Mollaların ŞEYtan biznesi: Tehran narkopulları hara xərcləyir – Araşdırma

      Mollaların ŞEYtan biznesi:    Tehran narkopulları hara xərcləyir –    Araşdırma
  11 Noyabr 2022    Oxunub:1836
İranın Azərbaycana qarşı aqressiyasının səbəblərindən biri də torpaqlarımız azad olunandan sonra vaxtilə işğal altındakı ərazilərimizdə Ermənistanla birgə yaratdığı beynəlxalq narkotrafik marşrutunun ləğv edilməsi nəticəsində böyük qazancın əlindən çıxmasıdır.
Son bir neçə onillikdə İran İslam Respublikası nəinki narkotik vasitələrinin istehsalçılarından, həm də dünyada yayılmasının əsas iştirakçılarından birinə çevrilib. Mütəxəssislərin təsnifatına görə, narkotiklərin istehsalı baxımından, İran əsasən tiryək, heroin və kannabis (marixuana) istehsal olunan “Qızıl aypara” adlı dövlətlər üçlüyündə yer alıb. Amma İranın narkotik maddələrin qeyri-qanuni şəkildə yayılmasında əsas “xidməti” Əfqanıstandan ixrac olunan tiryəkin “Balkan marşrutu” adlandırılan tranzit yolu ilə Cənubi və Mərkəzi Avropaya, habelə Niderlanda çatdırılmasındadır.

Əmmaməli narkobaronlar

Azərbaycanın 20%-dək ərazisinin təxminən 30 il müddətində işğal altında qalması İranın əl-qolunu daha da açaraq, onun beynəlxalq narkotrafik biznesindəki mövqeyini xeyli möhkəmləndirmişdi. Həmin əraziləri narkotik maddələrin əkin plantasiyalarına çevirmiş təcavüzkar Ermənistanın cinayətkar hakimiyyət rejimləri ilə müştərək şəkildə əsl narkosindikat yaratmış İran, İslamın lənətlədiyi bu əməllərdən milyardlarla qazanc əldə edib.

Lakin 2020-ci ildə 44 günlük müharibədə Azərbaycanın Qələbəsindən sonra İrəvan da, onu hərtərəfli dəstəkləyən rəsmi Tehran da böyük gəlir mənbəyindən məhrum oldular. İranla 130 km uzunluqda dövlət sərhəddi üzərində yenidən öz nəzarətini bərpa etməklə Azərbaycan bu marşrutla Avropaya gedən narkotraikin qarşısını aldı. Maraqlıdır ki, elə həmin vaxtdan da, demək olar ki, hər gün Azərbaycan sərhədçiləri ilə İrandan gələn narkodilerlərin arasında atışmalar yaşanmağa başladı. Gorus-Qafan yolunun da bizim ərazimizdən keçən hissəsində Azərbaycanın gömrük məntəqələrinin qurulması əmmaməli narkobaronların Ermənistana çıxışınının qarşısına sipər çəkdi. Beləliklə, İran hakimiyyətinin cinayətkar fəaliyyət növlərindən biri vasitəsilə qazandığı varidat əldən çıxdı ki, bu da rəsmi Tehranın Azərbaycana qarşı düşmənçiliyini daha da gücləndirdi.


İranın Azərbaycandan keçməklə Avropaya çıxan beynəlxalq narkotrafik marşrutu ilə cinayətkar fəaliyyətdən 30 il ərzində nə qədər vəsait qazandığını təsəvvür etmək üçün bir fakta nəzər salmaq kifayətdir. Yalnız 2020-ci ilin noyabrından 2021-ci ilin oktyabrına qədər Azərbaycan gömrükçüləri iranlı narkobaronların 46 cəhdinin qarşısını alıblar. Bunun nəticəsində narkodilerlərdən 528 milyon ABŞ dolları həcmində təxminən 1675,5 kq narkotik və psixotrop maddə müsadirə olunub.

