyanın inaqurasiya mərasiminə dəvət alan digər ölkə liderləri də anoloji addım atıb. Gəlməkdən imtina edən liderlər yerlərinə kiçik çinli məmurlar göndərməklə kifayətlənib. İranın yol üstə olan prezidenti Mahmud Əhmədinejad da yaxın dostunu tək qoyub. İranı mərasimdə Xarici İşlər naziri Salehi və parlament nümayəndəsi Mehdi Dəvtəqari təmsil edəcək.

Belə görünür ki, böyüklüyündən və siyasi gücündən asılı olmayaraq dünya ölkələrinin Serj Sərkisyana qarşı mövqeyi birdir. İstər diktatorlar olsun, istər demokratlar, istər kiçik dövlətlər olsun, istr hegemon ölkələr Sərkisyanı tanımaq istəmir. Sərkisyan isə məhz bu münasibət və təhqirlərdən sonra növbəti 5 il ərzində ölkəyə rəhbərlik etməyə hazırlaşır. (Qalust Qriqoryan)



Teqlər:  





Xəbər lenti