Terrorun pulu haradan gəlir


Klassiklər deyirlər ki, hər bir cinayətdə maliyyə izi var. Bu baxımdan, İranın narkotrafik cinayətində iştirakından qazandığı milyardlarla vəsaitin sonradan hansı əməllərə xərcləndiyi böyük maraq doğurur. Məşhur bir mahnıda deyildiyi kimi: “Pullar hanı, Zina?”
SEPAH-ın Ermənistanla narkotik ticarəti - ARAŞDIRMA

Bunun üçün İrandakı teokratik rejimin əsas dayağı olan hərbi qurumun – İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İraqda, Suriyada, Livanda, Yəməndə, Əfqanıstanda və digər ölkələrdə apardığı fəaliyyətin hansı mənbələrdən maliyyələşdirildiyinə nəzər salmaq lazımdır. Terrorçu qruplaşmaların və silahlı üsyançı dəstələrinin maliyyələşdirilməsinə də külli miqdarda vəsait tələb olunur ki, onun xeyli hissəsi həmin korpusun hər il narkotik maddələrin qanunsuz dövriyyəsi, ixracı və tranziti ilə bağlı həyata keçirilən əməliyyatlardan qazanılır.

Məsələn, ABŞ-ın Maliyyə nazirliyinin 2012-ci ildə yaydığı bəyanatda İran vasitəsilə Əfqanıstandan heroinin qaçaqmalçılıqla Avropaya ötürülməsinə SEPAH-ın nəzarət etdiyi bildirilir. Məlumata əsasən, korpusun İranın Əfqanıstanla sərhədindəki Zahədan şəhərində yerləşən “Qüds” qüvvələrinin o vaxtkı rəhbədi general Qulamrza Bağbani əfqan narkotacirlərinə tiryəki üçüncü ölkələrin ərazisindən keçirməyə, habelə İrana heroin daşımağa birbaşa kömək edib.

Bu baxımdan, İran İslam respublikasının mahiyyətcə terrorçu ölkə olan Ermənistanla müttəfiqliyi və sıx əməkdaşlığı heç də təəccüblü görünmür. Bu “əməkdaşlıq” çərçivəsində götürdüyü milyonların bir hissəsini özü mənimsəyən İranın teolkratik rejimi həmin pulların qalan hissəsini də SEPAH-a və xaricdə apardığı terrorçu fəaliyyətə yönəldirdi.

Yeri gəlmişkən, İranın belə əməlləri dəfələrlə beynəlxalq təşkilatlarda, o cümlədən də, BMT-nin narkotiklər üzrə cinayətlər Bürosunda müzakirə mövzusu olub. Qurumun məlumatına görə, hər il İran vasitəsilə digər ölkələrə 140 ton heroin ötürülür. Rəsmi Tehran nəinki lazımi nəticələr çıxarmır, əksinə problemi daha da kəskinləşdirir. Həm də yalnız qonşu ölkələrə münasibətdə yox, elə İranın öz vətəndaşları ilə rəftarda da.

Dumanlanmış beyinlər ölkəsi

Narkotiklərə ümumi əlaçatanlıq ucbatından tiryək problemi İranda sözün əsl mənasında tüğyan edir. Hazırda adambaşına tiryək istehlakı üzrə İran dünyada ən yüksək göstəricilərdən birinə malikdir. Təkcə Tehranda hər gün 4 ton narkotik maddə işlədilir. Ölkənin 15 yaşdan yuxarı vətəndaşlarının təxminən 3%-i ən azı bir dəfə narkotik qəbul edib.


Hökumətin rəsmi məlumatına görə, hazırda İranda 2,8 milyon narkoman var. Müstəqil ekspertlər həqiqətin bu rəqəmdən daha dəhşətli olduğunu vurğulayırlar. Çünki rəsmi məlumat yalnız gündə ən azı iki narkotik dozaya tələbatı olanların sayını əks etdirir. Daha 4 milyon insan isə düşəndən-düşənə narkotik maddə qəbul edir. Bu hesabla 80 milyonluq İranda hər 13 adamdan birinin narkoman olduğu üzə çıxır.

Yerli səhiyyə işçiləri heç bir sosial zümrənin bu bəladan sığortalanmadığını bildirirlər. Hətta bir sıra din xadimlərinin övladları belə narkodispanserlərin pasiyentləridirlər. Narkotik maddələrin qanunsuz şəkildə dövriyyəsinə nəzarət üzrə dövlət qəraragahında “qadın” sektorunun kuratoru Zəhra Bonianyan həyəcan təbili çalır: “Müntəzəm şəkildə narkotik qəbul edən evli qadınların sayı artır, narkomanların yaş həddi azalır və ali təhslilli adamalar arasında onların səviyyəsi yüksəlir”.

Narkohumanizm

Erkən ölümlərin səbəbləri siyahısında yol-nəqliyyat hadisələrindən sonra məhz qəbul edilən narkotik dozaların həddinin aşılması gəlir. Əksər müstəqil ekspertlər İran hakimiyyətinin əslində bu problemin həllində maraqlı olmadığını bildirirlər. Onlar teokratik rejimin bu yolla ölkə əhalisini, xüsusilə də gəncləri mövcud sosial-iqtisadi və mənəvi-psixoloji problemlərdən yayındırmağa çalışdığını vurğulayırlar.

Bu baxımdan, hələ 5 il əvvəl İran parlamentinin narkotik vasitələrin qanunsuz ticarətinə görə ölüm cəzasının tətbiq edilməsi şərtlərini xeyli yumşaltması çox şeylərdən xəbər verir. Bu qanuna əsasən, əgər əvvəl 30 qram heroin, kokain və amfetamin istehsalına və yayılmasına görə ölüm cəzası nəzərdə tutulurdusa, indi həmin rəqəm 2 kq-dək artırıldı. Marixuanaya və tiryəkin həcminə görə cəza hökmünün şərti isə 5 kq.-dan 50 kq-a çatdırıldı. Həbs zamanı müqavimət göstərən və uşaqları narkotik maddələr satmağa məcbur edən narkokartel rəhbərləri və narkotacirlərə ölüm cəzası saxlanılsa da, digərlərinə 30 illik həbs cəzası və böyük həcmdə cərimə tətbiq ediləcək.


Əksər hallarda sıradan bir cinayətə qarşı ölüm hökmü çıxaran İslam ölkəsinin narkotrafiklə məşğul olan cinayətkarlara belə humanist yanaşması çox maraqlıdır. İran hökuməti artıq ölüm cəzasının da narkotacirləri qorxutmadığı üçün bu addımı atmaq məcburiyyətində qaldığını bildirsə də, Tehranın bu mərəzi digər ölkələrə yaymaq cəhdləri tam başqa məqamlardan xəbər verir. Belə ki, beynəlxalq narkotraifklə məşğul olmaq müstəvisində İran hökumətinin yerli narkobaronlarla yeni anlaşmaya getdiyi reallığı üzə çıxır.

İran narkotrafikindən heç kim sığortalanmayıb

Müasir dövrün qlobal problemlərindən biri olan beynəlxalq narkotrafikə qarşı mübarizə sözsüz ki, birgə səylər tələb edir. Narkokartellərin cinayətkar şəbəkəsinə qarşı başqa cür effektiv mübarizə mexanizmi yaratmaq mümkün deyil. Rusiya Federal Təhlükəsizlik xidmətinin Sərhəd idarəsinin Ermənistandakı qüvvələrinin İran-Ermənistan sərhəddində son vaxtlar yaşanan gərginliklə bağlı narahatlığı bu əməkdaşlığını vacibliyindən xəbər verir.

Verilən məlumatda son vaxtlar İran-Ermənistan sərhədində narkotik maddələrin daşınması, habelə terrorçu və ekstremist qruplaşmaların qanunsuz şəkildə hərəkəti cəhdlərin artdığı vurğulanır. Bu cəhdlərin əksəri sərhədin Meğri rayonu istiqamətində yaşanır. Ötən il həmin istiqamətdə rusiyalı sərhədçilər İrandan Ermənistana keçmək isəyən iki yaraqlını saxlayıblar.

Bu ilin fevralında isə Türkmənistanın paytaxtı Aşqabadda hüquq-mühafizə orqanları İrandan narkotrafiklə mübarizə çərçivəsində keçirilən xüsusi əməliyyat zamanı 30-a yaxın adam tutublar. Əməliyyatdan bir qədər əvvəl İrandan 300 kq narkotik maddənin keçirildiyi barədə Türkmənistanın hüquq-mühafizə orqanlarına məlumat daxil olmuşdu.

Maraqlıdır ki, 2021-ci ilin mayında Türkmənistanın o vaxtkı preizdenti Qurbanqulu Berdımühəmmədov həbs cəzasına məhkum olunmuş 3 iranlı narkodileri Tehrana qaytarmışdı. Amma görünür, İranın narkotrafik siyasəti ilə mübarizədə belə humanizm və sentimentallıq işə yaramır. Bu məsələdə kollektiv şəkildə daha sərt tədbirlərə ehtiyac var.

Sahil İsgəndərov, politoloq
AzVision.az



Teqlər:   İran   Narkotrafik  





Xəbər lenti